Jurnalist Ülviyyə Əli: “Vaxtı uzatmaqla zorakılığın izini silmək olar, amma sağlamlığıma dəyən zərəri yox”

Jurnalist Ülviyyə Əli: “Vaxtı uzatmaqla zorakılığın izini silmək olar, amma sağlamlığıma dəyən zərəri yox” Foto: Sosial Media
27 May 2025
Mətni dəyiş

“Meydan TV işi” üzrə həbs edilən jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanıldığı Bakı İstintaq Təcridxanasında müayinə olunması üçün şərait yaradılmadığını deyir.

O, ictimaiyyətə məktubunda saxlanılan zaman gördüyü işgəncələrin fəsadlarının daha da ciddiləşdiyini qeyd edib.

“2017-ci ildə başımda 4mm olmaqla hipofiz vəzinin yanında mikroadenoma şişi aşkar edilib. Ondan sonra hər il müayinə və müalicə olunmuşam. Zərbələrdən sonra 7 may tarixindən bəri elə bir gün yoxdur ki, başağrısı, ürəkbulanma, başgicəllənməsi, göz qaralması olmadan ötsün. Bu səbəbdən günə 2-3 ədəd ağrıkəsici içirəm, amma bu, səmərəli müalicə üçün kifayət deyil”,- jurnalist yazır.

Ülviyyə Əli deyir ki, onun saxlanılarkən uğradığı zorakılıqla bağlı ekspertiza təyin olunmayıb:

“Zorakılıqdan artıq 20 gün keçib, vaxtı uzatmaqla zorakılığın izini silmək olar, amma mənim sağlamlığıma dəyən zərəri silmək olmur. Çünki özünü başqa formalarda büruzə verir”, - jurnalist bildirir.

Jurnalist ona zorakılıq göstərən, zorlama təhdidi edən heç bir polis əməkdaşının da cəzalandırılmadığını qeyd edir.

“6 may saat 23 radələrində saxlanılmağıma baxmayaraq, protokollarda 7 may 03.50 kimi rəsmiləşdirilib. Evimdə qanunsuz şəkildə vəkilsiz axtarış aparılıb, guya evimdən 6700 avro pul tapılıb. Lakin bu pullar mənə məxsus deyil. Mən, ümumiyyətlə, Azərbaycan manatından da nağd şəkildə istifadə etmirəm. Ələlxüsus, 30-dan çox jurnalistin eyni motivlərlə həbs olunduğu bir ölkədə hətta pul özümə məxsus olsa belə, evdə saxlamaq axmaqlıqdır”,- məktubda qeyd edilir.

Jurnalist Ülviyyə Əli mayın 6-da saxlanılıb. Ertəsi gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın qərarı ilə onun haqqında 1 ay 29 gün həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ülviyyə Əli özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun