Məhbus təcili əməliyyat üçün ondan 1200 manat tələb edildiyini deyir

Məhbus təcili əməliyyat üçün ondan 1200 manat tələb edildiyini deyir
14 May 2025
Mətni dəyiş

Məhbus Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Ombudsman Səbinə Əliyevaya müraciət edib

“Təcili əməliyyat olunmalıyam, amma Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi mənə deyir bura yetimxana deyil, 1200 manat pul verməlisən”.

Bu sözləri bir ildən çoxdur ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Ülvi Məmmədov deyir.

O, həbsxanadan “Abzas Media”ya göndərdiyi məktubda yazır ki, 6 ay əvvəl istintaqın qərəzli getməsinə etiraz olaraq 3 ədəd qaşıq udub. Onun sözlərinə görə, bu qaşıqların ikisi bədənindən xaric olunub, ancaq biri ilişərək qarnında qalıb.

“19 aprel 2025-ci il tarixində vəziyyətimin ağırlaşması ilə əlaqədar əməliyyat olunmaq üçün məni Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürdülər. Orada iki həftə müayinə olunduqdan sonra müəssisənin rəisi və baş həkimi məni çağırıb 200 manat yatdığım çarpayıya, 1000 manat isə əməliyyat üçün məndən pul tələb etdilər. Mən yetim uşaq olduğumu və pulumun olmadığını bildirdim. Cavab olaraq oranın yetimxana olmadığını dedilər. “Pulun yoxdursa, burada nə işin var?”" -, məhbus məktubda hadisələri belə təsvir edir.

Ülvi Məmmədov yazır ki, bu dialoqdan sonra onu əməliyyat etməyəcəklərini və təcridxanaya qaytaracaqlarını bildiriblər. O isə daha üst qurumlara şikayət edəcəyinin xəbərdarlığını edib.

“Cavab olaraq Penitensiar Xidmətin Müalicə Müəssisəsinin Azərbaycan Respublikası qanunları ilə idarə olunmadığını, oranın prezidentinin Mayıl Məmmədov, baş nazirinin isə baş həkim olduğunu dedilər: 

“Ürəyin kimə istəyir, get, şikayət et””, - o, məktubunda yazır.

Ülvi Məmmədov deyir ki, mayın 3-də onu yatdığı zaman yuxudan oyadıb, qoluna qandal vuraraq zorla təcridxanaya qaytarıblar. 

"Hörmətli Səbinə xanım, Fuad Ələsgərov müəllim, sizdən xahiş edirəm, bu yazdıqlarımı araşdırasınız. Mənim vəziyyətim gündən-günə ağırlaşır, qanaxmalarım var, tez bir zamanda pulsuz əməliyyat olunmağıma köməklik edəsiniz", - o, Fuad Ələsgərova və Səbinə Əliyevaya müraciət edib.

Penitensiar Xidmətin Müalicə Müəssisəsi məhbuslarla bağlı məlumatları bir qayda olaraq yalnız onların yaxınlarına verə biləcəklərini deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun