Hindistanla Pakistan arasında müharibə başlayıb, mülki əhali arasında itkilərin olduğunu bildirilir

Hindistanla Pakistan arasında müharibə başlayıb, mülki əhali arasında itkilərin olduğunu bildirilir Foto: Newsweek
7 May 2025
Mətni dəyiş

Hindistan mayın 7-də Pakistanın Kəşmir bölgəsini bombalayıb.

Hindistan hökuməti bildirib ki, Pakistan və Pakistanın Kəşmir bölgəsindəki “terrorçu” infrastrukturuna qarşı hərbi əməliyyatlara başlayıblar. Bu barədə “Reuters” məlumat verib.

Hindistan rəsmiləri bu əməliyyatın “Sindoor” adı altında aparıldığını və doqquz obyektin vurulduğunu bildiriblər.

Pakistan Müdafiə Nazirliyi Hindistanın ölkə ərazisindəki obyektlərə raket zərbəsi endirdiyini təsdiqləyib. Zərbələr Kotli, Muzəffərabad və Bahavalpur bölgələrini hədəfə alıb.

Bundan əvvəl, 7 may gecəsi Pakistanın Kəşmir bölgəsində ardıcıl partlayışların baş verdiyi bildirilib.

Tezliklə Pakistan “qisas prosesinə başladığını” açıqlayıb və Hindistana cavab zərbələri endirib. Hindistan isə bildirib ki, Pakistan Kəşmirdə təmas xəttini keçərək artilleriya atəşləri açır.

Bir neçə saat sonra yayılan məlumatlara görə, hər iki ölkə mülki vətəndaş itkisi barədə məlumat verib.

Pakistan Hindistanın raket zərbələri nəticəsində səkkiz nəfərin öldüyünü bildirib və bu hücumu “müharibəyə açıq təxribat” adlandırıb. Daha sonra ölənlərin sayının 26 nəfər olduğu açıqlanıb. Pakistan hakimiyyəti, həmçinin 46 yaralının olduğunu bildirib.

Hindistan da öz mülki vətəndaşları arasında itkilər verdiyini açıqlayıb. 

Ordunun məlumatına görə, Pakistan ordusunun təmas xətti yaxınlığındakı yaşayış bölgəsinə “arbitrar” (hədəfsiz) atəş açması nəticəsində üç mülki şəxs həlak olub. Daha sonra Hindistan 7 nəfərin öldüyünü, 30 nəfərin isə yaralandığını bəyan edib.

Hindistan və Pakistan arasındakı münasibətlər aprelin 22-də Hindistanın nəzarətində olan Kəşmir bölgəsində, Baysaran vadisində turistlərə qarşı silahlı hücumdan sonra kəskin şəkildə pisləşib. Hindistan bu hücumu terror aktı kimi qiymətləndirib.

Hadisə nəticəsində Hindistanın müxtəlif bölgələrindən gələn turistlər və bir Nepal vətəndaşı daxil olmaqla 26 nəfər həlak olub. Hücuma görə məsuliyyəti az tanınan separatçı qrup olan “Müqavimət Cəbhəsi” (“The Resistance Front”) öz üzərinə götürüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun