Şərur rayonunun Muğancıq Mehrab kənd tam orta məktəbinə yenidən direktor təyin olunan Sinduz Cəfərovanın məktəbin bütün müəllim heyətini polisə şikayət etdiyi bildirilir.
Bu barədə məlumatı “Gündəlik Naxçıvan”a danışan müəllimlər veriblər. Onların sözlərinə görə, şikayətə səbəb kollektivin direktoru kütləvi şəkildə boykot etməsi və narazılıqlarını mətbuatda ictimailəşdirməsidir.
Sinduz Cəfərova iki il əvvəl eyni məktəbdə direktor işləyərkən rüşvət və korrupsiya ittihamları ilə vəzifəsindən azad edilib. Buna baxmayaraq, Təhsil Nazirliyi müəllimlərin etirazına məhəl qoymadan noyabrın 24-də onu yenidən direktor təyin edib.
Təyinatdan sonra müəllimlər və valideynlər “Gündəlik Naxçıvan” vasitəsilə ictimaiyyətə müraciət edərək dərsləri boykot edəcəklərini açıqlayıblar. Müəllimlərin iddiasına görə, bu açıqlamadan dərhal sonra direktor polisə şikayət edib və həmin şikayət əsasında müəllimlər bölməyə çağırılaraq dindirilir:
“Biz müraciətimizdə heç kimi təhqir etmədən narazılığımızı ictimaiyyətə çatdırmışıq. İndi bu müraciəti təşkil edənləri tapmaq üçün bizi sorğu-suala çəkirlər. Telefonlarımızı tələb edirlər ki, yazışmaları yoxlasınlar. Bunların hamısı qanunsuzluqdur, bizim gözümüzü qorxutmaq üçündür. Biz sadəcə azad fikrimizi bildirmişik. Buna görə polisin bizi dindirməsi söz azadlığına ziddir və qanunlara uyğun deyil”.
Müəllimlərin sözlərinə görə, onlara qarşı təzyiq yalnız polis orqanları ilə məhdudlaşmır. Müraciət ictimailəşdikdən sonra həm yerli təhsil qurumları, həm də rayon Təhsil Şöbəsinin təzyiqləri daha da artıb:
“Bizi maddə ilə işdən çıxarmaqla, şiddətli töhmət verməklə hədələyirlər. Bu təzyiqlərin hamısı nazirin göstərişidir. Biz Sinduz Cəfərova ilə işləmişik, onu yaxşı tanıyırıq. Rüşvətxor, müəllimi, şagirdi, valideyni hər addımda aşağılayan və təhqir edən şəxsin yenidən bizə rəhbərlik etməsini istəmirik”.
Müəllimlər Azərbaycan Təhsil Nazirliyinə müraciət edərək etirazlarının nəzərə alınmasını, Sinduz Cəfərovanın direktor vəzifəsindən uzaqlaşdırılmasını tələb edirlər.