Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə müdafiə tərəfi Qubad İbadoğlunun məhkəmədə dindirilməsini istəyib
Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən İstanbul Universitetinin doktorantı, iqtisadçı alim Fazil Qasımovun işi üzrə apellyasiya mərhələsində ilkin baxış iclası keçirilib.
"Abzas Media"ya bu barədə onun yaxınları məlumat verib.
Bildirilib ki, mayın 22-də Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyilə keçirilən prosesdə məhkəmə tərkibinə etiraz təqdim edilib.
Fazil Qasımov bildirib ki, məhkəmə tərkibinin qərəzli olduğunu düşünür. Ancaq vəsatət baxılmamış saxlanılıb.
Məhkəmədə çıxış edən Fazil Qasımov bildirib ki, bir müddətdir ki, “ölüm aclığı edir”.
O, mayın 10-da aclığa başladığını və buna görə də mayın 21-də cərimə kamerasına salındığını qeyd edib.
Çıxışını davam etdirən Qasımov hakimlərin diqqətinə çatdırıb ki, onun işi üzrə cinayət təqibini istisna edən əsaslar mövcuddur və həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı müdafiə hüququ pozulub.
"28 fevral 2025-ci il tarixli məhkəmə iclası mənim iştirakım olmadan keçirilib. Həmin gün konvoylar tərəfindən məcburi olaraq məhkəməyə gətirilmişəm və bu, qeyri-insani rəftardır. Son sözlə çıxış etməyimə də imkan verilməyib. Ona görə də iş birinci inistansiya məhkəməsinə qaytarılmalıdır", - Qasımov bildirib.
Vəkil Neymət Kərimli isə bildirib ki, o da bu vəsatəti müdafiə edir. Vəkil vəsatətin təmin edilməməsi və baxış iclasının baş tutacağı təqdirdə məhkəmənin qismən istintaq aparılmaqla keçirilməsini də istəyib.
"Bu işdə adı çəkilən digər şəxslər – Qubad İbadoğlu və Anar Əliyevlə birgə mütəşəkkil dəstə tərəfindən cinayət əməlinin törədilməsindən bəhs edilir. Lakin buna baxmayaraq, Qubad İbadoğlu dindirilməyib, həmin işin icraatı ayrılıb və guya Qubad İbadoğlunun Anar Əliyevlə görüşüb ona pul verməsi barədə kamera görüntüləri həmin işdə saxlanılır. Qubad İbadoğlu dindirilməli, kamera görüntüləri tədqiq edilməlidir. Eyni zamanda, əməliyyat-axtarış fəaliyyəti barədə qeydiyyat jurnalı Bakı Şəhər Baş Polis İdarəsindən alınmalı və işə əlavə edilməlidir", - vəkil bildirib.
Məhkəmə bu vəsatətlərin heç birini təmin etməyib. Proses iyunun 4-nə təxirə salınıb.
Fazil Qasımov bir müddət Türkiyədə yaşayıb. O, 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Azərbaycana gətirilib.
Vəkillər bildiriblər ki, Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Fazil Qasımov məhkəmədə ifadəsində bildirib ki, istintaqda zorakılıq nəticəsində və xüsusi dərmanların təsiri altında Qubad İbadoğlunun əleyhinə saxta ifadəyə imza atmağa məcbur olub. O, ifadəsindən imtina edib və həbsinin siyasi səbəblərdən olduğunu bildirib.
Elə istintaq müddətində İbadoğlu azadlığa buraxılıb və haqqındakı istintaq işi ayrı icraata verilib. Qasımov isə mühakimə olunub. O, bu il martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda 9 il azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.