“Vaqner”in tərkibində Ukraynada döyüşdüyü deyilən azərbaycanlı azadlıqdan məhrum edilib

“Vaqner”in tərkibində Ukraynada döyüşdüyü deyilən azərbaycanlı azadlıqdan məhrum edilib
4 Dekabr 2025
Mətni dəyiş

Azərbaycanda Ukraynaya qarşı müharibədə “Vaqner” özəl hərbi şirkətinin tərkibində döyüşdüyü iddia olunan İsmayıl Həsənov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, məhkəmə İsmayıl Həsənovu ölkə hüdudlarından kənarda silahlı birləşmələrin fəaliyyətində iştirakda təqsirli bilib və ona qarşı Cinayət Məcəlləsinin 279.1-ci maddəsi (“Azərbaycan Respublikasından kənarda yaradılmış qanunsuz silahlı birləşmələrin tərkibində iştirak”) üzrə hökm çıxarıb. Bu barədə “Oxu .az” məlumat yayıb.

İsmayıl Həsənovun həbs edilməsi barədə məlumat ilk dəfə 2025-ci il iyulun 10-da yayılıb. Həmin vaxt yerli mediada onun və Ramil Əliyevin müxtəlif ölkələrin ərazilərində “təlim və döyüş əməliyyatlarında iştirak etdikləri”, eləcə də “Azərbaycan vətəndaşlarını da ölkə xaricində oxşar fəaliyyətə cəlb etməyə çalışdıqları” bildirilmişdi.

Məlumata görə, Tovuz rayonunda anadan olan İsmayıl Həsənov Rusiyada 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. “Oxu .az” onun hansı maddə ilə və hansı tarixdə məhkum olunduğunu dəqiqləşdirmir. Sayt yazır ki, Həsənov cəzasının qalan 3 il 6 ayını Azərbaycanda çəkməsi üçün Rusiya hakimiyyətinə iki dəfə müraciət edib, lakin hər dəfə rədd cavabı alıb.

2022-ci ilin noyabrında o, cəzasını çəkdiyi koloniyada “Vaqner”in rəhbəri Yevgeni Priqojinlə üz-üzə gəlib. Priqojin məhkumlara Ukraynaya qarşı müharibədə “Vaqner”in tərkibində 6 ay xidmət müqabilində azadlıq, Rusiya vətəndaşlığı və aylıq 91 min rubldan artıq əməkhaqqı vəd edib. Məlumata görə, Həsənov təklifi qəbul edib və 2022-ci il noyabrın 25-də digər məhkumlarla birlikdə Rostov-na-Donu şəhərinə aparılaraq orada müqavilə imzalayıb.

Daha sonra onu Ukraynanın şərqindəki tanınmamış separatçı “Luqansk Xalq Respublikası” adlı qurumun nəzarətində olan əraziyə göndəriblər. Həsənov ifadələrində iddia edib ki, birbaşa döyüşlərdə iştirak etməyib, onun əsas vəzifəsi cəbhə xəttindən həlak olmuş və yaralanmış Rusiya hərbçilərinin çıxarılması olub.

2023-cü il mayın 25-də İsmayıl Həsənova vəd edilən məbləğin ödənildiyi, ona medalla yanaşı fəxri fərman təqdim olunduğu bildirilir. Bundan əlavə, o, Rusiya vətəndaşlığı da alıb.

2025-ci ilin oktyabrında Avropa İttifaqının hüquq-mühafizə orqanları üzrə əməkdaşlıq agentliyi Avropol “Vaqner” və “Redut” kimi Rusiyanın özəl hərbi şirkətlərilə bağlı 650-dən çox ehtimal olunan döyüşçünü müəyyən etdiyini açıqlayıb. Onların arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilib.

Bundan əvvəl, 2024-cü ilin sentyabrında Azərbaycan hökuməti Çeçenistanda saxlanılan üç nəfər - Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məmmədov barədə Rusiya Xarici İşlər Nazirliyinə müraciət etmişdi. Rəsmi Bakı onların Ukraynaya qarşı müharibəyə zorla göndərildiyini iddia edib və Rusiya tərəfini vəziyyəti araşdırmağa, azərbaycanlıların hüquqlarını təmin etməyə çağırmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun