Səhhətindəki problemlərdən şikayətlənən Hafiz Babalı hələ də tibb məntəqəsinə köçürülmədiyini bildirir

Səhhətindəki problemlərdən şikayətlənən Hafiz Babalı hələ də tibb məntəqəsinə köçürülmədiyini bildirir
8 Dekabr 2025
Mətni dəyiş

“Abzas Media işi” üzrə 9 il azadlıqdan məhrum edilən araşdırmaçı jurnalist Hafiz Babalı səhhətindəki problemlərlə əlaqədar saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsində lazımi tibbi şəraitin yaradılmamasından şikayət edir.

Jurnalistin “Facebook” hesabında dekabrın 6-da yayılan məlumata görə, onun ayağındakı vəziyyət ağırlaşıb. 

Babalı bildirir ki, müəssisə həkiminin baxışından sonra onda qızılyel (erysipelas) infeksiyası müəyyən edilib və Sefazolin-Akos iynəsi vurulub. Lakin müalicəyə baxmayaraq, vəziyyətinin ağır olaraq qaldığını qeyd edir.

Hafiz Babalı yazır ki, buna rəğmən, onu nə 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibbi-sanitar şöbəsinə, nə müəssisədaxili, nə də xarici tibbi müayinə məntəqəsinə köçürmək üçün şərait yaradılıb. O, müalicənin davam etdirilməsi və vəziyyətinin nəzarətdə saxlanılması üçün zəruri addımların atılmadığını vurğulayır.

Jurnalistin sözlərinə görə, tibbi problemlər artıq gündəlik həyatını ciddi şəkildə çətinləşdirir və bu vəziyyətin davam etməsi sağlamlığına real təhlükə yaradır. O, aidiyyəti qurumları qanunla təmin edilmiş tibbi təminat hüququnun bərpası üçün tədbir görməyə çağırıb.

Hafiz Babalı 2023-cü ilin dekabrında “Abzas Media işi” çərçivəsində saxlanılıb. Bu iş üzrə onunla birgə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə də həbs edilib.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. 2025-ci il sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Beynəlxalq media və insan haqları təşkilatları bu işi Azərbaycanda azad medianın susdurulmasına yönəlmiş kampaniyanın tərkib hissəsi kimi qiymətləndirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun