Prezident İlham Əliyev 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.
Layihədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin, eləcə də həmin əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Sənəddə, həmçinin “Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı” nəticəsində əlil olmuş şəxslər, qadınlar, 60 yaşına çatmış şəxslər və cinayət törədərkən yetkinlik yaşına çatmayanlar da daxil olmaqla digər kateqoriyalar üzrə amnistiya tətbiqi qeyd edilir.
Layihəyə görə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə, eləcə də ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrum edilmiş bəzi şəxslərin cəzadan azad olunması və ya cəzalarının çəkilməmiş hissəsinin azaldılması da mümkündür.
Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Proqnozlara əsasən, 5 mindən çox məhkum azadlıqdan məhrumetmə cəzasından azad edilə, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin isə cəzası azaldıla bilər.
Azərbaycanda sonuncu amnistiya aktı 2021-ci il noyabrın 5-də “8 Noyabr - Zəfər Günü” münasibətilə qəbul edilib və ümumilikdə 17 267 nəfərə şamil olunub.
president.az