İş adamının xəbəri olmadan obyektinin girov qoyulduğu kredit “alış-verişinə” dair məhkəmə prosesində Elman Rüstəmovun dindirilməsi tələb olunsa da, hakimlər buna əhəmiyyət verməyib 27 il Azərbaycan Respublikası Mərkəzi Bankına rəhbərlik etmiş 73 yaşlı Elman Rüstəmov.
O, 1995-ci il yanvarın 13-də mərhum prezident Heydər Əliyevin sərəncamı ilə bankın İdarə Heyətinin üzvü və sədri təyin edilib. Sonradan dörd dəfə ardıcıl olaraq, hər dəfəsində 5 il müddətinə Mərkəzi Bankın İdarə Heyətinin sədri olub. Amma baş bankir 2020-ci ildəki təyinatını sonadək icra edə bilməyib. 2022-ci il aprelin 11-də prezident İlham Əliyev Elman Rüstəmovun bankın İdarə Heyəti üzvlüyündən xaric edilməsi ilə bağlı Milli Məclisə təqdimat göndərib. Ertəsi gün parlamentin iclasında iştirak edən 102 deputatın hamısı İlham Əliyevin təqdimatını yekdilliklə təsdiqləyib. Beləcə, Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyəti üzvlüyündən xaric edilib.
Vəzifədən azad edilən bir çox məmur kimi, o da Nazirlər Kabinetinə göndərilib. Prezidentin 13 aprel 2022-ci il tarixli sərəncamıyla Baş nazirin müşaviri təyin olunub. Elman Rüstəmovun adı istər Mərkəzi Banka rəhbərlik etdiyi dövrdə, istərsə də vəzifədən gedəndən sonra müxtəlif korrupsiya qalmaqallarında hallanıb.
Hətta bir neçə cinayət işində onun istintaqa cəlb olunması, məhkəmə önünə çıxarılması, adının qarışdığı qaranlıq sövdələşmələrə aydınlıq gətirməsi tələb olunub. Onun məhkəmədə dindirilməsini tələb edənlərdən biri də hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev idi. Lakin hakimlər onun bu tələbinə əhəmiyyət verməyib.