Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib

Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib
1 Dekabr 2025
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib. Qərar dekabrın 1-də Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükurovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Əli Kərimli barəsində Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – (hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ilə ittiham irəli sürülüb. Bu maddə sübuta yetirilərsə, AXCP sədri üçün on iki ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Əli Kərimli noyabrın 29-da saxlanılıb. Onun evində axtarış aparılıb.

Hökumətyönlü media saxlanılmaların və axtarışların Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı davam edən Ramiz Mehdiyev işi ilə əlaqəli olduğunu yazıb.

AXCP sədri Əli Kərimli bundan əvvəl Ramiz Mehdiyevlə əməkdaşlıq etdiyi barədə iddiaları “tamamilə əsassız” adlandırıb və ittihamları qəti şəkildə təkzib edib. Partiya rəhbərliyi baş verənləri “hakimiyyətin növbəti repressiv kampaniyası” kimi qiymətləndirir.

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Oktyabrın 14-də Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun