“European Press Prize”ın xüsusi mükafatı “Abzas Media” və “Forbidden Stories”in də aralarında olduğu 40-a yaxın jurnalistin iştirak etdiyi “Baku Connection” layihəsinə verilib.
“Forbidden Stories” platformasının koordinasiyası ilə 15 media qurumundan 40 jurnalist Azərbaycanda həbs edilmiş həmkarlarının işini davam etdirib. Hazırda həbsxana divarları arxasında olan “Abzas Media” əməkdaşları ölkədə hakim Əliyev rejiminin korrupsiya, ətraf-mühit çirkliliyi və insan haqları məsələlərini araşdıran sonuncu jurnalistlərdən olublar.
“Baku Connection” layihəsində “Abzas Media”dan başqa, “Der Standard”, “d'Lëtzebuerger Land”, “France 24”, “IRPI”, “Knack”, “Le Monde”, “Le Soir”, “NRC”, “OCCRP”, “Paper Trail Media”, “Radio France”, “RFI”, “RTS”, “Tamedia”, “The Guardian”, “ZDF” kimi nüfuzlu media qurumlarının jurnalistləri yer alıb.
Layihənin birinci hissəsi 2024-cü il fevralın 1-də – Azərbaycanda prezident seçkilərindən öncə nəşr olunub. “Baku Connection” konsorsiumu Azərbaycan həbsxanalarında idarəçilik problemlərini və ölkənin qərbində yerləşən Gədəbəy rayonundakı qızıl mədənində aparılan işləri araşdırıb.
İkinci hissə 2024-cü il 20 fevralda, seçkilərdən sonra dərc edilib. Bu bölüm Azərbaycanın seçki müşahidəsini necə manipulyasiya etməsi və özünü demokratik ölkə kimi göstərmək üçün bu prosesi necə istifadə etməsi ilə bağlı olub.
Üçüncü hissə isə 8 noyabr 2024-cü ildə, COP29 iqlim sammiti ərəfəsində yayımlanıb. Bu dəfə Konsorsium Fransa Rivyerasında yerləşən villa, Lüksemburqdakı biznes sxemləri və milyonlarla avronun mənimsənilməsində şübhəli bilinən Fransa-Azərbaycan əsilli iş adamı Xaqanı Bəşirov ətrafında dolaşan şübhəli maliyyə əlaqələrini araşdırıb.
Mükafat “Abzas Media”nı təmsil edən jurnalist Leyla Mustafayevaya təqdim edilib.
2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “Abzas Media”nın 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs ediliblər.
Həbslərindən bir müddət sonra “Abzas Media”nın əməkdaşları bəyanat yayaraq yarımçıq qalan araşdırmalarının davam etdirilməsi üçün yerli və beynəlxalq jurnalistlərə çağırış ediblər.
Bundan sonra həbslərə cavab olaraq, “Forbidden Stories”, “OCCRP” və “PTM” noyabrın 23-də birgə bəyanat yayıblar. Bəyanatda “Abzas Media”nın susdurulmağa çalışılan işinin davam etdiriləcəyi və bu məqsədlə “Baku Connection” Konsorsiumu yaradıldığı elan edilib. Cəmi bir neçə gündən sonra layihə 15 qlobal media təşkilatını və 40 jurnalisti bir araya gətirməyə müvəffəq olub. “Abzas” jurnalistləri həbs olunandan etibarən bütün layihə tərəfdaşları birlikdə işləyiblər.
Bundan əvvəl “Abzas Media” 2024-cü il üzrə “Azad Media” mükafatına (“Free Media Awards”) və “People In Need” Təşkilatının təsis etdiyi nüfuzlu “Homo Homini” Qlobal İnsan Haqları Mükafatına layiq görülüb.