Martın 11-də “Abzas Media”nın həbsdə olan jurnalisti Elnarə Qasımova məhkəmədə sərbəst ifadə verib. Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə bildirib ki, “Abzas Media”da yayımlanan araşdırmalara görə siyasi sifarişlə həbs ediliblər.
Elnarə Qasımovanın sərbəst ifadəsini olduğu kimi təqdim edirik:
"Çəkiliş edəndə heç vaxt müsahiblərimə deməmişəm ki, “bu mövzudan, bu şəxsdən danışmayın, verə bilməyəcəyik”. Balaca kameramızın obyektivi hər kəsin üzünə və sözünə açıq olub. Elə müstəqil işləməyimizdəndir ki, bu gün eyni həbsxana divarları arasında müxtəlif kameraları bölüşürük. İşıq tutduğumuz problemlərə, korrupsiya hallarına nəzər yetirmək əvəzinə, bütün bunlardan sonra araşdırmalara görə hökumət “Abzas Media”nı hədəfə aldı.
“Abzas Media” daha çox korrupsiya, məhkəmə araşdırmaları ilə tanınan peşəkar mediadır. Elə məhz peşəkarlığına, özlərini toxunulmaz hesab edənlərə toxunduğuna, nə olur-olsun doğruları yayımlamaqdan əl çəkmədiyinə görə, “Abzas Media” ilə əməkdaşlıq etməkdən qürur duyuram.
“Abzas Media”da prezidentin ailəsi və onun ətrafındakı yüksək vəzifəli şəxslərlə bağlı araşdırmalardan əlavə, video hekayələr, sosial-iqtisadi, ictimai, siyasi və ekoloji mövzularda yazılar, reportajlar yayımlanıb.
Məsələn, Gədəbəyin Söyüdlü kəndinin sakinləri gölün sionidlə zəhərlənməsinə görə etiraz edəndə və bu etirazlardan sonra kənd blokadaya alınıb jurnalistlər ordan çıxarılandan sonra da “Abzas Media” orada olub və sakinlərin etirazını, problemlərini işıqlandırıb. Bundan əlavə, dilənməyə məcbur qalan uşaqlarla, bahalaşma olduqca menularını dəyişməyə, bişirdikləri yeməklərdə hissə-hissə ərzaq ixtisarına getməyə məcbur qalan ailələrlə, məktəbi, tibb məntəqəsi olmayan bölgələrlə, elə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hüquqları pozulan vətəndaşlarla bağlı materiallar hazırlamışıq, yayımlamışıq.
İfadə, media azadlığı avtoritar rejimlərin ən birinci boğmağa çalışdığı azadlıqlardır, biz ölkənin həbs olunan ilk və son jurnalistləri deyilik.
Azərbaycan mətbuatının 100-dən çox yaşı var və yarandığı vaxtdan etibarən onun təmsilçiləri müxtəlif rejimlərdən keçib. Repressiya, təqiblərə, təzyiqlərə məruz qalıblar. Amma bunlara baxmayaraq, mətbuat öz mövcudluğunu bu günədək qoruyub saxlayıb. Çünki doğru söz deyənlər həmişə tapılır. Bu gün də oxşar təzyiqlərlə müstəqil jurnalistlər olaraq biz üzləşirik və peşə fəaliyyətimizdən narahat olanlar bizi həbsə göndərib.
Mən “Abzas Media”nın əməkdaşıyam və bizim hər birimiz “Abzas”da yayımlanan araşdırmalara görə siyasi sifarişlə həbs edilmişik. Həmin araşdırmalarda adı çəkilən vəzifəli şəxslərin əməlləri ilə onların yerinə biz ittiham edilirik.
Həbsdə olmalı olanlar o şəxslərdir ki, illərdir bu ölkənin vətəndaşlarına çatmalı olanı mənimsəyir, ölkəni çapıb-talamaqdan gözləri doymur.
Səsini çıxarmaq istəyənləri sonuncu müharibəyə qədər illərdir “Qarabağ boyda dərdimiz var” deyərək susdurub, vətəndaşların gözlərini boyayıblar. Amma bəhanə üçün əllərində bayraq etdikləri Qarabağdan köçkün düşənləri 30 ilə yaxın uçuq-sökük, şəraitsiz yataqxanalarda, dəmiryol relslərinin 5 addımlığındakı gecəqondularda yaşamağa məhkum ediblər.
O şəxslər həbsdə olmalıdır ki, oğurladıqları hesabına öz övladlarını uşaq yaşlarından sərvət, imtiyaz sahibi edib, hər şeyin ən yaxşısı ilə təmin edirlər. Amma idarə etdikləri ölkədə imkansızlıqdan təhsil ala bilməyən, yarıac-yarıtox, məhrumiyyətlərlə böyüyən, dilənməyə, kiçik yaşlarından işləməyə məcbur qalan yükü yaşından böyük uşaqlar var.
Amma həbsdə olmalı olan həmin şəxslər, daha doğrusu, həmin şəxs azadlıqda oturub müstəqil jurnalistlərin həbsini sifariş edir.
Mən təxminən 6 ildir müstəqil jurnalist kimi fəaliyyət göstərirəm. Artıq 1 ildir ki, məhz jurnalist olduğum və “Abzas Media” ilə əməkdaşlıq etdiyim üçün həbsdəyəm. Bu, məni təəccübləndirməyib. Çünki mövcud sistemlə bu ölkədə müstəqil jurnalist kimi fəaliyyət göstərəcəyim halda yolumun əvvəl-axır həbsdən keçəcəyini bilmişəm. Ümumiyyətlə qanunvericiliyə dəyişiklik edilərək müstəqil jurnalistlərin məhkəməsiz, birbaşa qərarla divar qarşısında güllələnmədiyinə təəccüblənirəm.
Müstəqil jurnalist kimi fəaliyyət göstərməyi seçənlərin ümumi və yaxud fərdi bir çox səbəbləri ola bilər. Amma maddiyyat bu səbəblərin arasında heç də əsas yeri tutmur. Çünki heç bir məbləğ işimizi görərkən üzləşdiyimiz zorakılıqları, təzyiqləri, bəzən də göründüyü kimi həbsi gözə almağımıza səbəb ola bilməz.
Məni həm də bu ölkənin vətəndaşlarının taleyi narahat edir. Çünki vətəndaşlar onların hüquqlarını tanımayan, tapdalayan, onları əzən, qarın toxluğuna yaşamağa məcbur buraxan və onlara hesabat verməyən hökumətin idarəçiliyi altında yaşamağa məhkumdurlar. Müstəqil jurnalistlərin həbs edilməsi isə vətəndaşların həmin sistemlə üz-üzə, kimsəsiz qalması deməkdir.
İş materiallarına gəlincə, müstəntiqin işlə tanışlıq üçün səyahət çamadanında hissə-hissə gətirdiyi 27 cildlik materiallarda “sübut” kimi qeyd olunanlar tamamilə cəfəngiyyatdır və əsassızdır. “Abzas Media işi” üzrə təqsirləndirilən şəxs qismində olan heç kim, heç birimiz ittiham edildiyimiz cinayət əməllərini törətməmişik. Əvəzində bu ölkənin yazılı olmayan qanunlarında cinayət hesab edilən jurnalistika ilə məşğul olmuşuq.
Cinayət işinin onsuz da saxta olduğunu bilən müstəntiq və bu saxta cinayət işinin materiallarını yoxlayıb ittiham aktı tərtib edən prokuror iş materiallarını diqqətlə nəzərdən keçirməyə belə lüzum görməyiblər. Çünki burada oturan hakimlərin sifariş əsasında hökm çıxaracaqlarından əmindirlər. Son dövlərdə siyasi həbs kifayət etmir və çıxarılan saxta hökmlərlə fəalların, jurnalistlərin min bir əziyyətlə əldə etdikləri əmlaklarını əllərindən alırlar. Mən əminəm ki, siz bu iş materiallarını oxumamısınız və buna görə özüm indidən bildirim ki, mənə görə hansısa bir vətəndaşa da çıxaracağınız hökmlə ziyan vurmayasınız. İş materiallarında mənə aid hissəyə daşınmaz əmlakla bağlı notarial sənədlər əlavə edilib. Məsələ burasındadır ki, həmin sənədlərdəki Qasımova Elnarə Bahəddin qızı ilə mənim aramdakı fərqlərdən biri də ata adımızdır. İstintaq orqanı 1 ildən çoxdur məni qanunsuz həbs edib, ancaq indiyə kimi atamın adının “Bahəddin” yox, ”Bahadar” olduğunu anlaya bilməyib. Belə bir istintaq orqanından biz nəinki öz işimiz, heç sadə vətəndaşların işi üzrə də düzgün araşdırma aparmağını gözləmirik.
Saxlanıldığımız təcridxanada adamların bir-birinə verdiyi ilk suallardan biri budur ki, “səni hara tutub?”, “səni kim tutub?”. Mənə ilk dəfə bu sual veriləndə heç düşünmədən cavab vermişdim: İlham Əliyev. Biz məhz onun sifarişi ilə həbs edilmişik. Çünki bu ölkədə ancaq onun diktəsi ilə işləyən jurnalistləri görmək istəyir. Bizdən isə nə etsə də, asılı, qorxaq, sifarişlə işləyən jurnalistlər düzəldə bilməyəcək. Məkanın və bizi nələrin gözlədiyinin fərqi yoxdur. Biz hər yerdə jurnalistik və peşə fəaliyyətimizlə hələ çox müvəqqəti olmayan narahatlıq yaradıb, bu narahatlığa görə üzr istəməyəcəyik".
Elnarə Qasımova, 11 mart 2025-ci il