Milli Məclis Avropa Parlamentinin Azərbaycanda siyasi məhbusların azadlığa buraxılmasını tələb edən 2025-ci il 18 dekabr tarixli qətnaməsinə cavab verib. Parlamentdə müzakirəyə çıxarılan bəyanatı deputat Şahin İsmayılov oxuyub.
Bəyanatda Avropa Parlamentinin qəbul etdiyi sənəd “qərəzli siyasi akt” kimi qiymətləndirilib, qətnamənin “yalan məlumatlar və saxta iddialar üzərində qurulduğu” iddia olunub. Milli Məclisin sənədində bildirilib ki, qətnamə məhkəmə proseslərinə müdaxilə cəhdi kimi dəyərləndirilir:
“Yalan məlumatlar və saxta iddialar üzərində qurulan, konkret cinayət əməllərinə siyasi don geyindirən bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə kobud müdaxilə etmək üçün göstərilən növbəti uğursuz cəhddir”.
Milli Məclis Avropa Parlamentinin Azərbaycana qarşı “anti-Azərbaycan ritorikasını” davam etdirdiyini də bəyan edib. Sənəddə qeyd olunur ki, COP29 ərəfəsi və COP29 dövründə də Avropa Parlamenti Azərbaycana qarşı “hibrid hücumlarda əsas alətlərdən biri kimi istifadə” olunub.
Bəyanatda Avropa Parlamentində korrupsiya və rüşvətxorluğun “dərin kök saldığı” xüsusi vurğulanıb, qətnamələrin qəbulunu isə “konkret maraq qruplarının məqsədli şəkildə idarə etdiyi” iddia olunub. Milli Məclisin sənədində bu məqamlar geniş şəkildə belə ifadə edilib:
“Korrupsiya və rüşvətxorluğun Avropa Parlamentində dərin kök saldığını göstərən çoxsaylı faktların aşkar edilməsi bu mənfi tendensiyanın həmin qurumun gündəlik fəaliyyətinin mərkəzində dayandığını sübut edir. Müxtəlif maraq dairələrinə ödənişli xidmətlər göstərən Avropa Parlamentinin qətnamələri də, bir qayda olaraq, əldə edilən maddi mənfəətin əvəzi rolunu oynayır.
Müşahidələr göstərir ki, Avropa Parlamenti üzvlərinin əksəriyyətinin səs verdikləri qətnamə layihələrinin nəinki mahiyyəti, hətta mətni barədə heç bir anlayışı olmur. Bu isə Avropa parlamentarizminin düşdüyü acınacaqlı vəziyyətdən xəbər verir. Avropa Parlamentinin siyasi simasının bir sıra xarakterik cizgiləri Azərbaycanla yanaşı, bu qurumun əsassız və cəfəng ittihamları ilə üzləşmiş çoxsaylı ölkələrə də yaxşı məlumdur. Bu qətnamə Avropa Parlamentinin əsl mahiyyətini ortaya qoyur və onun real niyyətlərini ifşa edir”.
Sənəddə Avropa Parlamentinin “islamofob və türkofob meyillərin aşkar ifadə olunduğu platformaya çevrildiyi” də qeyd edilib.
Milli Məclis yekunda Avropa Parlamentinin qətnaməsini “qətiyyətlə rədd etdiyini” bəyan edib və belə qərarların Azərbaycana “heç bir şəkildə təsir edə” bilməyəcəyini vurğulayıb.
Dekabrın 18-də Avropa Parlamenti Azərbaycanda siyasi məhbuslar probleminin kəskinləşməsinə və akademiklərin həbsi ilə bağlı narahatlıqlara dair qətnamə qəbul edib.
Sənəddə 2025-ci ilin əvvəlindən etibarən siyasi motivli ittihamlarla saxlanılanların sayının sürətlə artaraq təxminən 400 nəfərə çatdığı bildirilib.
Qətnamədə qeyd olunub ki, Azərbaycanda əsassız saxlanılanlar sırasında ictimai fəallar, müxalifət liderləri, jurnalistlər, eləcə də son dövrlərdə akademiklər və ölkədən kənarda yaşayan tənqidçilər də var. Avropa Parlamenti bu artımı siyasi motivli həbslərin genişlənməsi kimi qiymətləndirir və hakimiyyəti ümumi repressiya mühitinə son qoymağa çağırıb.