“Azadlıq Radiosu”nun jurnalisti, “Abzas Media işi” üzrə həbs olunan iqtisadçı Fərid Mehralızadə 3 may-Dünya Mətbuat Azadlığı Günü ilə bağlı məktub yazıb.
Mehralızadə məktubunda qeyd edib ki, Azərbaycanda hakimiyyət qolları, yəni parlament və məhkəmə icraedici orqanın nəzarətindədir. Ölkədə müstəqil media nəinki dördüncü, hətta ikinci hakimiyyət rolunu oynayır.
“Azərbaycanda siyasi partiya və təşkilatlar, eləcə də qeyri-hökumət təşkilatları uzun illərdir ki, ictimai müzakirələrdə aktiv rol almır. Belə bir şəraitdə müstəqil media qurumları uzun illərdir ki, ölkədə demokratik münasibətlərdə bir növ nəfəslik rolunu oynayır. Son iki il ərzində ölkədə jurnalist həbslərinin kütləvi xarakter alması, eləcə də media sahəsində yeni qanunvericilik təşəbbüsləri məhz bu nəfəsliyin də qapadılmasına və son nəticədə ölkədə ictimai münasibətlərin tamamilə yekcins xarakter almasına hesablanıb”, – Fərid Mehralızadə yazır.
Mehralızadənin sözlərinə görə, “həbs olunmaq, xüsusilə də əsassız və qurama ittihamlarla həbs edilmək” bir o qədər də xoş hiss deyil. Ancaq o düşünür ki, siyasi motivli həbslər sadəcə həbs olunan şəxsləri və vətəndaş cəmiyyətini deyil, bütün vətəndaşları narahat etməlidir.
“Müstəqil media orqanlarının fəaliyyət imkanlarının məhdudlaşdırılması siyasi və ictimai mövqeyindən asılı olmayaraq, heç kəsə xeyir gətirməyəcək, bu, son nəticədə cəmiyyətin hər bir fərdinin rifahına mənfi təsir göstərir”.
Jurnalist bir ölkənin inkişaf səviyyəsi qiymətləndirilərkən mətbuat azadlığının da nəzərə alındığını vurğulayır:
“Mətbuat azadlığı hökumətin şəffaflıq və hesabatlığının artmasına, qərarların qəbul edilməsində iştirakçılığın təmin edilməsinə, problemlərin vaxtında işıqlandırılmasına xidmət edən bir anlayışdır… Ona görə də, mən həm arzu, həm də ümid edirəm ki, tezliklə Azərbaycanda müstəqil media orqanlarının fəaliyyət imkanlarını məhdudlaşdıran problemlər aradan qalxsın və media azadlığı günü faciəvi yox, optimist əhval ruhiyyədə qeyd edilsin”.
Fərid Mehralızadə yazır ki, həbs olunmağın ən mənfi tərəflərindən biri informasiya blokadasına düşməkdir.
O, ölkədəki çap mediasının uzun müddətdir ki, sıradan çıxarıldığını qeyd edir və deyir ki, həbs şəraitində internetə daxil olmaq imkanı olmadığından yeganə informasiya mənbəyi telekanallardır:
“Azərbaycanda televiziya kanallarının hansı səviyyədə olması hər kəsə məlumdur. Əminliklə deyə bilərəm ki, əsas fəaliyyət istiqamətlərindən iqtisadiyyat sahəsi başda olmaqla son bir ildə ölkədə baş verən proseslərlə bağlı, demək olar ki, heç bir ciddi informasiya əldə etməmişəm. Yerli telekanalların əksəriyyətinin yayımı sadəcə olaraq bayağı “şou” proqramlarından ibarətdir. Xəbər istiqaməti üzrə ixtisaslaşan telekanallar isə, əsasən, xarici ölkələrlə bağlı xəbərlərə üstünlük verir. Sırf daxili siyasi məsələlərlə bağlı xəbərlər isə birtərəfli xarakter daşıyır və iqtidar partiyasının rəsmi yayım orqanının ritorikası ilə hazırlanır”.
Jurnalist son iki ildə telekanallarda həm siyasi məhbusların, həm də əməkdaşları həbs edilən media orqanlarının əleyhinə mütəmadi olaraq yayımlanan reportajlara diqqət çəkir.
İndiyədək bir dəfə də olsun hansısa müstəqil media ekspertindən və ya insan haqları müdafiəçilərindən bu mövzu ilə bağlı bir açıqlama alınmadığını, ancaq birtərəfli ittihamlar səsləndirildiyini vurğulayır:
“Bu, hər şeydən öncə peşəkar media prinsiplərinə ziddir. Həbs edilmiş şəxslərlə bağlı hər hansı qüvvəyə minmiş məhkəmə hökmü olmadığı halda, həmin şəxslər haqqında “cinayətkar”, “casus”, “agent” kimi absurd və gülməli xitabların işlədilməsi hökumətin nəzarətində olan media orqanlarında peşə etikası ilə bağlı məlumatlılığın aşağı olmasının göstəricisidr. Bu telekanalları izlədikdə onların öz fəaliyyətini eyni mənbədən daxil olan tezislər əsasında təşkil etmələri aşkar görünür. Demək olar ki, hər gün müxtəlif telekanallarda eyni siyasi mövzulara dair eyni sualların, yanaşmaların və hətta bəzən eyni mətnin istifadə edilməsi ilə reportaj və proqramlar hazırlanır. Televiziya kanallarında kommunal problemlər istisna olmaqla, cəmiyyəti narahat edən hansısa mövzuda araşdırma görmək mümkün deyil. Yəni, bu təbliğat və manipulyasiyalar çox bəsit formada aparılır”.
2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “Abzas Media” nəşrinin 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, ötən ilin mayında isə “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə “Abzas Media işi” çərçivəsində həbs edilib.
Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. Ötən ilin avqustunda isə “Abzas Media işi” üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb. İstintaqın irəli sürdüyü əlavə ittihamları da nəzərə alsaq, jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların ləğv olunmasına dair çağırış edirlər.