PKK (Kürd Fəhlə Partiyası) özünü buraxdığını bəyan edib. Təşkilat həmçinin Türkiyə ilə 40 ildən artıq davam edən münaqişənin başa çatdığını açıqlayıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyə, Avropa İttifaqı və ABŞ-nin terrorçu təşkilat kimi tanıdığı PKK 1984-cü ildən bəri Türkiyə ilə silahlı qarşıdurmadadır və Türkiyə kürdləri üçün muxtariyyət tələb edir.
“Kürd Fəhlə Partiyası olaraq fəaliyyətimizi başa vurduq,” – deyə partiyanın 12-ci qurultayının yekun bəyannaməsində bildirilir.
Bəyanatda həmçinin vurğulanır ki, kürd məsələsi artıq demokratik siyasət vasitəsilə həll edilə biləcək bir mərhələyə çatıb.
Məlumata görə, partiyanın yekun qurultayında 232 üzv iştirak edib.
2025-ci il martın 1-də PKK Türkiyə ilə atəşkəs elan edib. Fevralın 27-də həbsdə olan partiya lideri Abdullah Öcalan tərəfdarlarını silahları yerə qoymağa çağırıb. O, partiya rəhbərliyini təşkilatın buraxılması məqsədilə qurultay keçirməyə dəvət edib.
Mesajı kürd və türk dillərində Öcalanı ziyarət edən DEM kürd partiyasının siyasətçiləri səsləndirib, “Azadlıq Radiosu” bildirib.
Öcalan həmçinin Türkiyə rəhbərliyinə müraciət edərək “etnik azlıqlara, ifadə azadlığına və demokratik özünüidarə hüququna hörmət göstərməyə” çağırış edib.
Abdullah Öcalan 1999-cu ildən bəri İmralı adasında həbsdə saxlanılır. Məhkəmə onu dövlətə xəyanətdə təqsirli bilib.
"Reuters”in yazdığına görə, müxtəlif hesablamalara əsasən, PKK ilə Türkiyə arasında baş vermiş silahlı qarşıdurmalar nəticəsində təxminən 40 min nəfər həlak olub.
Bu itkilərə həm PKK nümayəndələrinin hərbi və mülki obyektlərə hücumları, həm də Türkiyənin təşkilata qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı baş verən ölümlər daxildir.