Ukrayna hakimiyyəti ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hazırladığı sülh planı layihəsinə rəsmi cavabını ABŞ prezidentinin administrasiyasına göndərib. Bu barədə “Axios” nəşri ABŞ və Ukrayna rəsmilərinə istinadla xəbər verib. “RBK-Ukrayna”nın mənbəsi də Kiyevin Vaşinqtona “yenilənmiş sülh planı” təqdim etdiyini bildirib.
Məlumata görə, Ukrayna ABŞ-nin təkliflərinə ətraflı cavabı Avropadakı müttəfiqləri ilə məsləhətləşmələrdən sonra hazırlayıb. Ukraynanın baş danışıqları aparanı, müdafiə naziri Rustem Umerov cavabı ABŞ prezidentinin müşaviri və kürəkəni Cared Kuşnerə göndərib. Ukraynalı rəsmilər bildirir ki, sənəddə planın “real icrasını mümkün etmək üçün” şərhlər və düzəliş təklifləri yer alıb. Bu cavabda həmçinin Rusiyanın işğal etdiyi ərazilərin statusu və Zaporojye AES-in gələcək hüquqi rejiminin həlli ilə bağlı yeni ideyalar əksini tapıb.
ABŞ və Ukraynanın yüksək rütbəli hərbi rəsmilərinin dekabrın 11-də onlayn formatda görüşərək Vaşinqtonun sülh planının konkret detallarını müzakirə edəcəkləri gözlənilir.
Prezident Volodimir Zelenski son həftələrdə ABŞ-dən artan təzyiq altında qalıb.
Məlumata görə, Vaşinqton Kiyevdən prezident Donald Trampın 20 bəndlik sülh planını - böyük ərazi itkilərini nəzərdə tutan sənədi mümkün qədər tez qəbul etməyi tələb edir. “Financial Times” qəzeti bildirib ki, ABŞ Ukraynaya planla bağlı cavab vermək üçün “bir neçə gün” vaxt qoyub və Tramp razılaşmanı “Miladadək” əldə etməyə ümid edir.
Zelenski dekabrın 10-da yaydığı video-müraciətində 20 bənddən ibarət sülh planını ABŞ ilə münasibətlər üzrə daha iki sənədin hazırlanacağı “fundamental sənəd” adlandırıb. Onun sözlərinə görə, birinci sənəd ABŞ-nin təhlükəsizlik zəmanətlərinə, ikinci sənəd isə Ukraynanın bərpası və birgə investisiya layihələrinə dair olacaq.
“The Washington Post” qəzetinin köşə yazarı Devid İqnatius yazıb ki, amerikalı və ukraynalı rəsmilərin məlumatına əsasən, sülh planı çərçivəsində Kiyev və Vaşinqton arasında Ukraynanın artıq 2027-ci ildə Avropa İttifaqına üzv olması ilə bağlı təklif də müzakirə olunur.