Mayın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Abzas Media işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Rasim Sadıxovun sədrliyilə keçirilən prosesdə bütün sənədlər elan olunmuş hesab olunub.
Daha sonra təqsirləndirilən Elnarə Qasımova və Nərgiz Absalamovanın vəkilləri digər təqsirləndirilən şəxs Məhəmməd Kekalova sual ünvanlayıblar. Belə ki, iş üzrə sənədlərdə qeyd olunub ki, guya Elnarə Qasımova, Hafiz Babalı və Nərgiz Absalamova qaçaqmalçılıqla əldə olunan vəsaitləri ölkə daxilində leqallaşdırıblar.
Məhəməmməd Kekalov isə bununla bağlı suala cavabında bildirib ki, istintaqa belə ifadə verməyib və ümumiyyətlə bu sözləri ilk dəfə eşidir. Kekalov əlavə edib ki, o, sadəcə qarşısına qoyulan sənədləri imzalayıb.
Məhkəmə mayın 16-na təxirə salınıb.
2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “Abzas Media” nəşrinin 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, ötən ilin mayında isə “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə “Abzas Media işi” çərçivəsində həbs edilib.
Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. Ötən ilin avqustunda isə “Abzas Media işi” üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb. İstintaqın irəli sürdüyü əlavə ittihamları da nəzərə alsaq, jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların ləğv olunmasına dair çağırış edirlər.