Dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə “Meclis.info işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesdə təqsirləndirilən İmran Əliyev, polis nəzarətində saxlanılan Elgiz Qəhrəman və Tamella Musayeva iştirak ediblər.
İclasda şahidlər dindirilib. Şahid qismində ifadə verən “German Marşal Fondu”nun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli bildirib ki, təqsirləndirilənlərdən yalnız İmran Əliyev və Elgiz Qəhrəmanı tanıyır.
Rəhimlinin sözlərinə görə, İmran Əliyevin rəhbərlik etdiyi “Meclis.info” platforması bir layihəyə dəstək üçün GMF-ə müraciət edib və bundan sonra tərəflər arasında xidmət müqaviləsi əsasında əməkdaşlıq başlayıb. O qeyd edib ki, müqavilə bağlandıqdan sonra GMF-in Vaşinqtondakı bank hesabından “Meclis.info”nun Azərbaycandakı bank hesabına vəsait köçürülüb.
“İmran müvafiq vergiləri ödədikdən sonra yerdə qalan vəsaiti layihəyə sərf edib. Heç vaxt İmran Əliyevlə qrant müqaviləsi imzalamamışıq”, – deyə Mehriban Rəhimli bildirib.
Şahidin sözlərinə görə, qurum layihənin icrasını davamlı nəzarətdə saxlayıb və hər hansı problem müşahidə olunmayıb. Rəhimli əlavə edib ki, layihə çərçivəsində millət vəkilləri və dövlət xadimləri ilə ictimai müzakirələr təşkil edilirdi.
Mehriban Rəhimli Elgiz Qəhrəmanı sosial şəbəkələrdən ictimai fəal və keçmiş siyasi məhbus kimi tanıdığını da deyib. Daha sonra digər şahidlər də ifadə veriblər.
Məhkəmə iclasa gəlməyən 5 şahidin məcburi qaydada gətirilməsi barədə qərar çıxarıb. Növbəti proses 2026-cı il yanvarın 27-nə təyin edilib.
İmran Əliyev 2024-cü il aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham verildiyi, daha sonra ittihamların genişləndirildiyi bildirilir. Elgiz Qəhrəman və Tamella Musayeva isə həmin iş üzrə 2025-ci ilin fevral ayında cinayət məsuliyyətinə cəlb olunub və onlar barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Hazırda hər üç şəxs barəsində 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 8 ağır maddə ilə ittiham irəli sürülüb. Yerli və beynəlxalq hüquq müdafiəçiləri “Meclis.info işi”ni siyasi motivli sayır və təqsirləndirilən şəxslərin azadlığa buraxılmasını tələb edirlər.
Foto: sosial media, Elgiz Gahraman