Prokuror məhkəmədə “Azadlıq Radiosu”nun əməkdaşının 12 il azadlıqdan məhrum edilməsini istəyib
Mayın 20-də ABŞ Konqresinin üzvü Ceyms Makqovern Azərbaycan prezidenti İlham Əliyevə məktub yazıb. Makqovern məktubunda “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadənin həbsdə qalmasından dərin narahatlığını bildirib.
“Azadlıq Radiosu”nun xəbərinə görə, konqresmen mayın 30-da Fərid Mehralızadənin haqsız həbsinin bir ili tamam olduğunu yazıb.
“Bu müddət ərzində Fəridin qızı dünyaya gəlib, o isə qızını cəmi bir dəfə görə bilib. Onun hələ də həbsdə qalması böyük narahatlıq yaradır, həyat yoldaşı və qızına qovuşması üçün dərhal azad olunmasına çağırıram”, – Konqresin Tom Lantos İnsan Hüquqları Komissiyasının həmsədri Makqovern yazır.
Konqresmen qeyd edir ki, Fərid Mehralızadə “AbzasMedia” araşdırmaçı nəşrinə qarşı cinayət işi çərçivəsində saxlansa da, onlar işgüzar bağlılıqları olmadığını aydın şəkildə bildiriblər və Azərbaycan hakimiyyəti onun bu nəşrə bağlılığına dair hər hansı dəlil ortaya qoya bilməyib.
Konqresmen məktubunda Fəridin zorakılığa, məhkəmədə aşağılanmaya məruz qaldığını, fevralın 11-də onun və digər altı təqsirləndirilənin pis rəftarla bağlı şikayətləri araşdırılmadığı üçün məhkəməyə qatılmaqdan imtina etdiklərini yazır:
“Bu etiraza cavab olaraq, hakimiyyət onu məhkəməyə zorla gətirib ki, bu da həbsdə pis rəftarın daha bir formasıdır”.
Makqovern 2025-ci il aprelin 29-da prokurorun Fəridi məhkəmədə təhqir etdiyini, hakimin bununla bağlı heç bir tədbir görmədiyini vurğulayıb.
“Bu qeyri-peşəkarlıq və sayğısızlıq nümayişi Fəridin işində qərəzsizliyin olmadığını göstərir, onun ədalətli məhkəməyə çıxışı sarıdan ciddi narahatlıq yaradır”, – məktubda deyilir.
“Ümid edirəm ki, Azərbaycan ədalətli məhkəməyə dair beynəlxalq standartlara əməl edəcək, Fəridə qarşı əsassız ittihamları ləğv edəcək və o, dərhal, heç bir məhdudiyyətsiz azadlığa buraxılacaq", – konqresmen Makqovern yazır.
Fərid Mehralızadə 2024-cü ildə “Abzas Media işi” üzrə həbs olunub. O, Prezident Əliyevin ailəsinin və yüksək çinli məmurların korrupsiyalarını araşdıran “Abzas Media” nəşrinin 6 əməkdaşı ilə birlikdə qaçaqmalçılıq və digər ağır maliyyə cinayətlərində ittiham edilib.
Mehralızadənin həbsindən sonra media orqanı məlumat yayaraq onunla heç bir əlaqələrinin olmadığını bəyan edib. İqtisadçı “Azadlıq Radiosu”nun əməkdaşı olub.
Mayın 20-də iş üzrə məhkəmə prosesində prokuror onun 3 il vəzifə tutmaq imkanlarının məhdudlaşdırılması ilə bərabər, 12 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror eyni zamanda, onun avtomobilinin də müsadirə edilməsini istəyib.