Hakim Azər Tağıyev prezidentin jurnalistləri “qaçaqmalçı” adlandırmasına irad bildirib

Hakim Azər Tağıyev prezidentin jurnalistləri “qaçaqmalçı” adlandırmasına irad bildirib Foto: Toplum TV
24 Aprel 2025
Mətni dəyiş

“Toplum Tv işi” üzrə məhkəmə davam etdirilib, ölkə başçısı İlham Əliyevin şahid kimi dindirilməsi tələb edilib

Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” ilə bağlı məhkəmə prosesi başlayıb.

Hakim Azər Tağıyevin sədrliyilə keçirilən prosesdə təqsirləndirilənlər ittihamları rədd ediblər və cinayət işinə xitam verilməsi barədə vəsatət veriblər. Vəsatətlər baxılmamış saxlanılıb.

Prosesdə çıxış edən Demokratik Təşəbbüslər İnstitutunun direktoru və III Respublika Platformasının spikeri Akif Qurbanov bildirib ki, onların qaçaqmalçılıq etmələrilə bağlı konkret məhkəmə hökmü olmasa da, hökumətə yaxın mətbuat və şəxsən prezident İlham Əliyev onları “qaçaqmalçı” adlandırıb. Beləliklə də bu iş üzrə həbs edilənlərin təqsirsizlik prezumpsiyasını pozub.

Məsələyə münasibət bildirən hakim Azər Tağıyev də Akif Qurbanovun haqlı olduğunu bildirib, “haqqınızda hökm yoxdur, heç kim sizə “qaçaqmalçı” deməməlidir”, - deyə əlavə edib.

Akif Qurbanov deyib ki, onların bu həbsi İlham Əliyev və ətrafının ittihamlarından sonra baş tutub. Təqsirləndirilən Ruslan İzzətli isə prezident İlham Əliyevin məhkəmədə şahid kimi dindirilməsini tələb edib.

Ruslan İzzətlinin vəkili bildirib ki, müvəkkili martın 8-də həbs olunsa da, onunla bağlı 2023-ün noyabrında “Abzas Media işi” üzrə cinayət işində tutulma qərarı verilibmiş. Bu texniki səhv olub və işin necə qurama olduğunu göstərib.

Prosesdə dövlət ittihamçısı Rauf Malışova etiraz edilib. İş üzrə həbs olunan Əli Zeynalov bildirib ki, prokuror Rauf Malışov “Abzas Media işi” üzrə məhkəmədə də ittihamı müdafiə edir və jurnalistlərlə pis rəftar edir. O, yeni prokurorun təyin edilməsini tələb edib və bunu “işlənmiş dövlət ittihamçısı” istəmədiklərilə əlaqələndirib.

İş üzrə növbəti məhkəmə prosesi may ayının 5-nə təyin edilib.

2024-cü il martın 6-da polis Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyasının ofisində axtarış aparıb və media qurumunun ofisi möhürlənib. Bu əməliyyatlar çərçivəsində 10-dan çox şəxs saxlanılıb.

Saxlanılanların əksəriyyəti sonradan buraxılsa da, Akif Qurbanov, Müşviq Cabbarov, Əli Zeynalov, İlkin Əmrahov, Ramil Babayev cinayət məsuliyyətinə cəlb olunaraq haqlarında həbs qətimkan tədbiri seçilib. Fərid İsmayılov və Elmir Abbasov da cinayət məsuliyyətinə cəlb olunsalar da, onlar polis nəzarətinə buraxılıblar.

İş üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Martın 8-də “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və 3-cü Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli eyni iş üzrə saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Sonradan onlar barəsində də həbs qətimkan tədbiri seçilib.

Bu il yanvarın 17-də “Toplum TV” işi üzrə təqsirləndirilən şəxslərə qarşı yeni ağırlaşdırıcı ittihamlar irəli sürülüb. Elə həmin gün jurnalist Fərid İsmayılov həbs edilib. 

Fevralın 5-də isə media orqanının əməkdaşı Şahnaz Bəylərqızı həbs edilib. Onun barəsində 3 ay 15 gün həbs qətimkan tədbiri seçilib. Lakin fevralın 26-da jurnalist Xətai rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

“Toplum TV” bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya basqı kimi qiymətləndirib.

Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs olunanları siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun