“Qaçaqmalçılar Azərbaycanın sərvətlərini Avropaya, Amerikaya daşıyanlardır”
Mayın 15-də müstəqil internet televiziyası olan “Meydan TV”nin yaranmasının 12-ci ili tamam olub.
Azərbaycan prezidenti və yaxın ətrafı da daxil olmaqla yüksək çinli məmurlarla bağlı korrupsiya araşdırmaları dərc edən, sosial-ictimai proqramlar hazırlayan “Meydan TV”nin 7 əməkdaşı 5 aydan çoxdur həbsdədir.
Media orqanının baş redaktoru Aynur Elgünəş 12 yaş münasibətilə ictimaiyyətə məktub ünvanlayıb. O, bir sıra məsələlərə aydınlıq gətirib. “Abzas Media” məktubu olduğu kimi təqdim edir:
“Mayın 15-də Meydan TV-nin 12 yaşı tamam olur. Azərbaycan hakimiyyəti “Meydan TV işi” üzrə həbs edilənlərin sayını 11 nəfərə çatdırdı. Uğurları legionerlər hesabına yaratdığı komandalara bağlı olan hakimiyyət bu dəfə də ənənəsinə sadiq qalıb. Bu gün bizimlə birgə həbsə məhkum edilən Ülvi Tahirov, Fatimə Mövlamlı, Nurlan Libre, Ülviyyə Əli də hakimiyyətin zorla yaratmağa çalışdığı cinayətkar dəstənin “legionerləri”dir. Yəni, bu şəxslərin Meydan TV ilə heç bir bağlılığı yoxdur, ancaq hakimiyyət zorla onlardan “Meydançı” düzəldir.
Mən bu media orqanının baş redaktoru kimi bir daha bəyan edirəm, adlarını çəkdiyim şəxslərin heç biri Meydan TV-nin işçisi olmayıb və deyil.
Ülvi Tahirov mənim dostum, canımın bir parçasıdır. Adamın yeganə günahı Meydan TV-nin baş redaktoru ilə yaxınlıq etməsidir. Halbuki, o, heç vaxt mənim və rəhbərlik etdiyim orqanın mövqeyini qəbul etməyib, hakimiyyətin dəstəkçilərindəndir. Bu fərqliliyimiz dəfələrlə aramızda ciddi mübahisələrə səbəb olub. İndi belə bir şəxsin adının Meydan TV ilə hallanması vicdansızlıqdan, qərəzdən başqa bir şey deyil. Jurnalist olmayan, redaktorluq etməyən, həyatı boyu 1 gün belə hansısa media orqanında çalışmayan, sosial şəbəkə istifadəçisi belə olmayan Ülviyə hakimiyyət Meydan TV-də hansısa vəzifəni verib, bilmirəm.
Fatimə Mövlamlı, Nurlan Libre müstəqil, bacarıqlı reportyorlardır. Ancaq heç biri Meydan TV-nin işçisi olmayıb və deyil.
Fatimə Mövlamlının evinə polis tərəfindən qoyulan və sonra Meydan TV-nin adına yazılan valyuta isə əməliyyat üçün ayrılan vəsaitdir, bizə məxsus deyil.
Tək bir faktı deyim! Avro ilə maraqlanan hər kəs bilir ki, 500-lük əskinaslar dövriyyədən çıxarılıb, xüsusilə Avropa bankları bu əskinasları vermir. Azərbaycanda isə hələ proses yeni başlayandan 500-lüklər valyutadəyişmə məntəqələri tərəfindən qəbul edilmirdi. Belə olan halda Fatimə Mövlamlının evindən “tapılan” 500-lük necə Meydan TV-yə məxsus ola bilər? Şəxsən mən sonuncu dəfə neçənci ildə o əskinası gördüyümü xatırlamıram.
Ülviyyə Əliyə gəlincə tanıyan hər kəs bilir ki, o, “Amerikanın Səsi” radiosunun əməkdaşı olub və Meydan TV-yə heç bir işgüzar bağlılığı yoxdur. Üstəlik o həbs olunarkən fiziki zorakılığa məruz qalıb, şəxsiyyətini alçaldacaq şantaja məruz qaldığını deyir.
Meydan TV ilə bağlı cinayət işi hələ açıqdır və daha kimlərin qəzəbə tuş gəlib sıralarımıza qatılacağı məlum deyil. Baş redaktor olaraq təkrar edirəm, ölkədə hazırda azadlıqda olan heç bir işçimiz yoxdur. Məşhur misalda deyildiyi kimi, cinayət işi açıqdı, sizin abrınıza nə gəlib?!
Əminliklə deyirəm qaçaqmalçılıq ittihamı saxtadır, bizi susdurmaq üçün nəzərdə tutulan vasitədir və işə yaramayacaq. Bizim yeganə “cinayətimiz” əqidəmizdir. Hakimiyyətin mirzəsi, tezislə işləyəni olmadığımız üçün hədəfdəyik. Bu adamları tutmaqla əlində kamera olan heç bir jurnalisti görmək istəmədiklərini göstərirlər. Əslində elə əlaqəsiz adamların bir cinayət işi çərçivəsində həbsi bunu göstərir.
Qaçaqmalçılar Azərbaycanın sərvətlərini bəyənmədikləri Avropaya, Amerikaya daşıyanlardır. Adi MSK sədrinin (əslində missiyası adi deyil, ən böyük pisliyə, seçki saxtakarlığına imza atır) varidatının çox cüzi hissəsi bu günlərdə ictimailəşdi. İndi görün ölkənin əsas fiqurlarının, büdcəni idarə edənlərin nələri var. Müstəqil medianın susdurulmasında da məqsəd məhz bu məlumatların ört-basdır edilməsidir.
Hakimiyyətlər, fərdlər dəyişə bilər, əqidə isə yox. Meydan TV heç bir siyasi qrupa bağlı deyil və istənilən şəxsin hakimiyyəti dövründə məqsədi, yolu dəyişməyəcək.
Kənardan biz yanan meşəni dimdiyində gətirdiyi su ilə söndürməyə çalışan bülbülə bənzəyə bilərik. Olsun. Hər halda cəhd etmək yananlara tamaşa etməkdən yaxşıdır.
Jurnalistika cinayət deyil. Biz əqidəmizin məhkumlarıyıq. Həbsimiz şərəfimizdir!
Aynur Elgünəş, Kürdəxanı, May 2025"