Yeni araşdırma: Prezident ailəsinin biznesini idarə etmiş nazir müavini

Yeni araşdırma: Prezident ailəsinin biznesini idarə etmiş nazir müavini Foto: Elm və Təhsil Nazirliyi
27 Fevral 2025
Mətni dəyiş

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Qazaxın işğaldan azad edilən Bağanıs Ayrım və Qzılhacılı kəndlərinin şəhərsalma əsaslandırmasını elm və təhsil nazirinin müavini Kənan Kərimzadənin vaxtilə hüquqi nümayəndəsi olduğu şirkətə həvalə edib

2024-cü ilin yağışlı və tutqun may günündə dövlət sərhəd xidmətinin general-mayoru Vüsal Sultanov Qazaxın işğaldan azad olunan 4 kəndi ilə bağlı ölkə başçısı İlham Əliyevə məruzə edir. Generalın məruzəsi həm də ona görə əlamətdar idi ki, bu kəndlər bir güllə belə atılmadan, danışıqlar yolu ilə geri qaytarılmışdı.

Uzun illər torpaqlarının həsrətilə yaşayan qazaxlı məcburi köçkünlər 30 il əvvəl geridə qoyduqları evlərindən qalan xarabalıqlara ürək ağrısı ilə baxır, öz yurd yerlərinə qayıdacaqları günü böyük həyəcanla gözləyirlər.

İşğaldan azad edilən Bağanıs Ayrım kəndinin ən yaşlı sakini Şəmil Adıgözəlov prezident İlham Əliyevə can sağlığı arzulayır, kəndə gedən kimi qurban kəsəcəyini deyir, Zərbəli Xasayev isə dünyasını dəyişən yaxın qohumlarının məzarlarını ziyarət edəcəyini bildirirdi.

Amma ömrünün ahıl yaşına çatan bu məcburi köçkünlər təsəvvürlərinə belə gətirmirlər ki, Bağanıs Ayrıma onlardan da əvvəl ayaq basanlar var. İşğaldan azad edilən kəndlərlə bağlı araşdırmalar bu dəfə bizi prezident ailəsinə bağlı şirkətin hüquqi nümayəndəsi olmuş yüksək vəzifəli məmura aparıb çıxardı.

2024-cü ilin dekabrında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Design Bureau" Məhdud Məsuliyyətli Cəmiyyətilə iki satınalma müqaviləsi imzalayıb. Bu müqavilə Qazax rayonunun işğaldan azad olunmuş iki kəndinin şəhərsalma əsaslandırılmasının hazırlaması ilə bağlı olub.

Müqaviləyə görə, bu xidmətləri həyata keçirəcək şirkətə Bağanıs Ayrım kəndinin şəhərsalma əsaslandırılması üçün 194 min 818 manat, Qızılhacılı kəndinin şəhərsalma əsaslandırılması üçün isə 174 min 758 manat ödəniş edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müqavilələri tender keçirmədən, şirkətlə birbaşa razılaşma əsasında bağlayıb. Ümumilikdə 370 min manat dəyəri olan müqavilələrin 2025-ci ilin sonuna qədər yekunlaşdırılacağı gözlənilir.

Bəs 34 il sonra işğaldan azad edilən Bağanıs Ayrım və Qızılhacılı kəndlərinin bərpasından qazanan "birincilər" kimlərdir? 

Dizayn və memarlıq sahəsində fəaliyyət göstərən "Design Bureau" MMC 2019-cu ildə yaradılıb. Əvvəlcə "Startup Investmens" MMC kimi qeydiyyata alınan şirkətin adı 2022-ci ilin martında dəyişdirilib.

Son illərə dair reyestr məlumatlarına görə, şirkətin qanuni təmsilçisi Cabbarov Orxan Faiq oğlu olub. Cabbarov 2023-cü ildən "Xalq Bank"ın Audit Komitəsinin üzvüdür. Bununla belə o, "Design Bureau" MMC-də əsas şəxs olmayıb. 

"Design Bureau" MMC 2019-cu ildə təsis olunanda onun qanuni təmsilçisi Kərimzadə Kənan Şakir oğlu idi. Elm və təhsil naziri Emin Əmrullayevin müavini olan Kənan Kərimzadə 2022-ci ilin martına qədər şirkətin qanuni təmsilçisi idi və bu müddətdə nazirlikdə mühüm vəzifə tuturdu. 

2020–2021-ci illərdə elm və təhsil nazirinin müşaviri təyin olunan Kərimzadə 2021-ci ildən nazirlikdə Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2023-cü ilin fevral – may aylarında nazirliyin aparat rəhbəri vəzifəsini icra edib. Ölkə başçısının 2023-cü il 25 dekabr tarixli sərəncamı ilə elm və  təhsil nazirinin müavini təyin olunub.

Kərimzadə məmur ailəsindən gəlir. Onun atası Şakir Kərimov 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin rəisi vəzifəsində işləyir. İxtisasca maliyyəçi olan Kənan Kərimzadə təhsilini Nyu-Yorkda Fordham Universitetində alıb, xartiyalı maliyyə təhlilçisi beynəlxalq akkreditasiyası əldə edib. 

Bəs onun yolu prezidentin ailəsinə məxsus şirkətlə necə kəsişib?

Kənan Kərimzadə 2016-cı ildən etibarən Azərbaycan prezidentinin ailə üzvlərinə məxsus “PMD Group” MMC-də investisiyalar üzrə baş mütəxəssis, investisiyalar üzrə rəhbər, 2019–2020-ci illərdə isə Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri vəzifələrində çalışıb.

Amma onun hüquqi nümayəndəsi olduğu şirkəti birinci ailənin biznesinə bağlayan təkcə bu fakt deyil. "Design Bureau" MMC prezident ailəsinə məxsus "Paşa Holding", "PMD Group" kimi şirkətlərlə eyni ünvanda rəsmiləşdirilib: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti ev 153.

Şirkətin rəsmi saytı Əliyev Fizuli İbrahim oğlunun adına qeydiyyatdan keçirilib. "Design Bureau" MMC-nin 2024-cü il üzrə reyestr tarixini yoxlayanda məlum oldu ki, o, həm də  şirkətin qanuni təmsilçisidir.

İxtisasca memar olan Fizuli Əliyev də Kənan Kərimzadə kimi Azərbaycan prezidentinin ailəsinə məxsus şirkətlərdə çalışıb. “Paşa Construction” MMC, “PMD Group” MMC və “PMD Projects” MMC-də memarlıq üzrə rəhbər vəzifələri tutub. O, 2022-ci ilin ortalarından etibarən "Design Bureau" MMC-nin hüquqi nümayəndəsi təyin edilib.

Qeyd edək ki, Qızılhacılı və Bağanıs Ayrımla bağlı işlər “Design Bureau” şirkətinin işğaldan azad edilən ərazilərlə bağlı həyata keçirdiyi ilk layihə deyil. Şirkət Qarabağdakı yenidənqurma işlərinə də qatılıb, həm özəl həm də dövlət sifarişlərini yerinə yetirib. Ağdamda prezident ailəsinə məxsus "Ağdam City Hotel"in və "Füzuli Memorial Kompleksi"nin dizayn işləri də bu şirkətə həvalə olunub. 

"Design Bureau" MMC paytaxt Bakıda həyata keçirilən layihələrdən də öz nəsibini alıb. 2023-cü ildə “Bakı Metropoliteni” QSC ilə də dəyəri 414.642,56 AZN olan satınalma müqaviləsi imzalayıb, Ələt İqtisadi Zonasının baş ofisinin texniki diyazn işlərini həyata keçirib. Şirkət ötən müddətdə 5 dəfə ƏDV bəyannaməsini vaxtında təqdim etmədiyinə görə kiçik maliyyə sanksiyalarına da məruz qalıb.

Bağanıs Ayrım və Qızılhacılı kəndlərinin şəhərsalma əsaslandırılmasının hazırlamasına gəlincə, nə dövlət satınalmalarının rəsmi internet portalında, nə də komitənin saytında "Design Bureau" MMC ilə bağlanan müqavilənin tələblərinə dair məlumata rast gəlinir. 

Bəs Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu müqavilələri hansı əsaslarla "Design Bureau" MMC-yə həvalə edib? Qurumun müqavilə bağlanarkən şirkətin vəzifəli şəxslərlə əlaqələrinə dair əvvəlcədən məlumatı olubmu? Komitə araşdırma dərc olunanadək bu suallara cavab verməyib.

Amma "Design Bureau" MMC-nin yolu Qazaxa rayonun kəndləri işğaldan azad olunmazdan da əvvəl düşüb. Rayon mərkəzində yerləşən Qazax Müəllimlər Seminariyasının dizayn işlərini də ADA Universitetinin təşəbbüsü ilə bu şirkət icra edib. 

Təhsil Nazirliyinə tabe olan ADA universitetinin rektoru Hafiz Paşayev prezident İlham Əliyevin həyat yoldaşı, 1-ci vitse prezident Mehriban Əliyevanın əmisidir. Mehriban Əliyeva ilə elm və təhsil naziri Emin Əmrullayev həm də ADA-nın ali məşvərətçi orqanı olan Qəyyumlar Şurasının üzvləridir.

Seminariyada bərpa işləri 2021-ci ilin payızında başlayıb. Kənan Kərimzadə isə 2022-ci ilin martınadək "Design Bureau" MMC-nin hüquqi nümayəndəsi olub. O, bu müddətdə nazirlikdə müşavir və şöbə müdiri vəzifələrində çalışıb.  

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsində qeyd olunur ki, vəzifəli şəxsin elmi, pedaqoji, yaradıcılıq fəaliyyəti istisna olmaqla, bilavasitə sahibkarlıq fəaliyyəti ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquq pozuntusu sayılır.

“Dövlət qulluğu haqqında” Qanunun 18-ci maddəsində qeyd edilir ki, dövlət qulluqçusu xidmət etdiyiorqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməlidir. 

Bəs Kənan Kərimzadə vəzifə tutuduğu dövlət qurumuna özəl şirkətdə fəaliyyəti ilə bağlı məlumat veribmi, yaxud da onunla bağlı hər hansı intizam tədbiri görülübmü? Elm və Təhsil Nazirliyinə ünvanladığımız bu suala cavab almaq mümkün olmayıb.

Amma görünən odur ki, Kənan Kərimzadə diyazn şirkətində hüquqi nümayəndə olduğu illərdə nazirlikdə vəzifəsini irəlilədib, sonrakı ildə prezident İlham Əliyevdən təltif də alıb. 2024-cü ildə Heydər Əliyevin 100 illiyilə bağlı təsis olunan medala layiq görülən dövlət qulluqçularından biri də Kənan Kərimzadə idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun