ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımın dayandırılması barədə göstəriş verib. Bu barədə “Bloomberg”, “AFP”, “Reuters” və digər Amerika mediası Ağ Ev nümayəndəsinə istinadən xəbər verib.
Məlumata görə, Tramp müvafiq tapşırığı ABŞ-nin müdafiə naziri Pit Hegsetə verib.
"Prezident açıq şəkildə bildirib ki, o, sülhə nail olmağa yönəlib. Bizim tərəfdaşlarımızın da bu məqsədə sadiq olmasını istəyirik. Yardımımızı dayandırır və yenidən nəzərdən keçiririk ki, onun problemin həllinə töhfə verdiyinə əmin olaq", – deyə “AFP” Tramp administrasiyasının bəyanatından sitat gətirib.
“Bloomberg” və “Fox News”un məlumatına görə, bu fasilə Tramp Ukrayna rəhbərliyinin sülhə can atdığını görənədək davam edəcək. Bunun üçün prezident Zelenskinin konkret hansı addımları atmalı olduğu hələlik məlum deyil.
"Bu, yardımın tamamilə dayandırılması deyil, sadəcə bir fasilədir", – “Fox News” Tramp administrasiyasının nümayəndəsindən sitat gətirib.
“Bloomberg”in məlumatına görə, qərar hələ Ukraynaya çatdırılmamış bütün Amerika hərbi texnikasına, o cümlədən yolda və ya Polşa üzərindən tranziti gözləyən silahlara şamil ediləcək. Bunlara kritik döyüş sursatları, yüzlərlə yaylım atəşli reaktiv sistem (YARS), tank əleyhinə silahlar və digər hərbi texnika daxildir. Dayandırılan yardımın dəqiq miqdarı bəlli deyil.
ABŞ silahları Ukraynaya üç kanal vasitəsilə çatdırılırdı: ya ABŞ prezidenti anbarlardakı silahları Ukrayna üçün ayırırdı, ya Pentaqon Ukrayna üçün xüsusi silah sifariş edirdi, ya da Ukrayna ABŞ-nin ayırdığı vəsaitlə özü Amerika silahlarını alırdı.
“New York Times”ın məlumatına görə, dəyəri bir milyard dollardan çox olan silah tədarükü və istehsal sifarişləri dayandırılacaq. Bundan əlavə, Ukrayna Amerika müdafiə sənayesi müəssisələrindən birbaşa silah tədarükünü maliyyələşdirən xüsusi yardım proqramı çərçivəsində yüz milyonlarla dollar itirəcək.
Donald Tramp bu qərarı Ukrayna prezidenti Zelenski ilə Ağ Evdə görüşdükdən üç gün sonra qəbul edib. Görüş zamanı gərgin mübahisə yaşanıb.
Bundan əvvəl, bazar ertəsi günü Tramp Zelenskinin “Rusiya ilə müharibənin, çox güman ki, davam edəcəyi” barədə bəyanatına sərt reaksiya verib. “Bu, Zelenskinin verə biləcəyi ən pis bəyanatdır. Amerika artıq bununla barışmayacaq”, – deyə Tramp öz şəxsi sosial şəbəkəsi “Truth Social”da yazıb.
Fevral ayında Zelenski müsahibəsində ABŞ yardımının dayandırılmasının ciddi nəticələrə səbəb ola biləcəyini bildirmişdi. Onun sözlərinə görə, Ukraynanın istifadə etdiyi silah və hərbi texnikanın təxminən 30 faizi ABŞ-dən gəlir. Amerika analitiklərinin fikrincə, mövcud silah ehtiyatları Ukrayna ordusuna indiki döyüş intensivliyini təxminən yayın ortalarına qədər saxlamağa imkan verəcək.