Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasına qadağa qoyuldu

Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasına qadağa qoyuldu Foto: Amerikanın Səsi
28 Fevral 2025
Mətni dəyiş

Avropa Məhkəməsinin bu qərarından sonra “AzelTV“ Youtube kanalının rəhbəri aclıq aksiyasını da dayandırıb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Gürcüstanda həbs edilən “AzelTV“ Youtube kanalının rəhbəri Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasının dayandırılması haqqında qərar qəbul edib. Gürcüstanda fəaliyyət göstərən Sosial Ədalət Mərkəzinin yaydığı məlumata görə, məhkəmə bu qərarı 39-cu Qaydaya (istisna hallarda bərpaolunmaz zərərin qaçılmaz riski) əsasən verib.

Bu qərar Əfqan Sadıqovun işi Strasburq məhkəməsində mahiyyəti üzrə baxılanadək Azərbaycana ekstradisiyasını qadağan edir. Məhkəmənin bu qərarının fonunda Əfqan Sadıqov 161 gün davam edən aclıq aksiyasını dayandırıb.

Sosial Ədalət Mərkəzi 2025-ci il yanvarın 10-da AİHM-ə müraciət edərək Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasının dayandırılması üçün müvəqqəti tədbirin tətbiq edilməsini xahiş edib. Bu mexanizm insan hüquqlarının pozulması riskinin yüksək olduğu və dövlətlərin Konvensiyaya zidd hərəkətlərdən çəkinməsi zəruri olduqda istifadə olunur.

Bundan sonra Gürcüstan hökuməti öz mövqeyini məhkəməyə təqdim edərək, müvəqqəti tədbirin uzadılmamasını istəyib. Hökumət iddia edib ki, Sadıqov Azərbaycana ekstradisiya olunsa, təhlükə olmayacaq.

Sosial Ədalət Mərkəzi bəyan edib ki, Gürcüstan hökuməti Azərbaycanda jurnalistlərin sistematik şəkildə təqib edilməsi və işgəncəyə məruz qalması ilə bağlı sənədləşdirilmiş təcrübəyə, həmçinin jurnalist fəaliyyətinə görə artan siyasi təqiblərə məruz qalmış Əfqan Sadıqovun şəxsi təcrübəsinə tamamilə məhəl qoymayıb.

Aclıq aksiyasına görə vəziyyəti ağırlaşan Əfqan Sadıqov hazırda 18 saylı tibb müəssisəsində qalır. O, düzgün tibbi idarəetmə və dəstək tələb edən çətin və uzunmüddətli reabilitasiya prosesindən keçməli olacaq.

Əfqan Sadıqov 2024-cü il avqustun 3-də Azərbaycan hüquq-mühafizə orqanlarının tələbilə Tbilisidə həbs edilib. 2025-ci il yanvarın 31-də Tbilisi Şəhər Məhkəməsi prokurorun vəsatətini təmin edərək Sadıqovun barəsində seçilmiş ekstradisiya həbsini ikinci dəfə daha 3 ay uzadıb.

Gürcüstan qanunlarına görə, ekstradisiya məqsədi ilə maksimum həbs müddəti 9 aydır. Əfqan Sadıqovun işi üzrə bu müddət mayın 3-də bitir. Sosial Ədalət Mərkəzi bildirib ki, Gürcüstan hökuməti onu ekstradisiya edə bilməyəcək və işə mahiyyəti üzrə baxılması illərlə davam edə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun