Uzun illər partizan müharibəsi aparan və bir sıra ölkələrin terror təşkilatı kimi tanıdığı Kürdüstan Fəhlə Partiyasının həbsdəki lideri kürdləri demokratik təşkilatlanmaya çağırıb
Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan lideri Abdullah Öcalan həbsxanadan tərəfdaşlarına tərk-silah olunmaları ilə bağlı çağırış edib. O, hazırda saxlanıldığı İmralı həbsxanasından göndərdiyi müraciətdə bildirib ki, PKK özünü ləğv etməli, dövlət və cəmiyyətlə birləşməlidir.
Öcalan çağırışında PKK-nın yaranma səbəblərinə, indiyədək baş verən transformasiya və MHP sədri Dövlət Baxçalının çağırışı ilə başlayan prosesə toxunub.
Dövlət Baxçalı ötən ilin oktyabrında etdiyi təklifində bildirib ki, silahlı qruplaşmalar fəaliyyətlərini dayandırsa, Öcalan azadlığa buraxılmalıdır. Bu təklifi hakim AKP partiyası da dəstəkləyib.
Öcalan tarixi çağırışına PKK-nı hansı şəraitdə qurduğunu və təşkilatın “real sosialist sistemin reallıqlarının güclü təsiri altında olduğunu” təsvir etməklə başlayıb.
Daha sonra o, 90-cı illərdə “PKK-nın daxilində baş verənlərdən sonra həqiqi sosializmin iflasa uğraması, Türkiyədə kimliyin inkarının aradan qaldırılması və söz azadlığının inkişafı”ndan bəhs edib.
“Beləliklə, təşkilat öz analoqları kimi həyatını başa vurub və onun fəaliyyətinin dayandırılması zəruri olub”, – deyə Öcalan vurğulayıb.
Öcalan demokratik cəmiyyətin əhəmiyyətini qeyd edərək bildirib ki, müasir dövrdə kürdlər demokratik mənada təşkilatlanmalıdırlar.
Bu səbəbdən də o, silahları yerə qoymağa dair çağırış edib və “bu tarixi məsuliyyəti” öz üzərinə götürüb.
“The Guardian“ nəşri yazır ki Öcalanın bu mesajı təkcə kürd qüvvələrinin əhəmiyyətli ərazilərə nəzarət etdiyi Suriyada deyil, həm də İran və İraqda, Yaxın Şərqdə geniş təsirlərə malik olacaq. Onun bu açıqlaması tərəfdaşlarını da sevindirib.
Kürdyönümlü Xalqların Bərabərliyi və Demokratiya Partiyasından (DEM) Sırrı Süreyya Öndər bildirib ki, “Bu, tarixin qırılma nöqtəsidir və müsbət haldır. Bu qaranlıq, xaotik günlərdən mümkün bir yol tapmaq üçün kompasla dayanmışıq”.
Partizan döyüşü formasında mübarizə aparan PKK Türkiyə ordusuna və təhlükəsizlik hədəflərinə yönəlmiş avtomobil partlayışlarına və atışmalara görə məsuliyyət daşıyır. Qrup ötən ilin oktyabrında Ankara yaxınlığında dövlətə məxsus silah şirkətinə hücumundan sonra 5 nəfərin ölümü və 22 nəfərin yaralanması ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.
2015-ci ildə PKK ilə Türkiyə arasında atəşkəsin pozulmasının ardınca Ankara İraqın şimalındakı dağlar boyunca döyüşçüləri hədəf alan pilotsuz təyyarələrdən və hava hücumlarından istifadə edərək qruplaşmaya hücumları bərpa edib.
Beynəlxalq Böhran Qrupu analitik mərkəzinin hesablamalarına görə, o vaxtdan bəri Türkiyə və İraqın şimalında baş verən toqquşmalarda və ya hücumlarda 7152-dən çox adam, o cümlədən 646 mülki şəxs, 4000-dən çox yaraqlı və Türkiyə təhlükəsizlik qüvvələrinin təxminən 1500 üzvü həlak olub.
Öcalanın mesajı Suriyanın şimal-şərqində və İraqın şimalında yayılan, eləcə də PPK-ya bağlı olan kürd silahlı qrupları, xüsusən də İŞİD yaraqlılarına qarşı döyüşən Suriya Demokratik Qüvvələrinə (SDQ) də təsir edəcək.
Qrup keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonra Dəməşqdə yeni hakimiyyətlə Suriyanın şimal-şərqinə nəzarət, eləcə də onların ümummilli hərbi qüvvədəki gələcək rolu barədə danışıqlar aparır.
PKK daxilindəki fərqli fraksiyaların Öcalanın çağırışına necə cavab verəcəyi də qeyri-müəyyən olaraq qalır. PKK-nın Suriya qolunun rəhbəri “Əl Ərəbiyyə”yə deyib ki, tərksilah qərarı qrupa “siyasi fəaliyyətə icazə verilməklə” müşayiət olunmalıdır.
Hazırda 75 yaşı olan Öcalan 1999-cu ildə Keniyada həbs olunandan sonra barəsində ölüm hökmü verilmişdi, daha sonra bu qərar ömürlük həbs cəzası ilə əvəz olunub. Onun 1978-ci ildə qurduğu PKK Türkiyə, eləcə də İngiltərə və ABŞ-də terror təşkilatı kimi tanınır.