“Toplum TV” bundan sonrakı fəaliyyətini ölkə xaricindən davam etdirəcəyini elan edib. Bu barədə media qurumunun yaydığı bəyanatda bildirilib.
Qurum bu qərarını ölkədə mediaya artan təzyiqlər və jurnalistlərin həbsləri ilə əsaslandırıb.
Bəyanatda deyilir:
““Toplum TV” ölkənin az sayda olan müstəqil media qurumlarından biridir.
2016-cı ildən etibarən fəaliyyət göstərən qurum, jurnalistika prinsiplərini rəhbər tutaraq ölkədə və dünyada baş verən hadisələrlə bağlı vətəndaşları məlumatlandırmağı qarşısına əsas məqsəd qoyub.
Bu dövr ərzində minlərlə material dərc edərək oxucular üçün tərəfsiz və qərəzsiz informasiya mənbəyinə çevrilib.
Son il yarım ərzində ölkədə mediaya qarşı təzyiqlər “Toplum TV”dən də yan keçməyib, qurumun təsisçisi və bir neçə əməkdaşı həbs edilib, onlar haqqında “qaçaqmalçılıq” ittihamı ilə cinayət işləri açılıb, digərlərinin də ölkədən çıxışına qadağa qoyulub.
“Toplum TV” bir daha elan edir ki, ittihamlar əsassızdır və təzyiqlərin motivi “Toplum TV”nin müstəqil media olaraq vətəndaşların problemlərini işıqlandırması, müxtəlif qruplardan olan şəxsləri öz canlı yayımlarına dəvət etməsidir.
Təəssüf ki, ölkədə mediaya olan təzyiqlər “Toplum TV”nin ölkədə fəaliyyət göstərməsini mümkünsüz edir.
Buna görə də, “Toplum TV” bundan sonrakı fəaliyyətini ölkə xaricində yaşayan jurnalistlər vasitəsilə həyata keçirəcək.
Ümid edirik ki, verdiyimiz bu qərarı oxucularımız anlayışla qarşılayacaq.
Ölkə xaricində fəaliyyət göstərməsinə baxmayaraq, “Toplum TV” həmişə olduğu kimi tərəfsiz, qərəzsiz və müstəqil jurnalistikanı ən ali dəyər kimi qəbul edir və edəcək.
Bu dövrdə izləyicilərimizin və həmkarlarımızın işimizə verdiyi dəyər bizim üçün çox qiymətlidir!”
Ötən il martın 6-da polis Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyası ilə bağlı əməliyyat keçirib.
Əməliyyatlar çərçivəsində 10-dan çox şəxs saxlanılıb. Əksəriyyəti buraxılsa da, Akif Qurbanov, Müşviq Cabbarov, Əli Zeynalov, İlkin Əmrahov, Ramil Babayev cinayət məsuliyyətinə cəlb olunaraq haqlarında həbs qətimkan tədbiri seçilib. Fərid İsmayılov və Elmir Abbasov da cinayət məsuliyyətinə cəlb olunsalar da, onlar polis nəzarətinə buraxılıblar.
İş üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Martın 8-də “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və 3-cü Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli eyni iş üzrə saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Sonradan onlar barəsində də həbs qətimkan tədbiri seçilib.
Onların həbs müddətləri dəfələrlə uzadılıb.
Bu il yanvarın 17-də “Toplum TV” işi üzrə təqsirləndirilən şəxslərə qarşı yeni ağırlaşdırıcı ittihamlar irəli sürülüb. Elə həmin gün jurnalist Fərid İsmayılov həbs edilib. Onun barəsində istintaq dövrü üçün 2 ay 20 günlük həbs qətimkan tədbiri seçilib.
Fevralın 5-də isə media orqanının əməkdaşı Şahnaz Bəylərqızı həbs edilib. Onun barəsində 3 ay 15 gün həbs qətimkan tədbiri seçilib.
Fevralın 6-da Xətai Rayon Məhkəməsində keçirilən prosesdə iştirak edən müstəntiq Əlibala Hacıyev bildirib ki, bu iş üzrə yeni cinayət işi açılıb və jurnalist mütəşəkkil dəstənin digər üzvlərinə təsir göstərə bilər. Buna görə də o, həbsdə qalmalıdır.
“Toplum TV” bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya basqı kimi qiymətləndirib.
Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs olunanları siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıblar