Ələsgər Məmmədli: "Onlarla jurnalist, vətəndaş cəmiyyəti fəalı ailəsindən, işindən qoparılaraq həbsdə saxlanılır. Lakin bu, çözüm deyil, ola da bilməz"

Ələsgər Məmmədli: "Onlarla jurnalist, vətəndaş cəmiyyəti fəalı ailəsindən, işindən qoparılaraq həbsdə saxlanılır. Lakin bu, çözüm deyil, ola da bilməz" Foto: İctimai TV
26 May 2025
Mətni dəyiş

“Təcridxananın koridorlarında təsadüfən qarşılaşdığım zaman boynuma sarılan və üzüntüsünü göstərən Sevincin, Nərgizin, Elnarənin məğrur, əyilməz duruşu mənə qüvvət verir, mənəvi güc verir”

“Toplum TV işi” üzrə həbs edilən media qurumunun həmtəsisçisi, media üzrə ekspert Ələsgər Məmmədli saxlanıldığı Bakı İstintaq Təcridxanasından doğum günü ilə bağlı ictimaiyyətə məktub ünvanlayıb.

“Abzas Media” “Meydan TV”yə istinadən məktubu olduğu kimi təqdim edir:

“Artıq 2-ci ildir ki, heç bir suç işləmədiyim və haqqımda heç bir məhkəmə hökmü olmadan doğum günümü həbsdə 4 kv.m-lik hücrədə keçirirəm. Bu, ömrümün 30 ilindən çox sərf etdiyim media azadlığına, jurnalistika peşəkarlığına, təhlükəsizliyinə olan basqılara verdiyim reaksiyaların, hüquq müdafiəsi üçün barışmaz çabalarımın “bədəlidir”.

Ölkədə yüzlərlə jurnalistə media hüququnu, media etikasını, jurnalist peşəkarlığını təlqin və tədris etmək suç yox, qürur duyulacaq haldır. Lakin jurnalistika peşəkarlığına sadiq qalıb, barışmaz şəkildə prinsipiallıq göstərən gənclik övladlarımızın “cəzalandırılaraq” həbsdə çürüdülməsi, 11-12 illik həbslə təhdid edilməsi bir media hüququ mütəxəssisi kimi məni həddindən çox məyus edir. Ölkəmin gələcəyinə olan inamımı dərindən sarsır.

Ağır sağlıq problemlərimə, dayanılmaz ağrılarıma rəğmən, təcridxananın koridorlarında təsadüfən qarşılaşdığım zaman boynuma sarılan və üzüntüsünü göstərən Sevincin, Nərgizin, Elnarənin məğrur, əyilməz duruşu mənə qüvvət verir, mənəvi güc verir. Bütün qorxutmalara, məhrumiyyətlərə baxmayaraq, jurnalistikanın prinsiplərinə sədaqətlə bağlı olduqlarına görə, cəmiyyətin gələcəyinə verdikləri töhfəyə görə bir bədəl ödədiklərini bilir, dik duruşlarını sürdürürlər.

“AbzasMedia”, “Toplum TV”, Meydan TV” və digər xəbər məhbuslarının suçsuzluğuna özüm kimi əminəm. Onlarla jurnalist, vətəndaş cəmiyyəti fəalı, hüquq müdafiəçisi cəmiyyətdən, ailəsindən, işindən qoparılaraq həbsdə saxlanılır. Lakin bu, çözüm deyil, ola da bilməz. Ölkənin media siyasətinə cavabdeh olanlar yaxşı-yaxşı düşünməli, yeni dönəmin yeni çağırışlarına qulaq verməlidirlər.

Azərbaycan xalqının birlik və bərabərliyi sayəsində 30 illik problem çözülüb. Qarabağ və ətrafında işğal olan bütün ərazilərdəki işğalçılar qovulub, suverenlik tam bərpa olunub. Bu halda bir toplumsal barışa, humanizmə ciddi ehtiyac var ikən sırf fərqli düşündüyünə, media peşəkarlığına, jurnalistika prinsiplərinə sədaqətlə xidmət etdiyinə, vətəndaş cəmiyyətinə töhfə verdiyinə, hüquq müdafiəsi ilə məşğul olduğuna görə insanları şərləmək, damğalamaq, həbsə atmaq, cəmiyyətdən təcrid etmək yalnışdır. Yeni çağırışlara qulaq asmaq, yeni ağ səhifə açmaq zəruridir. Buna vaxt itirmədən start verilməlidir.

Sonda 2 ildir doğum günümü həbsdə keçirdiyimə görə üzülən, pərişan olan və məni təbrik edən hər kəsə dərin təşəkkürümü çatdırıram. Çox sağ olun!

Ələsgər Məmmədli,

Kürdəxanı təcridxanası

24.05.2025”

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli ötən il martın 8-də saxlanılıb.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Ələsgər Məmmədlidən əlavə jurnalistlər Müşfiq Cabbar və Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov həbs ediliblər.

Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılsa da, bu il yanvarın 17-də ağırlaşlaşdırıcı maddələrlə yeni ittihamlar irəli sürülüb.

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb.

“Toplum TV” bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya basqı kimi qiymətləndirib.

Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs olunanları siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun