Sevinc Vaqifqızının həbsi dünya üzrə diqqətə saxlanılmalı “Ən Təcili 10” hadisədən biri sayılıb

Sevinc Vaqifqızının həbsi dünya üzrə diqqətə saxlanılmalı “Ən Təcili 10” hadisədən biri sayılıb
1 May 2025
Mətni dəyiş

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının adı öz ölkəsində təqib olunan jurnalistlərin "10 Most Urgent" (“Ən Təcili 10”) siyahısına salınıb.

Siyahı Vahid Azad Mətbuat Koalisiyası tərəfindən 3 may – Dünya Mətbuat Azadlığı Günü üçün hazırlanıb.

Bu siyahı həqiqəti deməyə çalışan və buna görə həbs olunan jurnalistlərə diqqət çəkmək məqsədi daşıyır.

Sözügedən “Ən təcili 10” hadisə hökumətlərin jurnalistikanı cinayətləşdirmək, medianı susdurmaq və ictimaiyyətdən məlumatı gizlətmək cəhdlərini üzə çıxarır.

Siyahı Jurnalistləri Müdafiə Komitəsi (CPJ), Beynəlxalq Qadın Mediası Fondu (IWMF) və Sərhədsiz Reportyorlar (RSF) ilə əməkdaşlıq çərçivəsində tərtib olunur.

CPJ-nin məlumatına görə, 2024-cü ilin sonuna olan statistikaya əsasən, dünyada 361 jurnalist həbsdə olub. 2023-cü ildə bu rəqəm 320 idi.

2024-cü ilin avqustunda Koalisiya siyahıda ilk sıralarda yer alan iki amerikalı jurnalist—Evan Gerşkoviç və Alsu Kurmaşevanın Rusiya həbsindən azad olunmasını qeyd edib.

Builki siyahıda Honq Konqdan 77 yaşlı media sahibkarı, Britaniya vətəndaşı Cimmi Ley, Myanmadan sənədli film rejissoru Şin Deve, Filippindən jurnalist Frençi Mey Kumpio, Vyetnamdan Fam Zoan Çanq, Belarusdan “Azadlıq Radiosu”nun jurnalisti İqar Losik, Azərbaycandan “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı, Rusiyadan “Azadlıq Radiosu”nun Ukrayna xidməti ilə əməkdaşlıq etmiş Vladislav Yesipenko, Çindən Li Yanhi, Qırğızıstandan Maxabat Tajibek kızı, Azamat İşenbekov və Ayke Beyşekeyeva, Türkiyədən Yoakim Medin yer alıb.

Bu jurnalistlər terrorçu fəaliyyəti maliyyələşdirməkdən tutmuş, kütləvi iğtişaşların təşkilinədək maddələrdə ittiham olunublar. Onlar ittihamları rədd edirlər.

Siyahıda Sevinc Vaqifqızı ilə bağlı yazılır:

“2023-cü ildən etibarən Azərbaycan müstəqil mətbuata qarşı ciddi təzyiqlər həyata keçirir. Bu müddət ərzində korrupsiyaya qarşı araşdırmaları ilə tanınan “Abzas Media” nəşrinin baş redaktoru Sevinc Vaqifqızı da daxil olmaqla, azı 16 jurnalistə qarşı cinayət işi açılıb. Sevinc Vaqifqızı və Abzas Media-nın daha beş əməkdaşı həbs edilib və o, Qərb donorlarından qeyri-qanuni şəkildə maliyyə yardımı almaqda ittiham olunaraq, çoxsaylı maliyyə cinayətləri ilə əlaqəli şəkildə “dəhşətli şəraitdə” saxlanılır. Polis Abzas Media-nın ofisində aparılan axtarış zamanı 43,000 dollardan çox pul tapıldığını iddia edib. Vaqifqızı və həmkarları ittihamları rədd edir və bu işin “Abzas Media”nın ictimai şəxslərin var-dövləti ilə bağlı dərc etdiyi korrupsiya araşdırmalarına cavab olaraq, qisas məqsədi daşıdığını bildirirlər.

“Bu iş qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, vergi yayındırılması və ya sənəd saxtakarlığı ilə bağlı deyil, bu, sadəcə olaraq, həqiqətə dözümsüzlükdür.” – deyə 35 yaşlı Vaqifqızı 2025-ci ilin martında keçirilən məhkəmə iclasında bildirib.

Jurnalistlər 12 ilədək azadlıqdan məhrum edilə bilərlər”.

Vahid Azad Mətbuat Koalisiyası siyahıdakı şəxslərə dəstək olmaq üçün kollektiv çağırış edib.

Azərbaycan hökuməti ölkədə heç bir jurnalistin peşə fəaliyyətinə görə təqibə məruz qalmadığını, fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını deyir. Amma beynəlxalq insan haqları təşkilatları, Qərb diplomatları da hökuməti haqsız tutulanları azad etməyə çağırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun