ABŞ hökuməti Harvard Universitetinə xarici tələbələri qəbul etməyi qadağan edib

ABŞ hökuməti Harvard Universitetinə xarici tələbələri qəbul etməyi qadağan edib Foto: Fox News
23 May 2025
Mətni dəyiş

ABŞ hökuməti Harvard Universitetinə xarici tələbələri qəbul etməyi qadağan edib. Daxili Təhlükəsizlik Nazirliyi bunu “terrorizmi dəstəkləyən davranışla” əlaqələndirib.

Qurum artıq Harvarda tələbə vizası proqramının ləğv edilməsi barədə məktub göndərib, - “Fox News” məlumat verir.

Bundan əlavə, prezident Donald Trampın administrasiyası hazırda Harvardda təhsil alan tələbələri digər ali təhsil müəssisələrinə keçməyə məcbur edir. Əks halda, onlar ölkədə qanuni qalmaq hüququnu itirəcəklər.

Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Kristi Noem Harvard Universitetinin rəhbərliyini “zorakılığı təşviq etməkdə, antisemitizmi yaymaqda və Çin Kommunist Partiyasının hərəkətləri ilə əlaqələndirməkdə” ittiham edib.

“Universitetlər üçün xarici tələbələri qəbul etmək və onların daha yüksək təhsil haqqından milyardlarla dollar gəlir əldə etmək imtiyazdır, hüquq deyil”, – deyə Kristi Noem vurğulayıb.

Harvard öz bəyanatında Tramp administrasiyasının bu addımını qanunsuz adlandırıb.

“Bu cəza tədbiri Harvard icmasına və ölkəmizə ciddi zərər vurmaq təhlükəsi yaradır və universitetin akademik və tədqiqat missiyasını sarsıdır”, – deyə universitetin bəyanatında vurğulanıb.

Ali təhsil müəssisəsi qərardan zərər çəkmiş tələbələrə dəstək olacağına söz verib.

2024–2025-ci tədris ilində Harvard Universiteti təxminən 6800 xarici tələbəni qəbul edib ki, bu da ümumi tələbə sayının 27 faizini təşkil edir, “Reuters” yazır.

Aprel ayında məlum olub ki, Tramp administrasiyası Harvard Universitetinə ayrılmış 2,2 milyard dollar məbləğində federal maliyyələşməni dayandırıb. Universitet vətəndaş hüquqları qanunlarını pozmaqda və antisemitizmə qarşı kifayət qədər mübarizə aparmamaqda ittiham edilib.

Ağ Ev həmçinin Kolumbiya Universitetinə ayrılmış təxminən 400 milyon dollarlıq maliyyəni də dayandırıb. 

Bu addımlar 2023-cü ildə İsrail və Qəzza zolağında baş verən hadisələrdən sonra ABŞ universitetlərində baş qaldıran Fələstinə dəstək məqsədli tələbə etirazlarına cavab olaraq atılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun