Ülviyyə Əli təcridxanadan yazır: “Mən də bir kişinin qurbanıyam – İlham Əliyevin”

Ülviyyə Əli təcridxanadan yazır: “Mən də bir kişinin qurbanıyam – İlham Əliyevin”
8 Dekabr 2025
Mətni dəyiş

Əgər maddələr üzrə kateqoriyaya bölsək, buradakı qadınlar, əsasən, dələduzluq və narkotik maddələri ilə həbs olunublar. Həbsxanada qadınlar arasında “bir kişinin qurbanı olmuşam” ifadəsi ən populyar cümlələrdən biridir. Söhbət etdiyim əksər qadınların da dilindən bu cümlə düşmür.

Məsələn, Səidənin 38 yaşı var və ikinci dəfə ailə həyatı qurub. Vətəndaş nikahında olduğu Arif adlı kişi qısqanc, ona göz verib işıq verməyən biri olub. Üç illik münasibətləri boyu isə onu döyüb. Səidənin qohumları onu qınaq obyektinə çevirib. Döyülməsində də onu günahlandırıblar ki, birinci ərindən boşanmasa, belə olmazdı. Səidənin birinci ərindən boşanma səbəbi əvvəlki həyat yoldaşının ona xəyanət etməsi olub. İkinci dəfə boşanmaqdan çəkinən qadın zülmə dözüb, səsini çıxara bilməyib. Sonradan zorakılıqdan polisə şikayət etsə də, bir neçə saat sonra həmin şəxs sərbəst buraxılıb. O ehtimal edir ki, polis həmin şəxsi yaxşıca “soyub” deyə buraxıb. Qohumları isə qadını polisə şikayət etdiyi üçün “bizi biabır edirsən,” – deyib  qınayıblar. Səidənin sözlərinə görə, Arif narkotik aludəçisi idi və bu səbəblə həbs olunduqdan sonra qadından əl çəkməyib. Kişi rüşvət verərək elektron qandalla sərbəst buraxılıb. Bundan sonra Arif ondan ayrıldığı üçün Səidənin yolunu kəsərək onu döyüb, hədələyərək “onsuz məni tutacaqlar, amma sənin çöldə kef etməyinə imkan verməyəcəm” deyib. Ardınca Səidə keçmiş həyat yoldaşı kimi narkotik maddəsi ilə həbs olunub. İttiham aktında da qəribə məqam var. Guya Səidə narkotik vasitələrin satışını öz nömrəsindən öz nömrəsinə edirmiş. Səidə də həmişə bu hekayəni danışıb deyir ki, “bir kişinin qurbanı olmuşam”.

Nuranə, 36 yaş. Nuranə birinci həyat yoldaşından övladları olmadığı üçün ayrılıb. Yoldaşının ailəsi bu səbəbdən onu qınağa, təzyiqə məruz qoyurmuş. Nuranənin sözlərinə görə, həkim problemin həyat yoldaşında olduğunu desə də, qınaqlar ancaq onun ünvanına səslənirmiş. Boşandıqdan sonra isə Nuranənin həyatında uzun müddət kimsə olmayıb. Deyir, yaş keçirdi və övladının olmasını istəyirdi deyə Namiq adlı biri ilə vətəndaş nikahında yaşamağa başlayıb. Namiq münasibətləri boyu Nuranəyə bahalı hədiyyələr alır, səyahətlərə aparırmış. Qısa müddət ərzində Namiqin davranışı dəyişir, Nuranəyə zorakılıq tətbiq etməyə başlayır. Nuranə buna görə ondan ayrılır. Ayrıldıqdan sonra Namiq qadını dilə tutur və yaşadıqları evə getməyə təkid edir. Elə yolda gedərkən Nuranə maşına mülki geyimli şəxslər tərəfindən zorla mindirildiyini xatırlayır.

Hazırda Namiq də, Nuranə də dələduzluq ittihamı ilə həbsdədirlər. Nuranənin dediyinə görə, həmin bahalı hədiyyələr, səyahətləri Namiqin kimdənsə dələduzluq yolu ilə əldə etdiyi pullarla aldığını sonradan öyrənib. Nuranə tək səhvinin onun adına olan bank kartından istifadə etməsinə imkan yaratmasında olduğunu deyir. Bu yaxınlarda Namiq ona söz göndəribmiş ki, əgər Nuranə ondan ayrılmasa, məhkəmədə qadının günahsız olduğunu deyəcək. Nuranə də öz hekayəsini danışıb söyləyir ki, “bir kişinin qurbanı olmuşam”.

Toma, 29 yaş. Tomanın 7 yaşında bir qızı var. Keçmiş həyat yoldaşının ailəsi onu qəbul etmədiyi üçün 19 yaşında boşanmalı olub. Hətta ailə imkanlı olduğuna görə uşağını ondan almağa nail olub. Amma daha sonra uşağın vəlayətini kompromisə gedərək ala bilib. Toma boşandığına görə öz ailəsi tərəfindən də qəbul olunmayıb. Üç ay küçədə qalmağa məcbur olub.

Lakin sonra bir iş tapıb və kirayə ev tuta bilib. Çox çətin həyat sürən Toma deyir ki, bir müddət sonra öz ailəsi ilə barışır. Anasının şəkərli diabet olduğunu öyrənir. Şəkər səbəbiylə anasının ayağında gedən çürüməyə görə həkim seçim qoyur, ya anasının ayağı kəsilməlidir, ya da müalicəsi üçün külli miqdarda pul tapılmalıdır. Yaxın kişi qohumu Tomanın çətin vəziyyətini görərək ona sərhəddən narkotik vasitə keçirməsini təklif edir və bu işdə yaxşı pul olduğunu deyir. 

Toma da əksər qadınlar kimi “bir kişinin qurbanı olmuşam” deyir.

Həbsxanadakı monoton günlərdən biridir. İki qadının söhbətinə şahid oluram. Yenə eyni cümləni eşidirəm: “Bir kişinin qurbanı olmuşam”.

Özümü saxlaya bilməyib deyirəm:  “Mən də bir kişinin qurbanıyam – İlham Əliyevin”.

Ülviyyə Əli, 32 yaş. Məncə, mənim hekayəm hamıya məlumdur...

Qeyd: Yazıdakı adlar təhlükəsizlik və şəxsi həyata hörmət səbəblərindən şərtidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun