“Amnesty International” bütün səfirlikləri "Abzas Media"nın 13 maydakı məhkəməsində iştiraka çağırıb

“Amnesty International” bütün səfirlikləri "Abzas Media"nın 13 maydakı məhkəməsində iştiraka çağırıb
12 May 2025
Mətni dəyiş

“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı “Abzas Media”nın həbsdə olan əməkdaşı Nərgiz Absalamovanın kampaniyası çərçivəsində bəyanat yayıb.

Təşkilat yaydığı bəyanatla Azərbaycanda fəaliyyət göstərən bütün səfirlikləri "Abzas Media"nın 13 mayda keçiriləcək növbəti məhkəmə  prosesində iştirak etməyə çağırıb.

“Nərgiz Absalamova və onun “Abzas Media”dakı həmkarları 2023-cü ilin noyabrından etibarən həbsdədirlər. Biz hakimiyyəti onlara və digər jurnalistlərə qarşı irəli sürülmüş bütün ittihamları ləğv etməyə, eləcə də səfirlikləri 13 mayda keçiriləcək növbəti məhkəmə iclasında iştirak etməyə çağırırıq", - bəyanatda qeyd olunub.

2024-cü ilin noyabrından etibarən “Amnesty International” təşkilatı həbsdə olan jurnalist Nərgiz Absalamova ilə bağlı kampaniya aparır və onun azad edilməsinə çağırış edir.

2023-cü ilin noyabrın 20-dən başlayaraq “Abzas Media”nın 6 əməkdaşı həbs edilib. Daha sonra “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə də bu iş üzrə cinayət məsuliyyətinə cəlb olunub. Onlar qaçaqmalçılıq və maliyyə cinayətlərini əhatə edən başqa ağır maddələrlə ittiham olunurlar.

Jurnalistlər özləri ittihamları rədd edir.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bildirir ki, “Abzas Media” prezident və ətrafı da daxil olmaqla, yüksək vəzifəli məmurlarla bağlı korrupsiya araşdırmalarına görə hədəfə gəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun