“İndi ətrafımda cüssəli kişilər barmaqları ilə məni işarə edib "sən qaçaqmalçısan" deyirlər. Mən isə sadəcə gülürəm. Özü də lap ürəkdən. Qəhqəhə çəkirəm e!”
Fevralın 28-də həbs olunan müstəqil jurnalist Fatimə Mövlamlının yaxınları onun həbsindən əvvəl yazıb hazırladığı məktubu ictimailəşdiriblər.
Fatimə Mövlamlının məktubunu olduğu kimi təqdim edirik:
“Deyirdilər ki, dayan. Deyirdilər ki, eləmə, Fatimə. Həbs olunacaqsan.
Bunu dostlarımın, əzizlərimin səmimi narahatlığı kimi qəbul edirdim. Onlara haqq verirdim.
Amma dayana bilmədim. Dayanmadım və bu yazını oxuyursunuzsa deməli dayanmamağımın əvəzini almışam - həbs olunmuşam.
İndi mənə "dayan" deyən dostlarım da yəqin giley-güzar edirlər ki, "Bax, demişdik axı. Sənə lazım idi bu?"
Lazım idi, əzizlərim. Vallah lazım idi.
Siz elə bilirsiniz ki, mənim bu dünyada ən yaxın kəsimin - anamın gözlərini nigaranlıqla yollara dikməsindən xoşbəxtəm?
Yaxud az qala öz uşağım kimi əzizlədiyim, nə qədər soyuqqanlı görünsə də mediaya repressiyalar başlayan gündən tez-tez asta səs tonu ilə "sənə ilişməyəcəklər ki?" deyə soruşan kiçik bacımın indi özü kədər içində boğulduğu vaxt anamı təsəlli etməyə çalışması məni qəhərə qərq eləmir?
Bacımın qızı mən həbs olunmazdan qısa müddət əvvəl xala deməyi öyrənmişdi. O vaxta qədər "baya" deyirdi. İndi zehnimdə onun məni sonluqdakı "a" səsini uzada-uzada xala deyə səsləməsini təsəvvür etmədiyimi, onun üçün evim qədər darıxmadığımı, Zeynəbi öz doğma övladım yerinə qoymadığımı, nisgilini çəkmədiyimi hesab edirsiniz?
Elədirsə, yanılırsınız. Səhv bilirsiniz, əzizlərim.
Bəs niyə dayanmadım?
Sabəbi çox sadədir - daxili rahatlıq.
Mən daxili rahatlığı susmamaqda tapırdım.
Həmkarlarımın sırf dürüst jurnalistika ilə məşğul olduqları üçün həbs olunduqları günlərdə mən necə sakit otura bilərdim?
Ətrafım fiziki olaraq sakit olsaydı belə, daxilimdəki səsi necə boğa bilərdim?
Mənə müraciət edən şikayətçiyə "üzrlü sayın, mən sizin probleminizi işıqlandıra bilməyəcəyəm" cavabını necə verə bilərdim?
Bacarmazdım.
Ona görə davam elədim - xəbər yazdım, reportaj hazırladım.
Bu məni xoşbəxt edirdi. Mən daxili rahatlığı təslim olmamaqda tapırdım. Peşman deyiləm.
İndi ətrafımda cüssəli kişilər barmaqları ilə məni işarə edib "sən qaçaqmalçısan" deyirlər.
Mən isə sadəcə gülürəm. Özü də lap ürəkdən. Qəhqəhə çəkirəm e!
Mən onların cəminin həyatı boyu qazana bilməyəcəyi haqlılıq payına sahibəm.
Mən jurnalistəm. Cinayət məsuliyyətinə səbəb olacaq heç bir işin altında imzam olmayıb.
Bununla fəxr edirəm!
Qısası, əzizlərim, məndən nigaran qalmayın. Yaxşıyam. Çox yaxşıyam.
Ən əsası da haqlıyam və indi uzaq həbsxana kamerasında ürəyimi sakit eləyən təkcə bir şey var - daxili rahatlıq.
Sevgilərlə,
Fatimə Mövlamlı”