Ötən il ərzində müstəqil QHT-lər və media qanunsuz məhdudiyyətlərlə üzləşib, insan haqları müdafiəçiləri, fəallar legitim fəaliyyətlərinə görə həbs olunublar
“Amnesty International” beynəlxalq insan haqları təşkilatı ötən il Azərbaycanda insan haqları sahəsində kəskin geriləmə baş verdiyini bildirib.
Təşkilatın aprelin 29-da yayımladığı illik insan haqları hesabatında belə deyilib.
Qurum 2024-cü ildə Azərbaycanda dinc etirazların qarşısının alındığını, işgəncə və pis rəftarın geniş yayıldığını bildirib.
Hesabatda qeyd edilib ki, 2024-cü ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim dəyişikliyi konfransına ev sahibliyi ilə bağlı Azərbaycanla BMT-nin bağladığı razılaşmada “insan hüquqlarının həqiqi müdafiəsinin olmaması” gözə dəyib.
"Amnesty International" Ev Sahibi ilə Razılaşmanın ictimaiyyətə açıqlanmadığını da vurğulayıb.
"Hakimiyyət nəzarətin təmin olunması səylərinin qarşısını alıb, beynəlxalq hökumətlərarası qurumlarla, vətəndaş cəmiyyəti, o cümlədən insan haqları mexanizmlərinə fokuslanan təşkilatlarla əməkdaşlıqdan imtina edib. Yanvarda isə hökumət Avropa Şurasından və Avropa İnsan Hüquqları Konvensiyasından çıxmaqla hədələyib", – hesabatda deyilir.
Təşkilat hökumətin ötən il fevralın 9-da keçirilən növbədənkənar prezident seçkisinin müşahidəçilərinə də məhdudiyyətlər qoyduğunu, müşahidəçilərin bu seçkini real rəqabət olmadığına görə tənqid etdiyini bildirib.
Hesabat daha sonra Azərbaycanda müstəqil medianın və vətəndaş cəmiyyətinin üzləşdiyi məhrumiyyətlərə toxunub. “Toplum TV” və “Abzas Media” işləri üzrə həbs olunan jurnalist və fəalların, habelə Seçkilərin Monitorinqi və Demokratiya Araşdırmaları Mərkəzinin sədri Anar Məmmədli və “Meclis.info” saytının rəhbəri İmran Əliyevin saxta qaçaqmalçılıq ittihamı ilə həbs olunduğu bildirilib.
Əlavə olunub ki, ötən il həmçinin tədqiqatçılar İqbal Əliyev və Bəhruz Səmədov “uydurma” vətənə xəyanət ittihamları ilə həbs olunub.
Sərbəst toplaşma azadlığından bəhs edən təşkilat bu hüququn “ciddi və yersiz məhdudiyyətlər altında” qaldığını və hakimiyyətin əvvəlki illərdə dinc etirazlarda iştirak edənləri həbs etməyə davam etdiyini qeyd edib.
Ötən il Söyüdlü etirazlarında iştirak etmiş Coşqun Musayevin 3 il, etirazlara dəstək olmuş Nazim Bəydəmirlinin 8 il, işçi hüquqları fəalı Ayxan İsrafilovun da 3 il həbs cəzasına məruz qaldıqları xatırladılıb.
Ardınca təcridxanalarda zorakılıq və işgəncə hallarını hələ də geniş yayıldığı qeyd olunub, bu barədə “Abzas Media” direktoru Ülvi Həsənlinin həbsdən yazdığı məktuba istinad olunub.
Həmçinin, “Toplum TV” işi üzrə həbs olunan Ələsgər Məmmədli və Ruslan İzzətli, “Kanal-13” rəhbəri Əziz Orucov, iqtisadçı Fazil Qasımov, siyasi fəal Famil Xəlilov və Anar Məmmədlinin saxlandıqları təcridxanada tibbi yardım almaq hüququndan məhrum olunduqları, bunun onların səhhətində geriləmələrə səbəb olduğu yazılıb.
Ermənistanla sülh danışıqlarına toxunan təşkilat Azərbaycanın əlavə tələblərinin son razılaşmaya gəlməkdə əngəllər törətdiyini qeyd edir.
“Amnesty International”, həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24 yanvar 2024-cü il tarixli qərarına istinad edərək deyib ki, Azərbaycanın 2023-cü ilin sentyabrında Dağlıq Qarabağda apardığı hərbi əməliyyat regionun 100,000-dən çox etnik erməni əhalisinin tamamilə qaçqın düşməsinə gətirib çıxarıb.
“Onların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışı hələ də baş tutmayıb”, - təşkilat bildirib.
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın fevral ayında hazırladığı siyahıya əsasən, Azərbaycanda hazırda 357 siyasi məhbus var.
Hakimiyyət təmsilçiləri oxşar tənqidləri rədd edib, ölkədə təməl hüquq və azadlıqların tam qorunduğunu bildiriblər. Prezident İlham Əliyev bu ayın əvvəlində bir tədbirdə "Human Rights Watch", "Freedom House", "Amnesty İnternational", "Transparency" kimi qurumların tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməli olduğunu deyib, Azərbaycanın bu qurumların qarayaxma kampaniyaları ilə üzləşdiyini iddia edib.