Zelenski: “Donbasın gələcəyi ilə bağlı ABŞ, Ukrayna və Rusiya razılığa gələ bilməyib”

Zelenski: “Donbasın gələcəyi ilə bağlı ABŞ, Ukrayna və Rusiya razılığa gələ bilməyib”
9 Dekabr 2025
Mətni dəyiş

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Donbas ərazilərinin gələcək statusu ilə bağlı ABŞ, Ukrayna və Rusiyanın vahid mövqeyi yoxdur. Bu barədə “Bloomberg” agentliyinə müsahibə verən Zelenkinin sözlərinə görə, Kiyev Qərb müttəfiqlərindən, ilk növbədə ABŞ-dən ayrıca təhlükəsizlik təminatları haqqında saziş tələb edir.

“Bir sual var ki, mən və bütün ukraynalılar ona cavab almaq istəyirik: Rusiya yenidən müharibəyə başlasa, tərəfdaşlarımız nə edəcək?” - Zelenski deyib.

Zelenskinin bu açıqlaması ABŞ Prezidenti Donald Trampın onu tənqid etməsindən bir neçə saat sonra səslənib. Tramp ukraynalı liderin ABŞ-nin təklifini hələ tanımadığını söyləyərək “bir qədər məyus olduğunu” bildirib. Söhbətin daha əvvəl müzakirə edilən planın, yoxsa yeni variantın hansısa formasından getdiyi dəqiqləşdirilmir.

Ukrayna prezidenti qeyd edib ki, danışıqların gedişində ABŞ-nin sülh planı 28 bənddən 20 bəndə endirilib və Ukrayna üçün ən mübahisəli şərtlər çıxarılıb. Lakin o, hansı bəndlərin dəyişdirildiyini açıqlamayıb. Zelenskinin sözlərinə görə, ərazi məsələləri üzrə kompromis hələ tapılmayıb.

Zelenski vurğulayıb ki, Ukrayna nə ölkə Konstitusiyasına, nə də beynəlxalq hüquqa əsasən öz ərazilərini vermək hüququna malikdir.

“Şübhəsiz, Rusiya israr edir ki, biz əraziləri verək. Biz qətiyyən heç nə vermək istəmirik, buna görə də mübarizə aparırıq”, - o deyib.

Zelenski əlavə edib ki, Ukrayna tərəfi dekabrın 9-da sülh planı üzərində işi yekunlaşdıracaq və sənədi ABŞ-yə təqdim edəcək. Onun sözlərinə görə, son versiya müdafiə naziri Rüstəm Umerovun gətirdiyi variant əsasında, Ukrayna və avropalı müttəfiqlərin müşavirlərinin iştirakı ilə hazırlanır.

“Politico” nəşri mənbələrə istinadla yazır ki, danışıqlar Donbasın gələcək statusu məsələsinə görə dalana dirənib. Nəşrin sitat gətirdiyi yüksək vəzifəli avropalı rəsmiyə görə, “amerikalılar Ukraynanın Donbası bu və ya digər şəkildə tərk etməli olduğunda israr edirlər”.

“Politico”nun məlumatına əsasən, Rusiya Ukraynadan ərazilərdən imtina tələbini davam etdirir, Ukrayna isə istənilən sülh razılaşmasının müharibənin mövcud mövqelər üzrə dondurulmasını nəzərdə tutmalı olduğunu bildirir.

Məsələ, həmçinin Avropa liderlərinin gündəmindədir. Zelenski bazar ertəsi Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts ilə görüşüb. Liderlər bildiriblər ki, mümkün sülh sazişi bağlanacağı təqdirdə atılacaq addımlara dair daha aydın planlar hazırlamaq istəyirlər. “Reuters” agentliyinin Böyük Britaniya hökumətindəki mənbəsi isə görüşdə dondurulmuş Rusiya aktivlərindən istifadə imkanının da müzakirə olunmasının planlaşdırıldığını bildirib.

ABŞ-nin ilkin sülh planının mətbuatda yayılan, lakin rəsmi qaydada açıqlanmayan versiyasına görə, bütün Donbasın Rusiyaya verilməsi, Ukrayna qoşunlarının Donetskin nəzarətdə saxladıqları ərazilərdən çıxarılması və Xersonla Zaporojye vilayətlərində döyüşlərin təmas xətti boyunca dondurulması nəzərdə tutulurdu. Daha sonra ABŞ, Ukrayna nümayəndə heyəti ilə təmaslardan sonra sənədi yeniləyib və “The New York Times”ın yazdığına görə, ərazi bəndlərini çıxararaq onların “gələcək danışıqlara” saxlanılmasını təklif edib.

“Axios” isə bildirir ki, Zelenskinin ABŞ Prezidenti nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə dekabrın 6-da keçirilən görüşündə ərazi məsələləri və təhlükəsizlik təminatları müzakirə olunub. Nəşrin mənbəsi ərazi müzakirələrinin “çətin” keçdiyini qeyd edib. Mənbəyə görə, Rusiya Ukraynadan Donbasda nəzarətində olan ərazilərdən qoşunları çıxarmağı tələb edir, ABŞ isə bu problemin həlli üçün “yeni ideyalar” üzərində işləməyə çalışır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun