Ombudsmanın hesabatında siyasi həbs və işgəncələrlə bağlı bir cümlə də yoxdur

Ombudsmanın hesabatında siyasi həbs və işgəncələrlə bağlı bir cümlə də yoxdur Foto: E-huquq.az
12 Mart 2025
Mətni dəyiş

Leyla Yunus: "Ombudsman bu günə qədər həbs olunan heç bir ictimai-siyasi fəaldan, jurnalistdən danışmayıb, hətta qeyri-siyasi işlərdə də bacarıqsızlıq nümayiş etdirib"

Fevralın 24-də İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva 2024-cü il üzrə Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı parlamentə məruzə edib. Bir müddət sonra qurumun saytına yerləşdirilən 99 səhifəlik məruzədə Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının vəziyyəti, siyasi həbs və işgəncələrlə bağlı şikayətlərə yer verilməyib.

Ombudsman parlamentin müzakirəsinə təqdim etdiyi hesabatda 29 371 müraciətə baxıldığını bildirsə də, ən azı vətəndaş cəmiyyətinin il ərzində işgəncə və qeyri-insani rəftarla bağlı ictimailəşdirdiyi onlarla şikayətin birinə də yer verilməyib. Bu qəbildən olan şikayətlərə heç qurumun fakt araşdırıcı missiyasının hesabatlarında da rast gəlinmir.

Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus “Abzas Media”ya deyib ki, Azərbaycanda Ombudsmanın nəinki builki, daha əvvəl hazırlanan hesabatlarında da ölkədəki insan hüquq və azadlıqlarının pozuntuları ilə bağlı məlumatlar verilməyib. Onun fikrincə, Ombudsman Aparatı sistemi beynəlxalq təkliflər əsasında təsis olunsa da, uzun illər ərzində ancaq pərdə rolunu oynayıb.

“Biz bunu başa düşürdük. Çünki Ombudsman Azərbaycanda bir institut kimi formal rol oynayır. Bundan əvvəlki Ombudsman Elmira Süleymanovanın da çıxışlarında, hesabatlarında siyasi təqiblərlə bağlı heç bir məlumat olmurdu. Amma o, az-çox hüquq müdafiəçiləri ilə görüşür, danışırdı. Səbinə Əliyeva isə ancaq hakimiyyəti tərifləməklə məşğuldur”.

Sülh və Demokratiya İnstitutu bu ilki hesabatında Azərbaycanda 357 siyasi məhbusun olduğunu açıqlayıb. Leyla Yunus  deyir ki, Ombudsman bu günə qədər həbs olunan heç bir ictimai-siyasi fəaldan, jurnalistdən danışmayıb, hətta qeyri-siyasi işlərdə də bacarıqsızlıq nümayiş etdirib.

“Siyasi məhbusların 27-si jurnalistdir və bu jurnalistlərdən 8-i qadındır. Hesabatda onların adı çəkilibmi? Yox. Bəlkə, Ombudsman həbs olunan 4 hüquq müdafiəçisindən, həbs olunan 32 ictimai-siyasi fəaldan, Bəhruz Səmədovdan, Almaniyadan deportasiya edildikdən sonra həbs olunan müxaliflərdən, dindar fəallardan, həbs olunan 4 talış fəaldan nəsə deyib? Xeyr!“.

Həm prezident, həm də parlament seçkilərinin keçirildiyi, eləcə də Birləşmiş Millətlər Təşkilatının İqlim Konsfansına ev sahibliyi etdiyi Azərbaycanda 2024-cü il jurnalistlərin və hüquq müdafiəçiləinin həbsi təzyiqlərin intensivləşdiyi il kimi yadda qalıb.

Elə Ombudsmanın hesabatından bir müddət əvvəl beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Watch”un yaydığı hesabatda hüquq müdafiəçisi Anar Məmmədlinin, müxalif siyasətçi Tofiq Yaqublunun, parlamentin fəaliyyətini monitorinq edən “Meclis.info” saytın rəhbəri İmran Əliyevin, “Abzas Media”, “Toplum TV” və “Kanal13” youtube kanalının jurnalistlərinin həbs olunduğunu qeyd edilib.

Hesabatda Qubad İbadoğluna qarşı açılan cinayət işinə görə həbs olunan Fazil Qasımovun fiziki zorakılıq və işgəncələrə məruz qaldığı, İmran Əliyevə isə elektroşok verildiyi yazılıb. Həmçinin “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasında törədilən 58 işgəncə faktını ictimailəşdirdiyi, bundan sonra özünün də kamera yoldaşı tərəfindən xəsarətlə təhdid olunduğuna dair hallara da yer verilib.

“Xüsusilə insan və vətəndaş hüquq və azadlıqlarınn müdafiəsi bölümündə mülki və siyasi azadlıqlar sahəsində pisləşmiş durum hesabatda yer almır. Vətəndaş cəmiyyəti, media haqqında sərtləşdirilmiş qanunvericilik və praktiki mühitin yaratdığı durum və davamlı problemlər məruzədə ünvanlı dəyərləndirilmir. Qanunsuz həbslər, siyasi motivli cinayət işləri və məhkəmə hökmləri, belə işlər üzrə saxlanma məntəqələri və penitensiar müəssisələrdə pis rəftara məruzədə toxunulmur”, – deyə hüquq müdafiəçisi Fuad Həsənov vurğulayıb.

Onun sözlərinə görə, vəkillərin peşə fəaliyyətinin icrasında yaradılmış problemlər hesabatda qeyd olunsa da, məruzədə təsnifatlı şəkildə əksini tapmır: “Azərbaycanın üzv olduğu, qarşısında qanuni öhdəliklər götürdüyü, Ombudsman İnstitutu üçün əhəmiyyətli olan Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi ilə əməkdaşlığın dayandırılması hesabatda yer almır və əməkdaşlığın bərpası üçün müvafiq çağırış edilmir”.

Qeyd edək ki, ötən ilin iyulunda Avropa Şurasının İşgəncələr və Qeyri-insani Davranışlara Qarşı Mübarizə Komitəsi bəyanat yayaraq Azərbaycan hökumətinin komitə ilə əməkdaşlığı dayandırdığını bəyan edib. Komitə vurğulayıb ki bu, Avropa Konvensiyasının tələblərini kobud pozuntusu halıdır.

Komitənin Azərbaycanda həbsxanaların vəziyyətini əks etdirən və 2022-ci ili əhatə edən hesabatda məhbuslara qarşı fiziki zorakılıq və işgəncə hallarına dair çoxsaylı şikayətlər yer alırdı. Bu şikayətlərə görə işgəncə,  əsasən, əlavə ittihamlarla razılaşmayan saxlanılan şəxslərə verilib.

Fuad Həsənov deyir ki, vətəndaşların hüquq və azadlıqların pozulması hallarının ünvanlanmasında müəyyən işlər görə bilsə də, Ombudsman İnstitutu klassik təyinatına uyğun səmərəli fəaliyyət göstərə bilmir.

“Hesabatın təklif və tövsiyyələr hissəsi əhəmiyyətlidir, lakin bu tövsiyyələrin bir hissəsi vaxtilə edilmiş tövsiyyələrdir, icrası müşahidə edilməyib. Beynəlxalq təşkilatlar Ombudsman İnstitutu ilə informasiya və təcrübə əsaslı əməkdaşlığı zəruri hesab etsələr də, belə hesabatlar çox da mötəbər dəyərləndirilmir”, – hüquq müdafiəçisi bildirib.

2023-cü ilin noyabrından etibarən Azərbaycanda media və vətəndaş cəmiyyətinə qarşı son on ildə həyata keçirilən ikinci kütləvi repressiya başlayıb.

Müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və müxalif fəallar ard-arda müxtəlif cinayət işləri üzrə istintaqa cəlb olunurlar. Saxlanılan şəxslər həbslərinin siyasi motivli, ittihamların isə saxta olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun