Sevinc Vaqifqızı: “Tofiq Yaqublu bu gün ölümlə üz-üzədir. Hökumət onu öldürməyə çalışır”
Aprelin 29-da “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən prosesdə növbəti dəfə şahidlər dinlənilib. İlkin olaraq, ötən məhkəmədə yenidən gətirilməsi tələb edilən Ənvər Cəfərovun ifadəsi dinlənilib. Müdafiə tərəfi ona suallarını ünvanlayıb.
Ənvər Cəfərov növbəti dəfə iş yerindən oğurlanan zaman fiziki zorakılığa məruz qaldığını, telefonunun şifrəsini də ondan zorakılıqla alındığını təkrarlayıb. O, iş materialları kimi təqdim olunan materialların telefonundan xəbərsiz götürüldüyünü bir daha vurğulayıb.
Daha sonra iş üzrə digər şahidlər dindirilib.
Proses zamanı Hafiz Babalı və Fərid Mehralızadənin vəkilləri onların həbs qətimkan tədbirlərinin ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirilməsi haqda vəsatət veriblər. Vəkillər vəsatətlərini bununla əsaslandırıblar ki, artıq şahidlərin də dindirilməsi mərhələsi yekunlaşıb. Ancaq keçirilən ibtidai və məhkəmə istintaqında bu iki şəxsə qarşı heç bir sübut ortaya qoyulmayıb, onların bu işlə əlaqələri sübuta yetirilməyib. Ona görə də Hafiz Babalı və Fərid Mehralızadənin həbsdə saxlanılması üçün heç bir əsas yoxdur. Ancaq dövlət ittihamçısı Rauf Malışov buna etiraz edib və bildirib ki, hələ sənədlərin tədqiqi mərhələsi var, ona görə də onların həbsdə saxlanılması üçün prosessual zərurət var.
Müdafiə tərəfi isə prokurora etiraz edib və bütün sənədlərin artıq məhkəmədə olduğunu, sözügedən şəxslərin o sənədlərə heç bir təsir imkanının olmadığını deyib.
Hakim vəsatətləri təmin etməyib, Hafiz Babalı və Fərid Mehralızadənin həbs qətimkan tədbiri olduğunu kimi saxlanılıb.
Daha sonra iş üzrə təqsirləndirilən jurnalist Sevinc Vaqifqızı söz alaraq 29 gündür aclıq edən Tofiq Yaqubludan bəhs edib. Jurnalist deyib ki, Tofiq Yaqublu elə məhz bu məhkəmə zalında 9 il azadlıqdan məhrum edilib.
“Tofiq Yaqublu qanunsuz həbsinə etiraz olaraq aclıq edir. O, bu gün ölümlə üz-üzədir. Hökumət onu öldürməyə çalışır. Biz “Abzas Media” olaraq onun azad edilməsini tələb edirik. İlk növbədə Tofiq Yaqublu azadlığa çıxmalıdır”, - “Abzas Media”nın həbsdə olan baş redaktoru bildirib.
İqtisadçı Fərid Mehralızadə də prosesdə çıxış edərək məhkəmə iclasında dövlət ittihamçısı Rauf Malışovun onun şəxsini təhqir etdiyini, amma buna görə tənbeh olunmadığını vurğulayıb. O, məhkəmədən tələb edib ki, ya prokuror Malışov işlətdiyi ifadəyə görə ondan üzr istəsin, ya da məhkəmə onu tənbeh etsin. Ancaq hakim Fərid Mehralızadənin bu tələbini nəzərə almayıb və ötən məhkəmədə etdiyi xəbərdarlığın hər kəsə şamil olunduğunu deyib.
Növbəti məhkəmə prosesi mayın 6-na təyin edilib.