“Çörək maşını”nda dustaq daşıyan Penitensiar Xidmət

“Çörək maşını”nda dustaq daşıyan Penitensiar Xidmət
23 Aprel 2025
Mətni dəyiş

“Abzas Media”nın həbsdə olan əməkdaşları məhbusların Bakı həbsxanasından məhkəmələrə hansı şəraitdə aparılması ilə bağlı birgə yazı hazırlayıblar. Onlar vəziyyəti olduğu kimi təsvir etməyə çalışıblar. 

Mətni təqdim edirik:

“Bizi məhkəmədən təcridxanaya qaytaran maşının dəmir arakəsmələrini döyəcləyib “havalandırma” deyə qışqırırıq. Səsimiz dar kabinadakı temperatur kimi getdikcə yüksəlir, amma səsimizə səs verən olmur.

Bir müddət sonra bizi müşayiət edən nəzarətçi havalandırma sisteminin işləmədiyini deyir. İş orasındadır ki, bizi məhkəməyə gətirən maşında da havalandırma işləmirdi.

Təkcə 2022-ci ildə dövlət büdcəsindən Penitensiar Xidmətə 140 milyon manat vəsait ayrılıb, amma illərdir məhbus daşıyan maşınlar köhnə, baxımsız haldadırlar.

Məhbusları 3 tip maşında daşıyırlar: Qaz-53, Ford Tranzit və Fiat Doblo.

Dustaqların 95 faizi, bəlkə daha çoxu Qaz-53 və Ford Tranzitdə aparılır. Nadir hallarda isə “Doblo”larda daşınırlar. Nisbətən rahat olan bu maşınlarda, əsasən, qadın məhbuslar aparılıb gətirilir.

“Çörək maşını” dedikləri Qaz-53-də havalandırma nəzarətçinin əli yorulana qədər olur. Belə ki, yayın istisində dustaqlar nəfəs ala bilsin deyə nəzarətçi maşının tavanındakı qapağı açıb o vəziyyətdə dayanır. Qapağın dəstəyi yoxdur deyə, əl gücünə açıq saxlanılır. Məhbusların ümidi nəzarətçinin mərhəmətinə qalır ki, yorulub əlini qapaqdan tez çəkməsin, nəfəs ala bilsinlər.

Ford Tranzit maşınında havalandırma, kondisioner sistemi adətən işləmir. İşlək vəziyyətdə isə kabinaları soyutmağa gücü çatmır.

Dustaqların “xolodelnik” dedikləri yer Ford Tranzit maşınlarının təknəfərlik hissəsidir. Dustaqlar sərin olduqlarına görə bu yerə “xolodelnik” demirlər, əksinə soyuducu qapısı kimi bağlanandan sonra hava almağa yer qalmır. Yuxarıda xırda, çərçivəli, şüşəsi açılmayan çox kiçik pəncərə var. Eni, uzunu 1 metr olan bu dar yerdə oturanda tərpənməyə yer qalmır.

Fiat Doblo maşınında havalandırma nəzarətçilərin oturduqları salondan məhbus yerini ayıran şüşədəki 3 balaca deşiklə “təmin olunur”. Yayda bu şüşə çıxarılır və kondisionerin sərinliyi az da olsa məhbusa da çatır.

Havalar isindikcə “Doblo”dan fərqli olaraq əksəriyyətin aparıldığı Ford Tranzit və Qaz-53 maşınlarında məhkəməyə daşınan dustaqlar köynəkləri su içində maşından düşürlər.

Problemlər bununla da bitmir. Maşınlar içi baxımsız, havasız, qaranlıq olur. Bəzi məhbuslar özləri ilə sellofan torba götürürlər ki, maşında havasızlıqdan ürəkləri bulansa, hazırlıqlı olsunlar.

Normal ölçüdə pəncərə yoxdur ki, yola, kənar görüntüyə baxsınlar,  maşının içi işıqlı olsun. Yarım saat, bir saat, bəzən 3-5 saat bu maşınlarla səfərlər edilir və qapalı, qaranlıq, havasız yerdə maşın məhbusları atıb-tutandan sonra ürəkbulanma başlayır.

Problemlərdən biri də maşınlara tutumundan artıq insan yerləşdirilməsidir. Ford maşınlarından təkadamlıq yerə 2 nəfər, 5 nəfərlik yerə 7 nəfər, hətta 8-9 məhbus mindirilir. Oturmağa yer olmayanda dustaqlar ayaq üstə saxlanılır. Məsələn, siyasi məhbus Nicat İbrahim dəfələrlə ayaq üstə aparılıb gətirilib. Bu isə təhlükəsizlik qaydalarının pozulmasıdır.

Əslində bu maşınlar insan daşımaq üçün nəzərdə tutulmayıb, yük maşını kimi düzəldilib. Amma Penitensiar Xidmətin rəhbərliyinin göstərişi ilə kustar üsullarla yük yeri dəyişdirilib, arakəsmələrlə 2-3 hissəyə bölünüb, taxta oturacaqlar qoyulub. Bir dəfə kamera yoldaşımız maşın çalaya möhkəm düşdüyünə görə, xəsarət almışdı və 10 gün stulda otura bilmədi.

Fiat Doblo maşınlarının oturacaqlarında tutacaq yoxdur deyə, sürücülərin sərt döngələrində məhbuslar künc-bucağa yıxılıb xəsarət alırlar. Belə hallar mütəmadi baş verir. Çünki bu maşınlar insan daşımaq üçün nəzərdə tutulmayıb.

Qaz-53 maşınlarının hər bölümündə 7 məhbus daşınmalı olduğu halda 14 nəfər aparılır. Maşına tutumundan 2 dəfə çox dustaq yerləşdirilir. Məhbuslar 30-40 sm məsafə ilə üz-üzə otururlar. Məhbusların ayaqları qarşıda oturanların ayaqlarına çarx kimi keçməli və beləcə bir saat, rayonlara aparılanda saatlarla yol getməli olurlar.

Məhbusları daşıyan maşınların təmizliyinə də fikir verilmir. İçi həşərat, hörümçək toru, konfet kağızları, salfetlər və digər zibillərlə dolu olur. Toza allergiyası olanlar üçün bu maşınlarda yola çıxmaq əsl işgəncədir.

Maşınlar vaxtlı-vaxtında texniki baxımdan da keçirilmir. Bir neçə dəfə Penitensiar Xidmətin maşınları yolda xarab olub, dustaqlar növbəti maşını gözləməli olublar.

Bəs başqa ölkələrdə məhbuslar necə daşınır?

Elə qonşu Türkiyəni götürək. Normal avtobuslar ayrılıb, pəncərələri, oturacaqları olan, işıqlı, havalı, şəraitli nəqliyyat vasitələri dustaqları aparıb gətirir. Azərbaycanda isə dustaqları çirkli, havasız, qaranlıq zirzəmi şəraitində daşıyıb və saxlayırlar.

Bəs məhbuslar beynəlxalq qaydalara görə necə daşınmalıdırlar?

Avropa Penitensiar Qaydalarının 32.2-ci bəndində göstərilib ki, “Məhbusların havası kifayət qədər dəyişilməyən və işıqlandırılmayan, yaxud onlar üçün narahatlıq yaradan və ya onların şəxsiyyətini alçaldan nəqliyyat vasitələri ilə daşımaq qadağandır”.

Amma Azərbaycanda bütün məhbuslar qadağan olunmuş şəraitdə daşınırlar. Bu şərtlərlə məhbus daşımaq insan ləyaqətini alçaltmaq, ən adi sosial məsafə qaydalarını pozmaq, gigiyenaya əməl etməmək və qeyri-insani rəftar deməkdir. Elə bu hallara görə, məhbusların döyəclədiyi maşınlardan qopan səsi hələ nə vaxta qədər Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov eşitməzliyə vuracaq, bilinmir".

Müəlliflər: Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun