2024-cü ilin yanvarında Hərbi Hospital istifadəyə veriləndə Prezident İlham Əliyevi Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev qarşılayıb.
Açılışdan bir neçə ay sonra Prezident İlham Əliyevin addımladığı bu dəhlizləri yeni doğulan körpələrin səsləri bürüyüb. Hərbi hospitalda yerləşən doğum şöbəsinin rəisi və mama-ginekoloqu Yeganə Əliyeva həm də Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında fəaliyyət göstərən özəl “Yeganə Rosibebek” klinikasının qurucusudur.
“Abzas Media” bu dəfə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının binasında yerləşən və prezidentin yaxın qohumlarına bağlanan özəl klinikanın fəaliyyətini araşdırıb.
“Yeganə Rosi Bebek” Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü il aprelin 4-də rəsmi qeydiyyata alınıb. Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlardakı dəyişikliklərə əsasən, MMC Yeganə Əliyevanın rəsmi qeydiyyatda olduğu ünvanda qeydiyyatdan keçib.
Əsas məqsədi cütlüklərin qarşılaşdığı reproduktiv problemlərin aradan qaldırılması olan bu özəl klinika əvvəlcə Dövlət Sərhəd Xidmətinin Həsən Əliyev 106 ünvanında yerləşən poliklinikasının binasında fəaliyyət göstərib.
Müayinə və müalicə elə orada, doğum isə mərkəzi hospitalda həyata keçirilib.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında “Yeganə Rosi Bebek” MMC-nin passiv vergi ödəyicisi olduğu yazılıb. Passiv vergi ödəyiciləri gəlir əldə etmədiklərinə görə vergi vermirlər. Amma “Yeganə Rosi Bebek” klinikası həm işləyir, həm də gəlir əldə edir.
Klinikanın aktiv tibbi fəaliyyət göstərməsini yalnız sosial media hesablarına yerləşdirilən paylaşımlardan deyil, həmçinin televiziya verilişlərinə verdikləri reklamlardan da görmək olur.
Məsələn, “Xəzər TV”də yayımlanan verilişlərdən birinin baş sponsoru da elə məhz Yeganə Rosi Bebek klinikası olub.
Dövlət reyestri məlumatlarında gəliri olmadığına görə vergi ödəmədiyi qeyd olunsa da, Yeganə Rosi Bebek klinikasının bir televiziya verilişinə baş sponsorluq edə biləcək qədər maliyyə vəsaitinə necə sahib olması sual doğurur.
Müayinə məqsədilə “Yeganə Rosi Bebek” klinikasının “whatsapp” nömrəsinə göndərdiyimiz mesaja gələn cavabda görüş günü və saatları təklif olunub. Həmçinin hərbi hospital daxilində fəaliyyət göstərən “Yegane Rosi Bebek” müalicə mərkəzində həkim qəbulunun 70 manata başa gəldiyi yazılıb.
“Abzas Media” klinika ilə əlaqə saxlayıb görüş istəyərkən bildirilib ki, müəssisədə göstərilən tibbi xidmətlərə görə ödənişlər yalnız nağd şəkildə qəbul olunur.
Müalicə müəssisəsi DSX-nın poliklinikasında fəaliyyət göstərən zaman edilən çəkilişlərdə də ödənişin nağd şəkildə alındığı görünür.
Sözügedən video klinikanın vergi ödəyicisi kimi çekin verilməsi üçün E-kassa nəzarət qurğu mexanizmi ilə təchiz edilmədiyini göstərir.
Vətəndaşa rəsmi qəbz verməkdən imtina edən “Yeganə Rosi Bebek” klinikasının faəliyyət statusu passiv göstərildə də, o, faktiki sahibkarlıq fəaliyyətini davam etdirib. Belə olan halda klinika Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, vergi orqanına hesabat verməli, vergi orqanı isə bu hesabat məlumatlarını yoxlamalıdır. Çünki Cinayət Məcəlləsinin 213-cü maddəsində vergidən yayınmaya görə məsuliyyət nəzərdə tutulur.
213.1. Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma
cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
“Yeganə Rosi Bebek” klinikasının adını və VÖEN nömrəsini onlayn lisenziya portalında axtaranda da hər hansı məlumata rast gəlinmir. Halbuki “Lisenziya və İcazələr haqqında” qanuna görə, özəl tibbi fəaliyyət üçün lisenziya tələb olunur.
Səhiyyə Nazirliyindən “Yeganə Rosi Bebek” klinikasının lisenziyaya malik olub-olmaması ilə bağlı sualımıza cavabda bildirilib ki, müəssisənin fəaliyyəti üçün lisenziyanın verilməsi bu qurumun səlahiyyəti xaricindədir, tibbi fəaliyyət üçün lisenziyaları İqtisadiyyat Nazirliyi verir. İqtisadiyyat Nazirliyi isə “Abzas Media”nın bu haqda sorğusuna video dərc olunanadək cavab verməyib.
“Özəl tibbi fəaliyyət haqqında” Qanuna əsasən, özəl tibb müəssisəsi qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər.
Klinikanın instagram səhifəsində dərc olunan videoların birində “Yegane Rosi Bebek” müalicə müəssisəsinin Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi ilə fəaliyyət göstərdiyi bildirilib.
Video bir müddət sonra klinikanın instagram hesabından silinib.
Yeganə Əliyevanın klinikanın saytında yerləşdirilən tərcümeyi halında onun 2009-2015-ci illərdə “Nigar klinikası”nda həkim və direktor vəzifəsində çalışdığı yazılıb. Əliyevanın bu klinikaya bağlılığını kommersiya qurumlarının reyestr məlumatları da təsdiqləyir. Yeganə Əliyeva 2013-cü ilin dekabrında “Nigar klinikası” MMC-nin hüquqi nümayəndəsi olub.
Bu klinikanın təsisçisi Prezident İlham Əliyevin əmisi oğlu İlqar Əliyevdir. O, klinikanı iş ortağı, vaxtilə birinci ailəyə yaxınlığı ilə tanınan professor Şahbaz Şahbazovla birgə qurmuşdu. Şahbazov payçısı olduğu Nigar klinikasına basqından bir müddət sonra Türkiyəyə sığınıb.
Araşdırma aparılan müddətdə Yeganə Əliyeva klinikanın passiv vergi ödəyicisi olduğu halda sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı suala aydınlıq gətirməyib.
“Abzas Media” araşdırma aparılan müddətdə Yeganə Əliyevadan özəl klinikanın fəaliyyəti ilə bağlı açıq qalan suallara cavab ala bilməyib.
Bəs, Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalının binasında özəl tibb müassisəinin fəaliyyətinə qanunla icazə verilirmi?
“Özəl tibbi fəaliyyət haqqında” Qanunun 15-ci maddəsinə əsasən, özəl tibbi praktika ilə məşğul olan şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan əmlakı, o cümlədən bina, qurğu və avadanlıqları yalnız müvəqqəti istifadəyə götürə bilərlər. Klinika isə iki ildir Dövlət Sərhəd Xidmətinin binasında fəaliyyət göstərir.
Dövlət Sərhəd Xidmətinin.Əsasnamənin 9.27-ci bəndinə görə, Dövlət Sərhəd Xidməti qurumun hərbi qulluqçularının, işçilərinin, pensiyaçılarının, həmçinin onların ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər tədbirləri həyata keçirir. Əsasnamədə qurumun kommersiya fəaliyyəti ilə məşğul olması nəzərdə tutulmayıb.
Dövlət Sərhəd Xidməti özəl “Yegane Rosi Bebek” klinikasının hərbi hospitalın binasından, avadanlıqlarından, eləcə də digər resurslarından istifadəsi ilə bağlı suallara video dərc olunanadək cavab verməyib.
Araşdırma: Əfqan Muxtarlı