Volodimir Zelenski hər iki tərəfin bir-birinin infrastrukturuna hücumları dayandırması ideyasına müsbət yanaşdıqlarını, lakin ilk növbədə əldə olunan razılaşmanın detalları ilə tanış olmağı gözlədiklərini bildirib
ABŞ prezidenti Donald Tramp bildirib ki, martın 18-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukraynaya göstərilən Amerika hərbi yardımının dayandırılması məsələsini müzakirə etməyib.
“Biz bir çox mövzular haqqında danışdıq, lakin yardım müzakirə olunmadı”, – deyə Tramp “Fox News” telekanalına müsahibəsində qeyd edib.
“Current Times” bildirib ki, ABŞ prezidentinin sözlərinə görə, Rusiya hazırda döyüş əməliyyatlarında üstünlüyə malikdir, çünki onun qüvvələri təxminən iki min beş yüz ukraynalı hərbçini mühasirəyə alıb.
Bununla belə, Kremlin mətbuat xidməti telefon danışıqlarından sonra yaydığı bəyanatda vurğulayıb ki, Putin “münaqişənin sülh yolu ilə həlli üçün əsas şərt” olaraq xarici hərbi yardımın və Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsinin tamamilə dayandırılmasını tələb edib.
Daha əvvəl Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qapalı iclasında çıxış edən prezident Vladimir Putin bəyan edib ki, Qərb onu “əvvəldən dinləsəydi” və Krımı Rusiyanın bir hissəsi, Donetsk və Luqansk vilayətlərini isə “muxtar bölgələr” kimi tanısaydı, Rusiya müharibəyə başlamazdı. Bu barədə “Kommersant” nəşrinin müxbiri Andrey Kolesnikov yazır.
Görüş iştirakçılarının Kolesnikova verdiyi məlumata görə, Putin həmçinin vurğulayıb ki, danışıqlar zamanı əsas məsələ Rusiyanın əldə etdiklərinin geri qaytarılmasının mümkünsüzlüyü və beynəlxalq ictimaiyyətin Krım, Sevastopol, Luqansk və Donetsk “respublika”, eləcə də Xerson və Zaporojye vilayətlərini Rusiya ərazisi kimi tanımasıdır”.
“Əgər bu yaxın zamanda baş verərsə, Rusiya – görüş iştirakçılarının mənə bildirdiyinə görə – artıq Odessa və hazırda Ukraynaya məxsus digər ərazilərə iddia irəli sürməyəcək”, – deyə Kolesnikov yazır.
Ukrayna prezidenti Volodimir Zelenski telefon danışığından sonra verdiyi açıqlamada hər iki tərəfin bir-birinin infrastrukturuna hücumları dayandırması ideyasına müsbət yanaşdıqlarını, lakin ilk növbədə əldə olunan razılaşmanın detalları ilə tanış olmağı gözlədiklərini bildirib.
Donald Tramp danışıqlara müsbət qiymət verərək, “Truth Social” platformasında Putinlə “çox yaxşı və məhsuldar” bir söhbət apardığını yazıb.
"Biz enerji və infrastruktur obyektlərinə atəşi dərhal dayandırmaq barədə razılaşdıq. Bundan əlavə, yaxın zamanda tam atəşkəsə və nəhayət Rusiya ilə Ukrayna arasında bu dəhşətli müharibəyə son qoymağa çalışacağıq", – deyə Tramp qeyd edib.
Kremlin bəyanatına görə, Putin Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarını dayandırması üçün orduya göstəriş verib. Lakin danışıq başa çatandan cəmi bir neçə saat sonra Kiyevdə hava hücumu siqnalları səslənib və paytaxt ətrafında Rusiya dronlarına qarşı Ukraynanın hava hücumundan müdafiə sistemləri işə düşüb.
Bir neçə saat sonra Zelenski Telegram hesabında Rusiyanın mülki infrastruktura qarşı 40-dan çox dron hücumu həyata keçirdiyini, o cümlədən Sumı şəhərində bir xəstəxananın hədəfə alındığını bildirib.
“Bir çox bölgələrdə biz Rusiyanın əslində nə istədiyini açıq şəkildə eşidə bilirik”, – deyə Zelenski qeyd edib.
Jurnalistlər üçün keçirdiyi brifinqdə Zelenski Vaşinqtondan əlavə məlumat gözlədiyini bildirib:
“Düşünürəm ki, Tramp ilə danışmalı və rusların amerikalılara nə təklif etdiyini və ya amerikalıların ruslara nə təklif etdiyini detallı şəkildə öyrənməliyik”.
“Amerika prezidentindən və ABŞ tərəfdən ətraflı məlumat aldıqdan sonra cavabımızı hazırlayacağıq və texniki danışıqlara başlamağa hazır olacağıq”, – deyə Zelenski vurğulayıb.
ABŞ və Rusiya liderləri – Donald Tramp və Vladimir Putin – martın 18-də telefon danışığı aparıblar. Görüş iki saatdan çox davam edib. Kremlin danışıqlardan sonra yaydığı məlumata əsasən, Rusiya ABŞ-nin Ukraynanın enerji infrastrukturuna 30 gün ərzində zərbələr endirməkdən imtina olunması təklifini dəstəkləyib.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “Fox News”a verdiyi müsahibədə martın 23-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukraynada atəşkəs barədə növbəti danışıqların keçiriləcəyini bildirib.
Onun sözlərinə görə, Ciddəyə ABŞ dövlət katibi Marko Rubio və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Voltsonun rəhbərlik etdiyi komanda göndəriləcək. Onlar həmçinin Səudiyyə Ərəbistanında keçirilən Rusiya və Ukrayna nümayəndələri ilə aparılan danışıqlarda iştirak ediblər.
Uitkoff Ciddədə hansı ölkənin nümayəndələri ilə görüşəcəyini açıqlamayıb, lakin yəqin ki, bu, Rusiya nümayəndə heyəti olacaq. Fevralın 18-də Ər-Riyada baş tutan danışıqlarda Rusiya tərəfini Xarici İşlər Naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya birbaşa investisiya fondundan Kiril Dmitriyev təmsil edib.