Martın 11-də “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Jurnalistlər Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasa üç prosesdən sonra, bu gün gəliblər.
Sevinc Vaqifqızı (Abbasova) və Elnarə Qasımova sərbəst ifadə veriblər.
Sonradan dövlət ittihamçısı onlara suallar ünvanlayıb, jurnalistlər suallara cavab verməkdən imtina ediblər. Prokurorun Sevinc Vaqifqızına “Sizin xaricdə bank hesabınız varmı?” sualına jurnalist “Mən prezident, ya onun ailəsiyəm ki, xaricdə bank hesabım, ya da mülküm olsun?”, - deyə cavab verib.
Sevinc Vaqifqızı qeyd edib ki, istintaq sənədlərində Ülvi Həsənli ilə Amerikada olduğu, oradan qanunsuz maliyyə gətdikləri göstərilib. Jurnalist bunu təkzib edib:
“Ülvi Həsənli ilə birlikdə heç vaxt Amerikada olmamışam. Bunu gömrük qeydlərindən də yoxlaya bilərsiniz”, - deyə o, fikrini tamamlayıb.
Jurnalist Elnarə Qasımova da prokurorun suallarından imtina edib. O bildirib ki, istintaq orqanı saxta sənədlər hazırlayıb: “İş materiallarında mənə aid hissəyə daşınmaz əmlakla bağlı notarial sənədlər əlavə edilib. Məsələ burasındadır ki, həmin sənədlərdəki Qasımova Elnarə Bahəddin qızı ilə mənim aramdakı fərqlərdən biri də ata adımızdır. İstintaq orqanı 1 ildən çoxdur məni qanunsuz həbs edib, ancaq indiyə kimi atamın adının “Bahəddin” yox, ”Bahadar” olduğunu anlaya bilməyib. Belə bir istintaq orqanından biz nəinki öz işimiz, heç sadə vətəndaşların işi üzrə də düzgün araşdırma aparmağını gözləmirik.”, - Elnarə Qasımova bildirib.
Növbəti proses aprelin 1-nə təyin edilib.
2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “Abzas Media” nəşrinin 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, ötən ilin mayında isə “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə “Abzas Media işi” çərçivəsində həbs edilib.
Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. Ötən ilin avqustunda isə “Abzas Media işi” üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb. İstintaqın irəli sürdüyü əlavə ittihamları da nəzərə alsaq, jurnalistləri 8 ildən 12 ilədək həbs cəzası gözləyir.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların ləğv olunmasına dair çağırış ediblər.