ABŞ Apellyasiya Məhkəməsi “Azadlıq Radiosu”na vəsaitin dayandırılmasını ləğv edib

ABŞ Apellyasiya Məhkəməsi “Azadlıq Radiosu”na vəsaitin dayandırılmasını ləğv edib
9 May 2025
Mətni dəyiş

ABŞ-nin Apellyasiya Məhkəməsi “Azad Avropa/Azadlıq Radiosu”nun (RFE/RL) yaxın həftələrdə fəaliyyətini davam etdirməsi üçün mühüm əhəmiyyət daşıyan qərar verib. Kolumbiya Dairəsi üzrə Apellyasiya Məhkəməsinin 11 hakimdən ibarət heyəti mayın 7-də əvvəlki heyətin qərarını dayandırıb. Bununla da “Azadlıq Radiosu”nun vəsait almasına yaşıl işıq yandırılıb.

Söhbət ABŞ Qlobal Media Agentliyinin (USAGM) dondurduğu təxminən 12 milyon dollar vəsaitdən gedir. Bu vəsait “Azadlıq Radiosu”nun cari maliyyə ilinin ikinci yarısı – aprel-sentyabr ayları üçün nəzərdə tutulub.

“Azadlıq Radiosu” həmin pulların təmin edilməsi üçün USAGM-ə qarşı məhkəməyə müraciət etmişdi. Aprelin 29-da ABŞ-nin dairə hakimi Roys Lambert “Azadlıq Radiosu”nun xeyrinə qərar verərək qeyd etmişdi ki, bu vəsaitin ayrılması Konqresin iradəsidir və Trampın da təsdiqlədiyi büdcə sənədində açıq şəkildə göstərilib.

Lakin mayın 7-də üç hakimlik apellyasiya heyəti Lambertin qərarını müvəqqəti olaraq dayandırıb. Bu qərar “Azadlıq Radiosu”nun tezliklə vəsait almasını sual altına salmış və qurumun xeyli azaldılmış fəaliyyətinə əlavə təzyiq yaratmışdı.

Ancaq bir neçə saat sonra tam heyət vəziyyətə müdaxilə edərək panelin qərarını “məhkəmənin növbəti göstərişinədək” dayandırıb. Bu, “Azadlıq Radiosu”nun vəsait alma ümidi ilə mübarizəsində mühüm dönüş nöqtəsi olub.

Qərar 7-4 nisbətində qəbul olunub. Respublikaçılardan təyin edilən dörd hakim qərara qarşı çıxıb. Bununla belə, USAGM hələ də qərardan ABŞ Ali Məhkəməsinə şikayət edə bilər.

“Azadlıq Radiosu” hazırda ciddi maliyyə çətinlikləri yaşayır. Aprel ayından bəri əsas vəsaitləri olmadan fəaliyyət göstərməyə davam edən qurum yüzlərlə əməkdaşı məzuniyyətə göndərib, bir çox frilans müqavilələrini ləğv edib və xərcləri ciddi şəkildə azaldıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun