Türkiyə hökuməti müxalifətdə olan İstanbul şəhərinin meri Əkrəm İmamoğlunu, onun müşaviri və “Medya AŞ” şirkətinin meneceri Murat Onqunu, eləcə də İmamoğlunun seçki kampaniyasının rəhbəri Nəcati Özkanı "qazanc əldə etmək məqsədilə cinayətkar təşkilat yaratmaq" ittihamı ilə saxlayıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“CNN Türk” telekanalının məlumatına görə, 100-dən çox şəxs barəsində həbs qərarı çıxarılıb. “Sabah qəzeti” isə bir neçə jurnalistin və iş adamının həbs ediləcəyinin gözlənildiyini yazıb. Nəşrin məlumatına əsasən, həbs qərarı İstanbulun “Medya AŞ” şirkətinin həyata keçirdiyi tenderlərlə bağlıdır. Şirkətdən tender qalibi olan 21 şirkətə dair sənədlər tələb edilib, eləcə də kompüterlər müsadirə olunub.
“AFP” agentliyi siyasətçinin köməkçisinə istinadən bildirir ki, hazırda Əkrəm İmamoğlu İstanbul polis idarəsinin qərargahında saxlanılır. Bundan öncə isə merin evində axtarış aparılıb.
İmamoğlunun sözlərinə görə, iqtidar “millətin iradəsini qəsb etməyə” çalışır və təhlükəsizlik qüvvələrindən “bu haqsızlığa vasitə kimi” istifadə edir. “Biz böyük bir zülmlə qarşılaşmışıq. Lakin bilin ki, mən geri çəkilməyəcəyəm”, – deyə o, videomüraciətində qeyd edib.
İmamoğlunun saxlanılmasından sonra şəhər valiliyinin qərarı ilə İstanbulda Taksim metro stansiyası, həmçinin polis idarəsinin yerləşdiyi Vətən küçəsi nəqliyyat üçün bağlanıb. “Oksijen” nəşrinin yazdığına görə, İstanbulda dörd gün müddətinə toplantıların, nümayişlərin keçirilməsi və mətbuat açıqlamalarının yayılması qadağan edilib.
Bundan əlavə, Türkiyə hakimiyyəti bir sıra sosial şəbəkələrə, o cümlədən X (Twitter), YouTube, TikTok və Instagram platformalarına girişi məhdudlaşdırıb. Bu barədə internetin fəaliyyətini izləyən “NetBlocks” resursu məlumat yayıb.
Əkrəm İmamoğlu 2019-cu ilin mart ayından etibarən İstanbul şəhərinin meri vəzifəsini icra edir. O, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi hesab edilir və növbəti prezident seçkilərində namizəd kimi irəli sürülməsi gözlənilirdi. İmamoğlu müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçirilən ilkin seçkilərdə yeganə namizəd olub.
Bundan əvvəl İstanbul Universiteti Türkiyə Baş Prokurorluğunun sorğusu əsasında Əkrəm İmamoğlunun diplomunu ləğv etmək qərarına gəlib. Bu isə onun prezidentliyə namizədliyini irəli sürməsinə maneə yaradır, çünki Türkiyə Konstitusiyasına əsasən, yalnız ali təhsili olan vətəndaşlar prezidentliyə namizəd ola bilərlər.
2025-ci ilin əvvəlində İstanbul şəhərinin meri Əkrəm İmamoğlu barəsində cinayət işi açılıb, həmçinin bir neçə müxalif siyasətçi saxlanılıb. Onların arasında Türkiyənin "Zəfər" Partiyasının lideri Ümit Özdağ, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl və İstanbulun Beşiktaş rayonunun CHP-dən olan icra başçısı Rza Akpolat yer alır.
Türkiyə mətbuatının məlumatına görə, həmin vaxt Əkrəm İmamoğlu İstanbulun baş prokuroru Akın Gürlek və onun ailəsi barədə verdiyi açıqlamalara görə “təhdid” və “terrorizmlə mübarizə aparan şəxsləri təqib etmək” ittihamları ilə üzləşib.