Saxlanılarkən zorakılığa məruz qalan Ülviyyə Əlinin şikayəti prokurorluğa göndərilib

Saxlanılarkən zorakılığa məruz qalan Ülviyyə Əlinin şikayəti prokurorluğa göndərilib Foto: Fərqanə Novruzova
12 May 2025
Mətni dəyiş

“Meydan TV işi” çərçivəsində həbs edilən jurnalist Ülviyyə Əlinin (Quliyeva) saxlanılarkən üzləşdiyi zorakılıqlarla bağlı şikayətinin prokurorluğa göndərildiyi bildirilib.

“Azadlıq Radiosu” yazır ki, bu barədə jurnalistin yaxınları məlumat veriblər.

Bildirilib ki, Ülviyyə Əli mayın 7-də Xətai rayon Məhkəməsində həbs qərarı verilən iclasda çıxışı zamanı insan ləyaqətini alçaldan davranışlara məruz qaldığını deyib.

“Ülviyyə polislərin bu davranışlarını məhkəmədə danışıb. Hakim də qərar verib ki, prokurorluq zorakılıq şikayətini araşdırsın”,  - jurnalistin yaxınları bildiriblər.

O da qeyd edilib ki, saxlanılarkən başına zərbələr vurulduğuna görə, jurnalistin səhhətində ciddi problemlər yaranıb. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ülviyyə Əlinin kəskin baş ağrılarından, ürək bulantılarından əziyyət çəkdiyi və təcili müayinəyə ehtiyac duyduğu deyilir.

Jurnalist Ülviyyə Əli mayın 6-da saxlanılıb. Ertəsi gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın qərarı ilə onun haqqında 1 ay 29 gün həbs qətimkan tədbiri seçilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ülviyyə Əli özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun