Vətəndaş cəmiyyəti üzvləri Amnistiya Aktını tənqid edir: “Amnistiya deyil, manipulyasiya”

Vətəndaş cəmiyyəti üzvləri Amnistiya Aktını tənqid edir: “Amnistiya deyil, manipulyasiya”
25 Dekabr 2025
Mətni dəyiş

Azərbaycanın xaricdə yaşayan bir qrup vətəndaş cəmiyyəti fəalı Milli Məclisin dekabrın 19-da qəbul etdiyi, dekabrın 22-dən icrasına başlanılan Amnistiya aktı ilə bağlı bəyanat yayıb. Onlar Prezident İlham Əliyevin təşəbbüsü ilə elan olunan “Konstitusiya və Suverenlik İli” amnistiyasını “əsasən təbliğat və manipulyasiya vasitəsi” adlandırırlar.

Bəyanat “Amnistiya deyil, manipulyasiya!” şüarı ilə başlayır. Müəlliflər bildirirlər ki, hökumət və rəsmi media bu sənədi “indiyə qədərki ən genişmiqyaslı amnistiya” kimi təqdim etsə də, bu iddianı Amnistiya aktının mətninin özü təkzib edir:

“Hökumət və rəsmi media bu amnistiyanın tətbiq ediləcəyi məhkumların, o cümlədən həbs cəzasından azad ediləcək məhbusların sayına görə ən genişmiqyaslı amnistiya olacağı təbliğatını aparır. Bu əsassız təbliğatı nəzərə alaraq, biz bu Amnistiya aktının əslində amnistiya deyil, manipulyasiya olduğunu ictimaiyyətin diqqətinə çatdırırıq”.

Bəyanat müəllifləri qeyd edirlər ki, Aktın 1-ci bəndində nəzərdə tutulan şəxslərin dairəsi sosial cəhətdən həssas qrupları əhatə etsə də, 2-ci və 3-cü bəndlərdə amnistiyanın şamil olunduğu cinayət kateqoriyaları və müddətlər çox məhdud götürülüb:

“Amnistiya üzrə cəzadan azad edilən məhkumlara münasibətdə az ağır və ağır kateqoriyalar cəzasının bitməsinə qısa müddət qalmışlarla (müvafiq olaraq, 6 ay və 1 il) məhdudlaşdırılıb. Eyni yanaşma cəzaların azaldılmasına münasibətdə də tətbiq edilib - cəza yüngülləşdirmə yalnız 6 ayla məhdudlaşdırılıb”.

Onlar həmçinin bildirirlər ki, Aktın 7-ci bəndində amnistiyanın tətbiqinə məhdudiyyət kimi yalnız ağır və xüsusilə ağır cinayətlər yox, “az ağır cinayətlərin də geniş siyahısı” əlavə olunub və bu, rəsmi ritorika ilə ziddiyyət təşkil edir:

“Bunun nəticəsində bu Amnistiya aktının misli görünməmiş olmasına dair rəsmi iddialar elə Aktın özünün mətni əsasında təkzib edilib”.

Mühacir fəallar tarixi müqayisəyə də yer verirlər. Onlar xatırladırlar ki, həm Birinci Respublika dövründə, həm də müstəqilliyin ilk illərində daha geniş amnistiyalar olub:

“1919-cu ildə qəbul edilmiş “Azərbaycan Parlamentinin açılması münasibətilə siyasi əfvi-ümumi” Qanunu və 1992-ci ildə qəbul edilmiş “Azərbaycan Demokratik Respublikasının 74 illiyi münasibətilə amnistiya verilməsi haqqında” Qanun genişmiqyaslı amnistiyalara əsas nümunələrdir. Qeyd edilən nöqteyi-nəzərdən, 2025-ci il Amnistiya aktının “ən genişmiqyaslı amnistiya” olmasına dair təbliğatı əsassızdır”.

Bəyanatda amnistiya institutunun mahiyyətinə toxunularaq vurğulanır ki, bu, “dövlətin fövqəladə (ekstraordinar) addımı” olmalı və keçid ədalətinin tərkib hissəsi kimi ciddi hüquq və siyasət dəyişikliyinə xidmət etməlidir. Müəlliflər hesab edirlər ki, 2025-ci il Amnistiya aktı bu kriteriyalara cavab vermir:

“Cəzasının bitməsinə qısa müddət (6 ay və ya 1 il) qalmış məhbusların azad edilməsi üçün ələladə cinayət-hüquqi vasitə kimi şərti vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə institutları mövcuddur. 2025-ci il Amnistiya aktı keçid ədaləti prinsiplərinə cavab vermir, karseral dövlət təcrübəsini və bu təcrübənin yol açdığı məhbus sıxlığı böhranını, habelə siyasi məhbus problemini aradan qaldırmağa heç bir töhfə vermir”.

Bəyanat müəllifləri Azərbaycanın cinayət-hüquq sistemini “Sovetdən qalma karseral dövlət praktikası” ilə izah edir, həm ümumi məhbus sayının yüksəkliyi, həm də siyasi həbslərin miqyasına diqqət çəkirlər:

“Azərbaycan Avropa Şurası ölkələri arasında adambaşına düşən məhbus sayına görə ön sıralardadır. Cari Azərbaycan hökuməti tərəfindən siyasi həbsetmə alətindən istifadə edilərək haqsız həbslərə yol verilməsi nəticəsində hazırda Azərbaycanda siyasi məhbusların sayı 400 civarına çatıb”.

Onların fikrincə, bu rəqəm Azərbaycanın Avropa Şurasına üzv olduğu dövrdə siyasi məhbuslarla bağlı “ən yüksək statistikanı” ifadə edir.

Bəyanatın sonunda vurğulanır ki, ölkədə insan hüquqları böhranı davam edir və hazırkı amnistiya nə bu böhranın səbəblərini aradan qaldırır, nə də siyasi məhbus probleminin həllinə real töhfə verir:

“Ölkəmizdə insan hüquqları böhranı davam edir. 2025-ci il Amnistiya aktı keçid ədaləti prinsiplərinə cavab vermir, karseral dövlət modelini və bu modelin penitensiar müəssisələrdə yaratdığı sistemli məhbus sıxlığı böhranını aradan qaldırmır, habelə ölkədə mövcud siyasi məhbus probleminin həllinə heç bir real töhfə vermir”.

Dekabrın 15-də Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü ilə çıxış edib. Dekabrın 19-da Milli Məclis “amnistiya elan edilməsi haqqında” Qərarı qəbul edib, dekabrın 22-dən isə Aktın icrasına başlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun