İlkin hesabata görə, AZAL təyyarəsi kənar müdaxilə nəticəsində qəzaya uğrayıb

İlkin hesabata görə, AZAL təyyarəsi kənar müdaxilə nəticəsində qəzaya uğrayıb Foto: Oxu az
4 Fevral 2025
Mətni dəyiş

Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsi ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrini əks etdirən hesabat yayıb.

Sənəddən aydın olur ki, təyyarədəki yanğının əsas mənbəyi sağ qanad, gövdənin burnu və mərkəzi hissələri və sol qanad olub. Mütəxəssislər gövdənin quyruq hissəsində, şaquli stabilizatorda, sükanda müxtəlif ölçülü və formalı çoxsaylı açıq və qeyri-müəyyən zədələr aşkar ediblər. Oxşar zədələr təyyarənin sol mühərrikində və sol qanadında, həmçinin təyyarənin hissələri və komponentlərində aşkar edilib.

Bəzi yerlərdə zədələr düzbucaqlı formada olub. Hesabatda indiyədək dərc edilməyən fotolar da öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, “Azərbaycan Hava Yolları” QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Vurğulanıb ki, hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapıb.

Bununla yanaşı, hesabatdan məlum olub ki, "Kovyor" planı Azərbaycan təyyarəsinin vurulmasından 8 dəqiqə sonra işə salınıb.

Ümumi aviasiya mühitində “Kovyor” planı qapalı səma rejimi adlanır. Bu, havadakı bütün (bəzi istisnalarla) təyyarələrin belə bir rejimin əhatə dairəsindən dərhal enməsi və ya çıxması tələbi deməkdir. Hava məkanında sözügedən rejimin tətbiqindən xəbərdar olan pilotlar dərhal ehtiyat aerodromlara istiqamətləndilir.

İlkin hesabatda o da qeyd edilib ki, aparılan araşdırma təqsirkarların müəyyən edilməsi və ya məsuliyyətin bölüşdürülməsini nəzərdə tutmur.

Bu hesabatda təqdim olunan məlumatlar ilkin xarakter daşıyır və tədqiqatın nəticələrinə və bütün materialların öyrənilməsinə əsasən dəqiqləşdirilə və əlavə edilə bilər. İşlər başa çatdıqdan sonra aviasiya qəzasının təhqiqatının nəticələrinə dair Yekun Hesabat hazırlanacaq.

Eyni zamanda Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi araşdırmanın ilkin hesabatı ilə bağlı məlumat açıqlayıb

Nazirlikdən bildirilib ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə ("AZAL") məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış "Embraer 190-100 IGW" tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilib, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilibr.

Azərbaycan və Qazaxıstanın tərəfdar olduğu 1944-cü il Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə əsasən, hadisənin baş verdiyi dövlət kimi Qazaxıstan araşdırmaya başlayıb. Bu araşdırmanın məqsədi uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsi olub, təqsirli şəxslərin müəyyən edilməsi ilə bağlı deyil. Araşdırmanın nəticələri beynəlxalq aviasiya normalarına uyğun olaraq qəzanın obyektiv səbəblərini müəyyənləşdirmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün BMAT və maraqlı tərəflərə tövsiyələr verməkdir. Azərbaycan Respublikası hava gəmisinin istismarçısı, habelə mülkiyyətçisi olan ölkə statusu ilə araşdırmada iştirak edib. Azərbaycan nümayəndələri araşdırmanın bütün mərhələlərində, o cümlədən hadisə yerinə baxışın həyata keçirilməsi və faktların qeydiyyatı məqsədilə foto və video görüntülərin təmin edilməsi, hava gəmisinin qara qutularında (CVFDR avadanlıqlarında) olan məlumatların Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində (CENIPA) oxunması prosesində iştirak ediblər, əlavə məlumat və sübutların toplanmasını da həyata keçiriblər. Məlumat üçün bildiririk ki, CVR (Cockpit Voice Recorder - Kabinə diktofonu) radioötürmələrini və kabinədəki səsləri, məsələn, pilotların səslərini və kənar səsləri yazır, FDR (Flight Data Recorder - uçuş məlumatları qeydiyyatçısı) isə vaxt, hündürlük, uçuş sürəti, kurs və təyyarənin mövqeyi kimi uçuş əməliyyatları ilə bağlı vacib parametrləri izləməlidir. "Embraer 190-100 IGW" təyyarəsində hər iki funksiyanı birləşdirən iki CVFDR cihazı mövcud olub.

BMAT tələblərinə əsasən, qəzanı araşdıran dövlət 30 gün ərzində ilkin faktiki məlumatları əks etdirən hesabatı BMAT və maraqlı tərəflərə təqdim etməlidir. Qazaxıstanda yaradılmış araşdırma komissiyası bu hesabatın hazırlanmasına Azərbaycan nümayəndələrini də cəlb edib. İlkin hesabat aşağıdakı faktları təsdiq edir:

1. 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapıb.

2. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıblar. Bu məlumat FDR vasitəsilə təsdiq olunub.

3. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib.

4. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb.

5. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb.

6. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.

7. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib.

8. Hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılıb.

9. 05:13:32-də (UTC) hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də (UTC) əlaqələndirici dispetçer "Kovyor" əməliyyatı barədə Qroznıya məlumat verir.

10. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb.

Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilib.

BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1 il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən artıq işlər başlanılıb.

AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Azərbaycan hökuməti ilkin olaraq təyyarənin Qroznı şəhərinə yaxınlaşan zaman hücuma məruz qaldığını bildirib.

Qeyd edilib ki, təyyarənin qəzaya uğramasına Rusiyanın zenit raketi səbəb olub. Raket Çeçenistanın Qroznı şəhəri üzərində pilotsuz uçuş aparatlarının (PUA) hava fəaliyyəti zamanı 8243 saylı reysə atılıb və təyyarənin yaxınlığında partlayaraq sərnişinlərə və ekipaj üzvlərinə qəlpə xəsarətləri yetirib.

Hadisədən sonra mətbuata açıqlama verən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, AZAL-ın təyyarəsini "Rusiya vurub". O deyib ki, Rusiya günahını etiraf etməli, günahkarları cəzalandırmalı və təzminat ödəməlidir.

Dekabrın 27-də Rusiya Prezidenti Vladimir Putin Əliyevə zəng edərək təyyarə qəzasına görə üzrxahlıq edib və qəzanın Rusiyanın hava məkanında baş verməsini "faciəvi hadisə" adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun