Dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində “İqtisadi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin sədri, “QHT işi” üzrə təqsirləndirilən iqtisadçı Qalib Bayramovun məhkəmə iclası keçirilib.
“Azadlıq Radiosu”nun məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Qalib Bayramov sərbəst ifadə verib və özünü təqsirli bilmədiyini söyləyib.
Bayramov bildirib ki, qrant almayıb, yalnız bir neçə təşkilatın tenderlərinə qatılıb və bağlanmış xidmət müqavilələri əsasında layihələrdə ekspert kimi çalışıb:
“Bu, cinayət deyil. Mənim gördüyüm işi həmin dövrdə başqaları da görürdü. Lakin onların heç biri istintaqa cəlb olunmayıb. Əgər bu iş cinayətdirsə, niyə yalnız mən məsuliyyətə cəlb edilmişəm? Bunu ona görə demirəm ki, başqaları da cinayət məsuliyyətinə cəlb olunsun. Demək istədiyim budur ki, gördüyümüz iş cinayət deyil”, – o deyib.
İqtisadçı əlavə edib ki, heç bir partiyanın üzvü deyil və siyasi proseslərdə iştirak etməyib. Onun sözlərinə görə, layihələr çərçivəsində gördüyü işlərdən biri də dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında tədbirlərin təşkili olub. Bayramov bildirib ki, həmin tədbirlərdə dövlət strukturlarının təmsilçiləri, o cümlədən Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov da iştirak edib və bunu təsdiqləyən videolar internet resurslarında mövcuddur.
Azərbaycanın “açıq hökumət” təşəbbüsünə qoşulan ölkələrdən biri olduğunu xatırladan Bayramov bildirib ki, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin proqramlarına birbaşa qatılmayıb, lakin könüllü fəaliyyəti olub. O vurğulayıb ki, bütün layihə və fəaliyyətləri ilə bağlı kifayət qədər sənəd və müqavilə mövcuddur.
“Qrant haqqında yeni qanundan sonra mən nə Azərbaycandan, nə də digər ölkələrin buradakı nümayəndələrindən qrant almışam. Yalnız tenderlərdə iştirak etmişəm”, – Bayramov əlavə edib.
Məhkəmə prosesi yanvarın 21-də davam etdiriləcək. Qalib Bayramov barəsində istintaq və məhkəmə dövrü üçün polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
“QHT işi” çərçivəsində indiyədək təxminən 15 vətəndaş cəmiyyəti nümayəndəsi cinayət məsuliyyətinə cəlb olunub. Hazırda “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, “Seçki Müşahidə Alyansı”nın direktoru Məmməd Alpay, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, ictimai fəallar Zamin Zəki və Əhməd Məmmədzadə həbsdə saxlanılır.
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və fəal Aytac Ağazadə ölkədən kənarda olduqları üçün axtarışda elan olunub. Digər şəxslər barəsində isə alternativ qətimkan tədbirləri seçildiyi bildirilir.
Təqsirləndirilənlərin hamısı ittihamları əsassız və siyasi motivli sayır.