Rusiya və ABŞ arasında Ukrayna üzrə beş saatlıq danışıqlardan sonra komprоmis əldə olunmayıb

Rusiya və ABŞ arasında Ukrayna üzrə beş saatlıq danışıqlardan sonra komprоmis əldə olunmayıb Foto: Kremlin.ru
3 Dekabr 2025
Mətni dəyiş

Dekabrın 2-də Kremlə ABŞ nümayəndə heyəti arasında Ukraynada müharibənin dayandırılması barədə danışıqlar aparılıb. “TASS”ın məlumatına görə, görüş təxminən beş saat davam edib.

ABŞ tərəfini danışıqlarda Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner təmsil edib. Uitkoff görüşdən dərhal sonra ABŞ səfirliyinə yollanıb və jurnalistlərə şərh verməkdən imtina edib.

Putinin müşaviri Kirill Dmitriyev “X” sosial şəbəkəsində danışıqları “məhsuldar” adlandırıb.

Prezidentin digər köməkçisi Yuri Uşakov isə mətbuata açıqlamasında Rusiya və ABŞ qarşısında “böyük perspektivlərin” açıldığını deyib:

“Bəzi məsələlərdə razılaşmağa hazırıq. Bəzi məqamlar tənqid doğurdu. Amma faydalı müzakirə baş tutdu. Hələlik kompromis tapılmayıb və Rusiya və ABŞ liderlərinin görüşü hazırda planlaşdırılmır. Biz konkret formul və qərarlardan çox, mahiyyəti müzakirə etdik. Tərəflər əməkdaşlıq üçün böyük perspektivlər gördüklərini anlayırlar”, – Uşakov bildirib.

Onun sözlərinə görə, tərəflər Ukraynanın mümkün ərazi güzəştləri məsələsində razılığa gələ bilməyib, kompromis sülh planı üzərində razılaşma yoxdur. Uşakov bəzi amerikalı təklifləri Rusiya üçün “qəbulolunan”, bəzilərini isə “qəbulolunmaz” adlandırıb.

O, həmçinin bildirib ki, Moskva Trampın 28 bəndlik ilkin planına əlavə olaraq ABŞ-dən daha dörd sənəd alıb və bu istiqamətdə birgə işi davam etdirməyə hazırdır. Uşakovun sözlərinə görə, müzakirələrdə irəliləyiş olarsa, bu, Tramp və Putin arasında görüş üçün zəmin yarada bilər.

Rusiya Prezidenti Vladimir Putin isə Avropanın Ukrayna müharibəsinin dayandırılması ilə bağlı təkliflərini “qəbulolunmaz” adlandırıb və Rusiyanın Avropa ilə müharibəyə hazır olduğunu bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun