Qazaxıstan aralıq hesabat yayımlayıb: “AZAL-ın təyyarəsi döyüş başlığının dağıdıcı elementləri nəticəsində zədələnib”

Qazaxıstan aralıq hesabat yayımlayıb: “AZAL-ın təyyarəsi döyüş başlığının dağıdıcı elementləri nəticəsində zədələnib”
25 Dekabr 2025
Mətni dəyiş

Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL-a məxsus Embraer 190 (4K-AZ65) təyyarəsinin qəzəsini araşdıran komissiyası hadisə ilə bağlı aralıq hesabatını açıqlayıb. Sənəddə bildirilir ki, təyyarənin zədələnməsi əsasən döyüş başlığının dağıdıcı elementləri nəticəsində baş verib, lakin bu elementlərin mənşəyini müəyyənləşdirmək hələ mümkün olmayıb.

Hesabata görə, təyyarənin 2 saylı hidravlik sistem borusunda aşkarlanan zədələnmələr də sərt xarici obyektlərlə təmas nəticəsində əmələ gəlib. Qeyd olunur ki, borudakı dəliklər metal ərintisindən (polad əsasında) hazırlanmış xarici cisimlərin təsiri ilə yarana bilər.

“APA”nın məlumatına görə, araşdırma çərçivəsində bir neçə istiqamət üzrə ekspertiza aparılıb:

*Təyyarənin qalıqları arasında aşkarlanan xarici metal obyektlər üzərində izotop, ballistik, partlayıcı və yanğın ekspertizası keçirilib. Hesabatda deyilir ki, partlayıcı maddələrin izinə rast gəlinməyib, həmçinin üç oksigen balonunda aparılan araşdırma da partlayış izlərini təsdiqləməyib. Bununla belə, təyyarənin zədələnməsinin döyüş başlığının dağıdıcı elementləri ilə bağlı olması ehtimalı saxlanılır, amma həmin elementlərin haradan atıldığı bəlli deyil.

*Hidravlik sistemin 2 nömrəli borusu izotop ekspertizadan keçirilib. Nəticədə boruda mexaniki zədələnmə mexanizmi - metalın sərt obyektlərlə təmas nəticəsində parçalanması - təsbit edilib.

*Avionika modulyar blokundan çıxarılmış Mərkəzi Texniki Baxım Kompüterinin (Central Maintenance Computer) kaseti üzərində tədqiqat aparılıb. Güclü termiki təsirə görə kasetdən məlumatların çıxarılması mümkün olmayıb. “Honeywell International Inc” məlumatların bərpası üçün yaddaş kartının istehsalçısı “Delkin Devices Inc” şirkətinə müraciət edilməsini tövsiyə edib. Hazırda komissiya ABŞ nümayəndəsi ilə bu zavodda əlavə tədqiqat aparılması barədə danışıqları davam etdirir.

*№1 və №3 avionika modulyar bloklarından çıxarılmış GPS1 və GPS2 sistemlərinə aid kasetlər də araşdırılıb, texniki işlər başa çatıb, nəticələrin analizi mərhələsi gedir.

Komissiya bildirir ki, hazırda əsas gözlənti Mərkəzi Texniki Baxım Kompüterinin kaseti üzrə tədqiqatın yekunlaşdırılması və münaqişə zonaları üzərindən və ya onların yaxınlığından keçən uçuşların risklərinin qiymətləndirilməsi üzrə işçi qrupun hesabatının tamamlanmasıdır. Qazaxıstan tərəfi vurğulayır ki, araşdırma balanslı aparılacaq və yekun nəticələr yalnız faktlara əsaslanaraq obyektiv şəkildə açıqlanacaq. Son hesabatın Qazaxıstan Nəqliyyat Nazirliyinin saytında dərc ediləcəyi bildirilib.

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus Embraer-190 təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstan ərazisində qəzaya uğramasından 1 il tamam olur. Hadisə zamanı 38 nəfər həlak olub, 29 nəfərin həyatı xilas edilib.

Azərbaycan rəsmiləri qəzaya görə məsuliyyətin Rusiya tərəfində olduğunu bildiriblər. Onların mövqeyinə görə, təyyarəyə məhz Rusiya ərazisində, o cümlədən Qroznı hava limanı istiqamətində uçuş zamanı müdaxilə olunub, bundan sonra hava gəmisinin trayektoriyası dəyişərək Qazaxıstan üzərinə yönəlib. Bakı Rusiyadan hadisəyə görə məsuliyyəti rəsmən etiraf etməyi, günahkarların cəzalandırılmasını və zərərçəkənlərə kompensasiya ödənilməsini tələb edir.

Hadisə iki ölkə arasında müəyyən dövrdə gərginliyə səbəb olub. Kreml əvvəlcə faciə ilə bağlı üzrxahlıq etsə də, Azərbaycanın digər tələblərinin yerinə yetirilməsi ilə bağlı addımlar qeydə alınmayıb. Yalnız oktyabrın 9-da, Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin görüşü zamanı Vladimir Putinin təyyarənin Rusiya ərazisində vurulduğunu etiraf etdiyi, müqəssirlərin cəzalandırılacağı və kompensasiyanın ödəniləcəyi barədə vəd verdiyi açıqlanıb.

Lakin bu vəddən aylar keçməsinə baxmayaraq, Azərbaycanın gözləntilərinin reallaşması ilə bağlı konkret addımlar barədə ictimaiyyətə açıq məlumat verilməyib. Ölkə liderləri arasında son telefon danışığında da bu məsələyə dair əlavə açıqlama yayılmayıb.

Qəza Qazaxıstan ərazisində baş verdiyindən rəsmi araşdırmanı bu ölkənin qurumları aparır. Qərb mətbuatının məlumatına görə, ABŞ də daxil olmaqla bir sıra ölkələr araşdırmaya qoşulmağa hazır olduqlarını bildirsələr də, bu, reallaşmayıb.

Qazaxıstan Nəqliyyat Nazirliyi fevralın 4-də qəzaya dair ilkin hesabatını dərc etmişdi. Həmin sənəddə göstərilirdi ki, Embraer-190 təyyarəsi yer səthi ilə toqquşmazdan əvvəl xarici təsirə məruz qalıb və uçuşdan öncə onun texniki vəziyyəti qənaətbəxş olub. Daha əvvəl səsləndirilən “quş sürüsü ilə toqquşma” və “oksigen balonunun partlaması” ehtimalları isə təsdiqlənməyib.

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həmin ilkin hesabatdan dərhal sonra bəyan etmişdi ki, “hava gəmisi Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları yerinə yetirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib”. Bu, Azərbaycanın təyyarəyə xarici müdaxilə versiyasını bir daha gündəmə gətirib.

Yekun hesabatın nə vaxt açıqlanacağı barədə dəqiq tarix hələ ki, göstərilmir.

Hələlik “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə təyyarə qəzasında xəsarət alanların hər birinə 20 min manat, həlak olanların hər birinin ailəsinə isə 40 min manat məbləğində kompensasiya ödənilməsi barədə qərar elan edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun