AXCP fəalı Kənan Basqal: “Heç bir cinayət törətmədən 9 aydır həbsdəyəm”

AXCP fəalı Kənan Basqal: “Heç bir cinayət törətmədən 9 aydır həbsdəyəm”
12 Dekabr 2025
Mətni dəyiş

Dekabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərindən biri, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalovun (Kənan Basqal) məhkəmə prosesi keçirilib.

“Azadlıq Radiosu”nun məlumatına görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə, hakimlər Fəxri Məmmədov və Leyla Əsgərova-Məmmədovadan ibarət hakim heyətinin baxışında olan prosesdə Kənan Zeynalov ifadə verib. O, heç bir cinayət törətmədiyi halda, doqquz aydır həbsdə saxlanıldığını deyib.

Vəkil Nazim Musayev məhkəmə iclasında hakimlər heyətinə etiraz verərək bildirib ki, müvəkkilinə münasibətdə prosessual qanunvericiliyin tələbləri pozulub. Onun sözlərinə görə, Kənan Zeynalov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 7 noyabrda başa çatsa da, həbsin uzadılması barədə qərar olmadan o, azadlıqdan məhrum vəziyyətdə qalıb:

“Hakimlər ən azı, məhkəmənin ilkin hazırlıq iclasının vaxtını irəli çəkə bilərdilər. Amma etmədilər, 17 gün gecikmə oldu. Nəticədə Kənan Zeynalov bu müddətdə qanunsuz şəkildə həbsdə saxlandı”.

Hakimlər kollegiyası müdafiə tərəfinin bu vəsatətini baxılmamış saxlayıb.

Vəkil əvvəlki iclasda vəsatət qaldıraraq əvvəlcə Kənan Zeynalovun bıçaqladığı iddia edilən zərərçəkmiş Anar Rəhimovun dindirilməsini, daha sonra müvəkkilinin ifadə verməsini təklif etmişdi. Lakin prokuror və hakimlər əvvəlcə AXCP fəalının dindirilməsində israr edib, əks halda bunu “ifadə verməkdən imtina” kimi qiymətləndirəcəklərini bildiriblər. Bu səbəbdən Kənan Zeynalov dekabrın 11-də ifadə verib.

Yeni Günəşli ərazisində Anar Rəhimovu bıçaqlamaqda ittiham olunan Kənan Zeynalov məhkəmədə bildirib ki, nə üstündə bıçaq olub, nə də kiməsə bıçaqla xəsarət yetirib. O, saxlanılmasının Ramazan ayında, məscidə getdiyi vaxt baş verdiyini deyib:

“Ramazan ayı idi, oruc tutmuşdum, axşamtərəfi məscidə gedirdim. Evin yaxınlığında həmin şəxs qabağımı kəsdi, dedi ki, “məni söymüsən”. Başa düşdüm ki, salamat adam deyil, aralanıb çıxmaq istədim, imkan vermirdi. Axırda dedim ki, yaxşı, üzr istəyirəm, burax, çıxım gedim. Bu, məni qaldırıb yerə vurdu. Dərhal polislər gəldilər, məni yerə yıxdılar. Birdən bu da yıxıldı yanıma. Soruşdum ki, buna nə oldu? Dedilər ki, “sən onu bıçaqlamısan””.

AXCP fəalı vurğulayıb ki, əgər həqiqətən belə bir cinayət törətsəydi, bunu inkar etməyi özünə sığışdırmazdı:

“36 yaşlı, 120 kilo çəkisi olan adamdır, mənim isə 60 yaşım var. Sonradan özünə də dedim ki, ola bilsin, üstündə hansısa cinayət işi var, ona görə mənə şər atıb üzümə durmaqla xilas olmaq istəyirsən. Mən namusuma and içirəm ki, bu cinayəti törətməmişəm”.

O, həmçinin qeyd edib ki, təqsirsiz olduğuna baxmayaraq, məhkəmədən ədalətli hökm gözləmir, çünki ölkədə məhkəmə sisteminin vəziyyətini yaxşı bilir.

Kənan Zeynalov bu il martın 21-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 11 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Cinayət işinin materiallarında iddia olunur ki, AXCP üzvü Anar Rəhimovla mübahisə edib və ona bıçaqla xəsarət yetirib. Hadisədən sonra o, əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Məhkəmə prosesi dekabrın 25-də davam etdiriləcək.

AXCP sədri Əli Kərimli mühafizəçisinin həbsini “qeyri-adi şərləmə” adlandırıb:
“Kənan Basqalı tanıyanlar bilir ki, o, həddən artıq mədəni, mehriban, heç vaxt zorakılığa meyl göstərməyən bir insandır”.

Partiya rəhbərliyi Kənan Zeynalova qarşı irəli sürülən ittihamları siyasi motivli sayır. Dövlət orqanları isə ümumiyyətlə belə işlərdə siyasi motivləri qəbul etmir, ittiham olunan şəxslərin konkret cinayət əməlində təqsirləndirildiyini bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun