İstintaqın hökumət mediasında "sənəd" kimi təqdim etdiyi kağızların heç biri məhkəmədə tədqiq edilməyib
Mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə "Abzas Media işi" üzrə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda vəkillərin çoxsaylı vəsatətləri təmin edilməyib.
Əvvəlcə "Abzas Media"nın ofisində keçirilən axtarış-götürmə əməliyyatının görüntüləri izlənilib. Təqsirləndirilən şəxslər görüntülərə baxış zamanı ofisə pulu qoyan şəxsin axtarış zamanı əməliyyat qrupunda olan, lakin adı yekun protokolda qeyd edilməyən polis olduğunu iddia ediblər və onun dindirilmək üçün məhkəməyə gətirilməsini tələb ediblər.
Elçin Sadıqov əlavə edib ki, iş üzrə təqsirləndirilən Məhəmməd Kekalovun evində axtarış aparılan zaman 2 hal şahidi olub, onlar dindirilməlidirlər.
Bundan əlavə, Ülvi Həsənli 2023-cü il noyabrın 20-si səhər saatlarında saxlanılarkən zorakılığa məruz qaldığını deməyinə baxmayaraq, həmin gün onu hava limanına aparan taksi sürücüsü əksini iddia etdiyinə görə, vəkil Elçin Sadıqov onun da məhkəmədə dindirilməsini tələb edib. Hakim bunlar daxil olmaqla heç bir vəsatəti təmin etməyib.
Bundan sonra, vəkil Elçin Sadıqov Məhəmməd Kekalova sual verib ki, istintaq materialında onun kompüterindən sənədlər çıxdığı bildirilib. Bu, nə qədər doğrudur? Kekalov isə bu iddianı rədd edib və onun kompüterində ümumiyyətlə sözügedən sənədlərin olmadığını bildirib.
Daha sonra, iş üzrə təqsirləndirilən iqtisadçı Fərid Mehralızadə çıxış edib. O bildirib ki, həbs olunanda müstəntiqlər ona əleyhinə ifadə olduğunu deyiblər. Amma iş materiallarından ortaya çıxıb ki, onun haqda bir dənə də sübut və ya ifadə yoxdur. Məlum olub ki, müstəntiqlər Məhəmməd Kekalovdan Mehralızadənin əleyhinə saxta ifadə almağa çalışıblar, o isə imtina edib. Fərid Mehralızadə 7 aydır günahsız olaraq həbsdə saxlanıldığını bildirib.
Proses zamanı təqsirləndirilən Hafiz Babalı da söz alaraq saxlanılma anından danışıb. Jurnalist bildirib ki, istintaq materiallarında Bakı Şəhər Baş Polis İdarəsinə özünün gəldiyi və ifadə verdikdən sonra həbs edildiyi qeyd edilsə də, o, evindən işinə gedərkən, Azərbaycan Dəmiryol Vağzalında zorakılıqla saxlanılıb.
Daha sonra, hakim Rasim Sadıxov məhkəmə istintaqının yekunlaşdığı elan edib. Prokuror Rauf Malışov çıxış üçün vaxt istəyib.
Növbəti məhkəmə prosesi mayın 20-nə təyin edilib.